İranın ətrafında dairə daralır – uzağı avqusta qədər...


İran ətrafında siyasi və diplomatik vəziyyət yenidən qızışır. ABŞ prezidenti Donald Trampın “onların bütün obyektlərini məhv etmişik” açıqlaması, Fransa, Almaniya və Britaniyanın avqustun sonuna qədər tətik mexanizmini işə salmaq niyyəti və bunun fonunda BMT qətnamələrinin bərpası ehtimalı İranın taleyinə dair yeni qərarın masaya qoyulacağından xəbər verir.

kamran2022.jpg (23 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, hazırkı gedişat sadəcə bir “nüvə problemi” deyil.

Onun fikrincə, bu, İranın beynəlxalq statusuna qarşı hazırlanmış çoxvektorlu strateji əməliyyatdır:

“Beynəlxalq sistemdə hegemon güclər hər hansı ölkəni zəiflətmək istəyəndə əvvəlcə onu daxildən təcrid edir, sonra isə beynəlxalq legitimlikdən məhrum edir. İran bu mərhələlərin hər ikisindən keçir. Tehran həm öz daxilində dərin siyasi, iqtisadi və sosial böhran yaşayır, həm də beynəlxalq arenada “mübahisəli rejim” kimi təqdim olunur”.

Kamran Məmmədli bildirib ki, İranın yalnız nüvə proqramı yox, ideoloji xətti, regional ekspansiyası və diplomatik cəbhədə oynadığı ikili oyunlar da Qərbi narahat edir:

“İranın İraqda, Suriyada, Livanda, Yəməndə və hətta Əfqanıstanda təsiri hiss olunur. Bu təsir təkcə hərbi yox, eyni zamanda ideoloji və təhlükəsizlik baxımından da Qərbi narahat edirdi. ABŞ bu dəfə prosesi “sanksiyalar və hüquqi mexanizmlər” vasitəsilə idarə edir. Trampın “Fordo dağını dağıtmışıq” ritorikası hər nə qədər hərbi ritorikaya bənzəsə də, bu, əslində psixoloji basqının elementidir. Əsas zərbə diplomatik kanallardan, iqtisadi embarqolardan, beynəlxalq təzyiqlərdən gələcək.

TRAMPO.jpeg (65 KB)

ABŞ bilir ki, birbaşa hərbi müdaxilə bölgədə yeni fəlakətə səbəb ola bilər. Ona görə İranı sistemli şəkildə zəiflətmək üçün beynəlxalq konsensus formalaşdırmağa çalışır”.

K.Məmmədli bu məsələdə Avropa İttifaqının mövqeyini xüsusi qeyd edib:

“Fransa, Almaniya və Britaniya artıq ABŞ-la eyni cəbhədədir. Bu, təkcə İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) çərçivəsində deyil, həm də İranın transmilli repressiya fəaliyyəti ilə bağlı aparılan kampaniyada özünü göstərir.

“Zeyndəşti Şəbəkəsi”nin Avropa Şurası tərəfindən sanksiyaya məruz qalması təsadüfi deyil. İran indi həm “nüvə təhdidi”, həm də “transmilli kriminal rejim” obrazında təqdim olunur”.

Şərhçi əlavə edib ki, İran üçün bu mərhələdə diplomatik manevr imkanları xeyli daralıb:

“Tehran anlayır ki, artıq heç bir veto, Rusiya-Çin dəstəyi onu xilas edə bilməz.

JCPOA-nın tətik mexanizmi o qədər ustalıqla hazırlanıb ki, heç bir BMT qətnaməsi belə tələb olunmur. Sadəcə, qərar verilir və İrana qarşı bütün ləğv olunmuş sanksiyalar avtomatik bərpa edilir”.

Kamran Məmmədlinin fikrincə, Tehran üçün bu, son diplomatik mərhələdir:

“İranın hazırda manevr imkanı demək olar ki, qalmayıb. Hazırda baş verənlər İranın Qərblə oturub açıq və şəffaf sazişə razılaşmasını təmin etmək, nüvə proqramını real şəkildə məhdudlaşdırmaq, regional ambisiyalarını tənzimləmək məqsədi daşıyır. Qərbin bu yanaşmasına İran müsbət reaksiya verməsə, sanksiyaların, təcridin, siyasi izolyasiyanın ən sərt forması ilə üzləşəcək. Bu, sadəcə İran məsələsi deyil, beynəlxalq güc balansında yeni “qırmızı xətlərin” çəkilməsi, bölgədə güc nisbətinin yenidən qurulması, İranın regiondakı təsir imkanlarının sıfırlanması cəhdidir.

ABŞ-ın məqsədi İranı hərbi baxımdan yox, geosiyasi səviyyədə sıfırlamaq cəhdidir. Trampın atdığı addımların arxasında strateji məqsəd dayanır. İran bölgənin geosiyasi oyunçusu olma haqqını itirməlidir”.

Siyasi şərhçi deyib ki, ABŞ bir ölkəni vurmaq istədikdə əvvəlcə onu dünya ictimaiyyətində legitimliyini itirmiş, təhlükəli və təcridə məhkum olmuş bir varlığa çevirir:

“İran da hazırda həmin mərhələdədir. İranın bank sisteminə, neft ixracına, hərbi alışlarına, hətta diplomatik nümayəndəliklərinə qarşı sərt tədbirlər tətbiq oluna bilər.

Burada əsas məsələ hüquqi deyil, siyasi iradə və güc balansıdır. Fransanın xarici işlər naziri açıq şəkildə bildirir ki, avqustun sonuna qədər İran sülhə razı olmasa, təzyiqin dozası artırılacaq. Bu, artıq Avropanın da məsələni ABŞ-la koordinasiyalı şəkildə yürütməsinin göstəricisidir. Paris Vaşinqtonla sinxron gedir, çünki İran artıq təkcə İsrail və ya ABŞ üçün deyil, Avropada da “qara qutu”ya çevrilib. Avropa heç vaxt İranın nüvə bombası ilə Rusiya və ya Çinə yaxınlaşmasına imkan verməyəcək. Bu, Qərbin Yaxın Şərqdə bütün nəzarətini itirməsi demək olardı. İran tərəfi bu addımı qeyri-qanuni, əsassız və mənəvi dayaqlardan məhrum adlandırır. Ancaq Tehran da anlayır ki, bu mərhələdə etirazların hüquqi çəkisi yoxdur. Proses artıq siyasi qərarla hərəkətə keçib.

Rusiya və Çin kimi güclərin veto imkanları bu dəfə işə yaramayacaq. JCPOA mexanizminə əsasən, veto mexanizmi də faktiki olaraq sanksiyaların bərpası lehinə işləyir. İran artıq dünyada təkcə “nüvə təhlükəsi” kimi deyil, “Avropada repressiya aləti işlədən” rejim kimi təqdim olunur. Bu isə həm beynəlxalq, həm də daxili legitimlik baxımından Tehranın mövqeyini zəiflədir”.

Siyasi şərhçi hesab edir ki, İran vəziyyətdən yalnız bir yolla çıxa bilər:

“Əgər Qərblə oturub regional ambisiyalarından vaz keçərək nüvə ambisiyalarını real şəkildə dayandırmağa razılaşarsa, İran üçün vəziyyət dəyişə bilər. Əks halda, Tehranı daha dərin təcrid, daha sərt iqtisadi böhran və daha geniş diplomatik çevrədən çıxarılma gözləyir. ABŞ və Qərb artıq qərarını verib. İran üçün isə bu, son çağırışdır”.


MANŞET XƏBƏRLƏRİ