Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
V Yazı
Ağqoyunlu- Karaman münasibətləri
Əfşar boyuna mənsub Karaman əmirliyi (1250-1487) mühüm hərbi strateji məntəqə idi, Ağqoyunlular üçün Aralıq dənizinə çıxış yolu idi. Osmanlı İmperiyasının iki başlıca düşməni-Ağqoyunlu dövləti və Venesiya respublikası məhz burada birləşə bilərdilər.Ağqoyunlu Sultanı Uzun Həsənin Qərbi Avropa ilə diplomatik danışıqlar üçün göndərdiyi elçilər Karaman ərazisindən keçib gedirdilər.Karaman Osmanlı dövləti ilə qonşuluqda müstəqil dövlət kimi qaldıqca II Mehmedin Qərbdəki fəthləri möhkəm ola bilməzdi.
Bundan başqa, Karaman Osmanlı dövlətinə qarşı Ağqoyunlu dövlətinin əski müttəfiqi idi. Kiçik Asiyada II Mehmmedlə rəqabətə girən Uzun Həsən Osmanlı İmperiyasının Karamanda möhkəmlənməsini istəmirdi.
Belə bir şəraitdə 1464-cü il avqustun 4-də Karaman əmiri İbrahim öldü. O, sağlığında böyük oğlu İsaqı özünə vəliıhd təyin etmişdi. Karamanı öz ölkəsinə birləşdirmək üçün şəraitin yetişdiyini görən Sultan II Mehmed İbrahimin Pir Əhməd başda olmaqla digər oğlanlarını İsaqa qarşı qaldırdı.Osmanlı Sultanından yardım alan Pir Əhməd digər qardaşları ilə birləşərək İsaqı məğlub etdi və Karaman taxtına əyləşdi.
Osmanlı sultanının hərbi qüvvələrinə arxalanan Pir Əhmədi hakimiyyətdən salmaq üçün İsaq Uzun Həsənə müraciət etdi.Pir Əhməd isə II Mehmeddən təkrarən kömək istədi.Ağqoyunlu dövləti və Osmanlı dövləti üçün Karamanın daxili işlərinə qarışmaqdan ötrü əlverişli vəziyyət yarandı.Lakin II Mehmed bu zaman macar kralı Matvey Korvinə qarşı hərbi səfərdə idi.Bu əlverişli vəziyyətdən istifadə edən Uzun Həsən İsaqın müraciətini qəbul etdi. O, Karamana hücum etdi və Osmanlı hərbi qüvvələri ilə birləşən Pir Əhmədi məğlub edərək İsaqı Karaman taxtına əyləşdirdi. Pir Əhməd II Mehmeddən yenidən kömək göstərməsini xahiş etdi.Osmanlı dövləti Karamana təcili qoşun göndərdi. Bundan istifadə edən Pir Əhməd Osmanlı İmperatorluğu ordusuun köməyi ilə ikinci dəfə,1465-ci ilin baharında Karaman taxtını ələ keçirdi.
İsaq Uzun Həsəndən kömək almaq məqsədi ilə onun yanına qaçdı.Lakin Cahanşahla həlledici döyüşə hazırlaşan Ağqoyunlu hökmdarı bu dəfə öz müttəfiqinə yardım edə bilmədi.
Karaman hadisələrinin birinci mərhələsi başa çatdı.Uzun Həsən hadisələrin başlanğıcında təşəbbüsü ələ alsa da, öz uğurlarını möhkəmləndirə bilmmədi.Osmanlı sultanının əlaltısı olan Pir Əhməd Karamanda hakimiyyəti ələ keçirə bildi.
