Düşünən və düşündürən elm adamının portreti üzərinə


No description available.
Sevinc Əliyeva
dosent

Müdriklər deyiblər ki, Tanrı tərəfindən seçilmiş insanlar hələ dünyaya göz açmamışdan onların varlığında həyat eşqi, Allah sevgisi yatır. Bu sevgi zaman-zaman vətənə, dostlara, ailəyə, sənətə, elmə və s. paylanır. Elə haqqında bəhs etdiyimiz prof. Nizami Tağısoyun da taleyinə belə yazılıb. Sanki bu müqəddəs adlar üçün lazım olan bütün keyfiyyətləri öz şəxsiyyətində ümumiləşdirmiş bu insanın həyat yolunu Ulu Tanrı özü müəyyənləşdirib. Elmi axtarış onun iç dünyasının, mənəvi həyatının, maddi varlığının daxili tələbatına çevrilib.

Ömrünün müdriklik çağını yaşayan filologiya elmləri doktoru, professor Nizami Tağısoy bu gün də yorulmaq bilmədən gənclik enerjisi ilə elmi axtarışlarını davam etdirir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, eləcə də Bakı Slavyan Universitetində keçirilən hər hansı bir nüfuzlu elmi tədbiri Nizami müəllimsiz təsəvvür etmək olmur. Çünki onun içində həyatının mənasını əks etdirən elmi əsərləri, monoqrafik araşdırmaları nəinki Azəraycan elmi-nəzəri fikri, vətənimiz üçün, eləcə də bütün türk dünyası üçün böyük əmanətdir. Çünki Nizami müəllim öz peşəsinin, elmi araşdırmalarının vurğunu, bu axtarışlarda doğma vətəninin, tarixinin, dilinin, ədəbiyyatının vurğunu kimi çalışır. Tam səmimi olaraq söyləmək olar ki, onun yüksəldiyi bugünkü zirvə yaşdan daha çox, elmlə, ağılla, şərəflə bağlı olan məsələdir.

Deyirlər adının, soyadının möhürünü vurmuş elm adamlarının sayı qədər mənalı deyimlər, rəngarəng çalarlar var. Çünki əsl elm adamının öz dəsti-xətti, öz daxili mənəvi dünyası, öz həyat baxışları olur. Bu mənada uzun illərdir türk xalqlarının folkloru, etnogenezi, epik təfəkkürü, klassik və müasir ədəbiyyatı ilə bağlı araşdırmalar aparıb, uğurlu elmi nailiyyətlər əldə etmiş Nizami Tağısoy elm sahəsində bu gün də yorulmadan və səmərəli fəaliyyət göstərməkdədir.

Onun müxtəlif illərdə qələmə aldığı “Səməd Vurğun dramaturgiyası rus dilində”, “Nəsrin axarı: zaman və məkan konteksti”, “Şilyan: özü, sözü – çeşmənin gözü”, “Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər”, “Etnos və epos: keçmişdən bugünə”, “Qaraqalpaq ədəbiyyatı”, “Meyxanənin poetikası”, “Qaraçay ədəbiyyatı”, “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində”, “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa”, “Nəsiminin dini-fəlsəfi təlimində Haqqın və İnsanın dərki” və başqa bu kimi yüzlərlə elmi məqalə və məruzələrində biz Nizami müəllimin ədəbi-bədii və fəlsəfi-estetik düşüncələrinin nə qədər həyati əhəmiyyət kəsb etdiyini görürük. Bu kitablardakı elmi yanaşma və konsepsiyalar, həm də ictimai-həyati səciyyə daşımaqla insanlığa və həyata, bəşəri duyğulara verilən dəyərlər çeşidli rakurslardan professorun elmi-nəzəri konsepsiyasını müəyyən edir. Buna söykənərək deyə bilərik ki, bu kitablar müəllifin insanlıqla, həyatla, bir sözlə, cəmiyyətlə özü arasında olan qarşılıqlı dialektik əlaqalərinin göstəricisinə çevrilir. Mövzusundan asılı olmayaraq, Nizami Tağısoyun əsərlərində aparıcı xətt şəxsiyyət və insandır. Çünki milyon illərdir bəşər övladı dünyaya göz açandan məhz insan nəfəsi ilə qızınır. Əlbəttə, kainatı, yeri-göyü qızdıran Günəşdir. Lakin insan məhəbbəti, qayğısı Günəş enerjisindən daha artıq istilik verir. İnsan özünü və dünyanı nə qədər çox dərk etsə, bir o qədər sərbəst və azad olar. Nizami Tağısoyun nəfis şəkildə tərtib etdiyi analitik xarakterli əsərlərində elm aləminə, oxuculara təqdim olunmuş kitablarında yeni-yeni ədəbi meyllərin, yeni cərəyan və metodların, komparativist mövqe həyati və ictimai-elmi məqamların açılması daim onların dəyərli mənbə olacağına ümidlərimizi artırmaqdadır.