1468-ci ilin baharında II Mehmed yaxşı təlim görmüş Osmanlı ordusunun başında Anadoluya çıxdı. Osmanlı sultanı Ağqoyunlu dövlətini Venesiya ilə birləşə biləcəyi yeganə məntəqə olan Kramana tələsirdi.Məsələ burasında idi ki, Karaman hökmdarı Pir Əhməd Osmanlı dövlətinin köməyi ilə hakimiyyətə gəlsə də,müstəqilliyini tamamilə itirmək istəmir, Sultan II Mehmedə tabe olmurdu.Buna görə də Osmanlı sultanı Karamanı tamamilə Osmanlı torpaqlarına qatmaq qərarına gəldi.Beləliklə, II Mehmed Osmanlı qoşunlarından qat-qat az hərbi qüvvəyə malik olan Pir Əhmədi məğlub edərək, asanlıqla Karamanın paytaxtı Konyanı aldı.Karamanın paytaxtını aldıqdan sonra Sultan II Mehmed oğlu Mustafanı bu ölkəyə canişin təyin etdi və Venesiya ilə müharibəni başa çatdırmaq üçün İstanbula döndü.Karamanda hərbi əməliyyatı başa çatdırmaq baş vəzir Mahmud paşaya həvalə edildi.
Beləliklə,Karamanda möhkəmlənmək uğrunda Ağqoyunlu –Osmanlı mübarizəsinin ikinci dövründə Osmanlı dövləti uğur qazandı.Ağqoyunlu hökmdarı Karamana hərbi yardım göstərə bilmədi.Lakin ölkənin dağlıq yerlərində, xüsusilə Aralıq dənizi sahillərində möhkəmlənən Karaman şahzadələri Pir Əhməd və Qasım bəy Osmanlı dövlətinə qarşı savaşı davam etdirdilər.Onlar baş vəzir Mahmud paşa üzərində bir sıra qələbələr əldə etdilər. Karamanın sahil bölgəsi və sahilləri yenə də Karaman şahzadələrinin əlində qaldı.Beləliklə,sultanın iki təhlükəli düşməninin yenə Aralıq dənizi vasitəsilə ona qarşı birləşmək ehtimalı tamamilə aradan qaldırılmadı.
“Karaman məsələsi”ni diqqət mərkəzində saxlayan II Mehmed,bir-birinin ardınca Osmanlı ordusunda şöhrət tapmış Rumlu Məhəmməd paşanı (1469),İsaq paşanı (1470) və Gədik Əhməd paşanı (1471) bura göndərdi.
Uzun Həsən sultandan Karaman işlərinə qarışmamağı tələb etdisə də heç bir nəticə vermədi.Körkəmli diplomat Sara Xatun II Mehmed ilə Karamanı öz keçmiş hökmdarlarına qaytarmaq haqqındakı danışıqları da faydasız qaldı.
Karaman üstündə Ağqoyunlu-Osmanlı mübarizəsinin iki ölkə arasında 1472-1473-cü illər müharibəsi ilə nəticələnəcək üçüncü dövrü başlandı.
Ağqoyunlu-Osmanlı savaşı
Uzun Həsən Osmanlı dövlətinə qarşı müharibəyə hazırlaşmaqla yanaşı, Ağqoyunlu dövlətinin torpaqlarını genişləndirməyə çalışırdı.O, Ağqoyunlu dövlətinin qılınc gücünə genişləndirdiyi ərazisini daha da böyütməyə çalışırdı.Ağqoyunlu dövləti Avropa ölkələri ilə arasında bilavasitə ticarət əlaqəsi yaratmaq üçün Aralıq dənizinə və Qara dənizə çıxış yolu əldə etməyə,Bosfor və Dardanel boğazlarını ələ keçirməyə çalışırdı.Bunun üçün Osmanlı dövlətini aradan götürmək lazım idi.
Beləliklə,Təbrizdə Uzun Həsənin sarayında Osmanlı dövlətini Kiçik Asiyanın siyasi xəritəsindən götürmək planı hazırlanırdı.Ağqoyunlu hökmdarının hərbi əməliyyat planında,Venesiya başda olmaqla Avropa dövlətlərinin qərbdən vahid cəbhədə Osmanlı dövlətinə qarşı hücuma keçməsi əsas yerlərdən birini tuturdu.Uzun Həsənin planına əsasən Ağqoyunlu dövləti və Venesiya respublikası eyni zamanda hücuma keçməli,beləliklə Osmanlı hərbi qüvvələri iki cəbhəyə parçalanmalı idi. Müttəfiqlər Aralıq dənizinin Karaman sahilində görüşməli və burada Ağqoyunlular Venesiyadan odlu silah almalı idilər.
Uzun Həsən Osmanlılara qarşı Karamana silahlı yardım göstərmək qərarına gəldi.II Mehmed tərəfindən taxt-tacından məhrum edilmiş Karaman şahzadələri Pir Əhməd və Qasım bəy,1471-ci ildə Osmanlılar tərəfindən zəbt edilmiş Alaiyə (Alanya) bəyliyinin hökmdarı Arslan bəy və başqaları Uzun Həsəni Osmanlı dövlətinə qarşı müharibəyə tələəsdirirdilər.Karaman,Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında müharibə söhbətinə çevrilirdi.Qarşıdakı müharibədə qələbə Karamanın kimin əlində olmasından asılı idi.
Ağqoyunlu Sultanı Uzun Həsən Karamanı almaq və bununla da Venesiya respublikasının hərbi qüvvələri ilə birləşmək üçün öz qoşunlarına döyüş əmri verdi.Beləliklə Ağqoyunlu dövləti 1472-ci ilin baharında Osmanlı dövlətinə qarşı müharibəyə başladı.Bitlisdə Ağqoyunlu hərbi qüvvələrinin rəsmi keçidi oldu.Venesiya diplomatı Katerino Zeno Osmanlılara qarşı hərbi əməliyyata başlayan bu qüvvələrin 40 min cəsur döyüşçü, 60 min nəfər isə onların “qulluqçularından” ibarət olmaqla 100 min nəfər əsgərə çatdığını göstərir.Katerino Zeno Ağqoyunlu süvarilərini çox tərif edir,döyüşçülərin ucaboylu və çox qüvvətli olmasından,geyimlərindən və silahlarından müfəssəl danışır.O, Ağqoyunluların silahlarından danışarkən odlu silahların adını çəkmir.
Beləliklə, Bəktaş oğlu Ömər bəyin başçılıq etdiyi Ağqoyunlu süvariləri Karamanı azad etmək üçün 1472-ci ilin baharında Bitlisdən Tokata doğru hərəkətə başladılar.Karaman şahzadələri Pir Əhməd,Qasım bəy habelə bir çox keçmiş Anadolu hökmdarları da Ağqoyunlu ordusunda idilər.Yol boyu Osmanlı torpaqlarını asanlıqla fəth edən Ağqoyunlular 1472-ci ilin avqustunda Şərqi Anadoluda mühüm strateji məntəqə olan Tokatı aldılar.
Tokatın fəthi Osmanlı dövlətində böyük hay-küyə səbəb oldu.Bu qələbədən sonra Bəktaş oğlu Ömər bəy öz sərəncamında olan ordunun bir qismi ilə geri qayıtdı.Osmanlı dövlətinə qarşı hərbi əməliyyatın qızğın çağında Ağqoyunlu qüvvələrinin burada nə üçün parçalandığının səbəbi haqqında mənbələrdə heç bir məlumata rast gəlmirik.
Ağqoyunlu süvarilərinin 20 min nəfərlik digər hissəsi isə Karaman istiqamətində hücumu davam etdirdi.Karamana doğru hərəkət edən Ağqoyunlu süvarilərinə Uzun Həsənin qardaşı oğlu Mirzə Yusif xan başçılıq edirdi.
Mizə Yusif xanın qüvvələri qısa müddət ərzində Kayserini,Aksaray, Akşehiri alaraq Karamana daxil oldular.Karaman Ağqoyunlular tərəfindən alındı.Şahzadə Mustafanın başçılıq etdiyi Osmanlı qoşunları II Mehmedin əmri ilə geri çəkildi.Osmanlı dövlətində belə xəbər yayılmışdı ki, guya Osmanlı ordusuna qarşı hərbi əməliyyata başlamış Ağqoyunlu qoşunlarına Uzun Həsən başçılıq edir.Görünür II Mehmed bilavasitə özü başçılıq etmədiyi üçün Osmanlı qoşunlarının Uzun Həsən kimi təcrübəli sərkərdə tərəfindən məhv olunacağından ehtiyat edib oğluna geri çəkilmək əmri vermişdi.