Haqq deyimdir ki, xeyirxahlıq bizə babalardan qalan əmanətdir. Bu gün bu missiyanı şərəflə yaşadan və irəli aparan professor Nizami Tağısoy özünə, sənətinə, ailəsinə, tələbələrinə qarşı olduqca tələbkar və məsuliyyətli, məsuliyyətli olduğu qədər də xeyirxah, qayğıkeş bir insan kimi yaddaşlarda yaşayır. Ümumiyyətlə, xoş amallarla yaşayan insanlar Tanrının xoşbəxtlik əta etdiyi tale sahibləridir. Bu mənada Nizami müəllim də həyatın çətin məqamlarını özü və ətrafındakı insanlar üçün yaşam formulu kimi müəyyənləşdirmişdir. Bu da maraqlıdır ki, hər bir fərdin özünün taleyindən asılı olan hər nə varsa, həm də insanın özünün əməlindən asılı olur. Axı həyatı insanlaşdıran və rövnəqləndirən insandır. Buna görə yaxşılıq etməyi özünə meyar seçmiş, cəmiyyətimizdə böyük nüfuz sahibi olan Nizami müəllim kimi insanlara bu mənada gərəyincə dəyər verilməlidir.

Nizami müəllimin poetik dünyası da özəldir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Tağısoy “Axtaracaqsan məni”, “Bəlkə dünya öz yolunu çaşıbdı” və başqa bu kimi şeirlər və poemaları ilə yanaşı, həm də “Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya” povesti və digər əsərləri ilə də oxucuların ürəyinə yol tapmışdır. Şeir və poemalarının bir hissəsi şair-mütərcim Giya Paçxataşvili tərəfindən rus dilinə çevrilərək “Mənim Azərbaycanım” adı altında oxuculara təqdim edilmişdir. Şeirlərindən bir neçəsinə Cavanşir Quliyev və Razim Paşayev kimi bəstəkarlar mahnılar yazmışlar. Nizami Tağısoy adiliyində belə qeyri-adilik axtarmaq onun fərdi yaradıcılıq duyğuları ilə qələmə aldığı əsərləri insanlara xas olan ali keyfiyyətlərin ifadəçisi kimi başa düşülməlidir. Onlar ifadəli olduğu qədər mənalı və ahəngdardır, yeni və orijinal hecalar və qafiyələrlə zəngindir. Mənəviyyatca zəngin olanlar, mənəvi zənginliyə qovuşmağı həyatının amalı, ömrünün məqsədi seçən alimlər, həm də milli-mənəvi dəyərlərimizin keşiyində duranlardır. Mənəviyyatca zəngin olmaq arzusu ilə yaşayanlar, zənginliyə qovuşmaq istəyənlər də məhz Nizami müəllimdə olan ürək sahibləridir. Əqli qüdrəti, şəxsiyyətinin bütövlüyü etibarilə Nizami müəllimin əsərlərindən belə qənaətə gələ bilərik ki, vətənpərvərlik duyğuları insanda vətəni sevməkdən, tanımaq və tanıtmaqdan ibarətdir. Buna görə də heç də hər kəsə vətəndaşlıq borcunu dərk edərək öz vəzifə borcunu yerinə yetirmək nəsib olmur. Elmə, sənətə, öz vəzifəsinə zərgər dəqiqliyi ilə yanaşan Nizami Tağısoy “İnsanlıq” adlı uca zirvəni sözünün, fikirlərinin, qələminin gücü ilə fəth edib. Bəlkə də buna görədir ki, o, həyata nikbin, tükənməz sevgi və enerji ilə yanaşır. Nə edirsə, sevgi ilə edir, nə yazırsa, həvəslə, şövqlə yazır. Qeyd etdiyimiz bütün bu cəhətlər onun öz ailəsinə, ətrafındakı iş yoldaşlarına, dostlarına, həmkarlarına, doğmalarına, tanışlarına qarşı münasibətdə də aydın hiss olunur.