Mirzə Yusif xanın başçılıq etdiyi Ağqoyunlu süvariləri Karamanı almaqla kifayətlənməyib, Bursa istiqamətində hücumu davam etdirdilər.
Beləliklə, Ağqoyunlu hərbi qüvvələri Bitlis-Tokat-Akşehir-Konya istiqamətində, qısa müddət ərzində Osmanlılar üzərində qələbələr əldə etdilər.Ağqoyunlu süvariləri sürətli hücumla Bursa yaxınlığına qədər gəlib çatdılar.Karaman əmirliyi Ağqoyunlular tərəfindən ələ keçirildi.Bununla da Venesiyadan odlu silah almaq üçün əlverişli vəziyyət yarandı.Lakin ikiüzlü siyasət yeridən Venesiya hökuməti,əldə edilmiş razılığın əksinə olaraq,Ağqoyunlularla eyni zamanda hücuma keçmədi.Venesiya respublikası dinc yolla Osmanlı dövləti ilə razılığa gəlmək ümidində idi.Venesiya diplomatı İosafat Barbaronun müşayiəti ilə Ağqoyunlular üçün göndərilən Venesiya artilleriyası isə gecikdi. Bundan başqa Sultan II Mehmed casuslarının köməkliyi ilə Ağqoyunlu hərbi qüvvələrinin çox hissəsinin hələ Tokatdan geri qayıtdığını və hərbi əməliyyata Uzun Həsənin başçılıq etmədiyini öyrəndilər.Buna görə də Osmanlı sultanı öz oğluna vaxt itirmədən Ağqoyunlulara qarşı əks-hücuma keçmək əmri verdi. Bu zaman şahzadə Mustafanın başçılığı altında 60 min nəfərə qədər Osmanlı imperatorluq ordusu əsgəri var idi. Nəticədə uzun yol keçmiş,arxasından aralı düşmüş, yorğun və Osmanlı hərbi qüvvələrindən qat-qat az olan Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında Osmanlı ordusu tərəfindən məğlub edildilər. Karaman təkrarən Osmanlılar tərəfindən fəth edildi. Karaman şahzadəsi Qasım bəy ölkəsinin dağlıq sahil bölgəsində Osmanlı dövlətinə qarşı yenidən mübarizəyə başladı.
Vəziyyətin təhlükəli olduğunu görən Uzun Həsən 1472-1473-cü illər arasında Məmlük sultanlığının (Misirin) Fəratın sağ sahilindəki torpaqlarına hücum edərək, Suriya və Fələstin vasitəsilə Aralıq dənizi sahilinə yol açmağa çalışdı.Lakin buna müvəffəq ola bilmədi.
Osmanlı sultanı da Ağqoyunlu dövlətinə qarşı müharibəyə böyük hazırlıq görmüşdü.Mənbələrdə və ədəbiyyatda Ağqoyunlulara qarşı səfərbərliyə alınmış Osmanlı əsgərlərinin sayı haqqında müxtəlif rəqəmlərə rast gəlirik.Lakin Ağqoyunlulara qarşı savaşan Osmanlı hərbi qüvvələri ilə birlikdə hərəkət edən və 1472-1473-cü illər Ağqoyunlu-Osmanlı savaşının şahidi olmuş italiyalı Covanni Maria Ancolellonun məlumatı daha inandırıcıdı.Ancolellonun göstərdiyinə görə II Mehmed Uzun Həsənə qarşı müharibəyə 220 minə qədər əsgəri qüvvə səfərbər etmişdi.Katerino Zeno və türk tarixçisi İbn Kamal da Ağqoyunlulara qarşı təqribən bu qədər əsgəri qüvvə səfərbər edildiyini göstərirlər.
Malatya savaşı
II Mehmed 1473-cü ilin baharında güclü artilleriyanın müşayiət etdiyi bir ordunun başında Ağqoyunlulara qarşı Ərzincana tərəf hərəkət etdi. Ərzincanda Uzun Həsənin də sultana qarşı hərəkət etdiyi məlum oldu. Lakin Ağqoyunlu hökmdarı Osmanlı hərbi qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı.Osmanlılar Fəratın sağ sahili ilə Malatya yaxınlığına qədər irəlilədilər. Burada, çayın sol sahilində Ağqoyunlu hərbi qüvvələrinin mövqe tutduğu aydın oldu. Həmin yerdəcə Fəratın sağ sahilində Osmanlı hərbi qüvvələri düşərgə saldı. Beləliklə, o dövrün bir-biri ilə rəqabət aparan Oğuz Türklərinin iki məşhur sərkərdəsi- Uzun Həsən və Sultan II Mehmed öz qoşunları ilə Fərat sahillərində qarşı-qarşıya dayanmışdılar.Türkiyə tarixçisi İsmail Hakkı Uzunçarşılı Malatya yaxınlığında Fəratın sağ sahilində Osmanlı İmperatorluq ordusu ilə üz-üzə dayanmış Ağqoyunlu əsgərlərinin 70 min nəfərdən ibarət olduğunu göstərir.Osmanlı qoşunlarının Ağqoyunlulardan çox olduğunu belə bir fakt da sübut edir ki, Uzun Həsən Fatih II Mehmedin hərbi düşərgəsini müşahidə edərkən Osmanlı qoşunlarının çoxluğundan heyrətə gəlmişdi.Osmanlı hərbi qüvvələrindən qat-qat az olan,lakin o zaman Yaxın və Orta Şərqin ən cəngavər süvariləri sayılan Ağqoyunlu hərbi qüvvələrinə hökmdarın oğulları Uğurlu Məhəmməd, Xəlil bəy və Zeynal bəy də daxil olmaqla Uzun Həsənin ən məşhur sərkərdələri başçılıq edirdilər.
Qəribə vəziyyət yaranmışdı.Qoşunlardan heç biri-nə Ağqoyunlular,nə də Osmanlılar çayı keçib hücum etməyə cəsarət gösərmirdilər. Ağqoyunlular üçün Fəratı adlayıb hücuma keçmək heç əlverişli deyildi. Çünki onlar həm az idilər,həm də düşmən toplarının atəşi altında tələf ola bilərdilər.Bu cür vəziyyətdə Uzun Həsən keçmiş döyüş təcrübələrindən istifadə edərək,belə plan düzəltdi: Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda dayanmalı idi.Bir dəstə Ağqoyunlu atlısı isə hücum edə-edə Fəratı keçməli idi. Osmanlı qoşunu bu dəstəyə hücum etdikdə,onlar geri çəkilməli, Osmanlı qüvvələrini Fəratın sol sahilinə keçirməli idilər.Bu zaman Uğurlu Məhəmmədin qoşunları düşməni arxadan mühasirəyə almalı idi.
Beləliklə,1473-cü il avqustun 1-də Fəratın sahilində Ağqoyunlularla Osmanlılar arasında 3 saatadək davam edən şiddətli döyüş baş verdi.Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və II Mehmedi ağır məğlubiyyətə uğratdılar. Malatya savaşı adlanan bu meydan savaşında Osmanlı qoşunlarının zərbə qüvvəsi məhv edildi.Malatya məğlubiyyəti Osmanlı qoşununda intizam pozulmasına və böyük ruh düşgünlüyünə səbəb oldu. Qələbə ümidini itirən Osmanlı Sultanı II Mehmed döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu Sultanı Uzun Həsənin yanına göndərdi.Lakin Uzun Həsən II Mehmedin sülh təklifini qəbul etmədi.