Tərcümə nəzəriyyəsi və bədii tərcümə məsələləri ilə də müntəzəm məşğul olan professor Nizami Tağısoy Azərbaycan türkologiyasında ilk dəfə olaraq qıpçaq türklərindən olan qövmlərin folklor yaddaşına müraciət etmiş, “Qaraqalpaq xalq nağılları”nı Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır. Bunlarla yanaşı, Nizami Tağısoy digər müəlliflərlə-(professor Rafiq Manafoğlu və professor Rüstəm Kamalla birlikdə) Azərbaycanda ilk dəfə olaraq “İzahlı tərcüməşünaslıq terminləri lüğəti”ini, qazax qəhrəmanlıq eposu “Koblandı-batır”ı, Muxtar Auezovun “Yasa bürünmüş gözəl” povestini (Azərbaycan jurnalı, 2017, № 7-8. s.184-191), “Hacıniyaz. Şeirlər” (dosent Şəbnəm Məmmədli ilə birgə) tərcümə edərək həm elm aləminə, həm də mütəxəssis və oxucuların müzakirəsinə vermişdir. Adlarını sadaladığımız əsərlər göstərir ki, dəyərli professor Nizami Tağısoy ürəyi elm alovu ilə yanan bir insan olmaqla, həm də şəxsiyyətində insanı vəcdə gətirəcək bir zəhmət, gərgin iş qrafiki, elmə, sənətə həyat eşqi ilə yanaşandır. Bu cür fazil şəxsiyyətlər Allahın dünyaya vəd və qismət etdiyi kamil insanlardır. Alimlik adı isə Tanrının insana bəxş etdiyi ən ali, uca rütbələrdən hesab edilməkdədir. Bu da məlumdur ki, bu aliliyi də heç də hər kəs halallıqla əldə edə bilmir. Belələrinin sayı, əlbəttə, olduqca azdır. Alimlik adını hallalıqla, öz zəhməti sayəsində Tanrıdan əta edən professor Nizami Tağısoy nəcib insani keyfiyyətləri özündə birləşdirməklə əsərlərinin mahiyyətinə daim kamillik kimi ali məqsəd yükləməkdədir. Onu kamillik zirvəsinə aparan başlıca meyar da məhz dinamik fəaliyyəti, daxili enerjisi və potensiyası, türk dünyasında geniş tanıdan müəllifi olduğu kitablarıdırsa, digər tərəfdən işinə can yandırması, sanki Allahla ünsiyyətdə olması ilə bağlıdır.

Müasir ədəbiyyat tarixçiliyimizdə öz dəsti-xətti, yorulmaz və səmərəli fəaliyyəti ilə türk dünyasında geniş tanınan professor Nizami Məmmədov Tağısoyun elmi əsərləri ilə tanış olduqca insanda qibtə ediləcək təəssürat, fikir, qənaət formalaşır. Zənnimizcə, elə qədim dövr müdriklərinin fikirləri də belə kəlam formasına düşərək insanlar arasında təzahür etmiş, dildən-dilə, ağızdan-ağıza keçərək, ötürülərək yayılmışdır.

Belə bir deyim var: “İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir”. “İnsan var çəpər kimidir, qarşını kəsir, heç nə görə bilmirsən”. İnsan var, ayna kimidir, dünyanı sənə göstərməyə çalışır, insan da var ki, güzgü kimidir, səni özünə göstərməyə çalışır”. İnanırıq ki, geniş elm ictimaiyyətinə təqdim etdiyimiz Nizami Tağısoyun 75 illik ömrünün həyat portreti onun insani keyfiyyətlərinin əməli nəticəsi, hörmət və ehtiramının xatirəsi, onun haqqında qələmə alınmış qiymətli fikir xəzinəsi olaraq, həm də bizi özümüzə göstərməyə vəsilə olacaqdır !...

Hörmətli və dəyərli təfəkkür sahibi professor Nizami Tağısoyu mən də 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram! Qələminiz iti, zehniniz dərin, zəkanız hüdudsüz olsun, Nizami müəllim! Gələcək yubileylərdə görüşənədək! Allah amanında!..


MANŞET XƏBƏRLƏRİ