"Pıçıltı" səhifəsi


Səhifəni təqdim etdi: Əli Çağla

No description available.

Qəfur Xiyavlı

PİŞİYİN HEÇ ROLU YOXDUR

O qədər vər-vəsayili[1] üçüncü mərtəbədə tək otaq bu evə daşıyandan iki gün keçsə də, xamlanmış bədənindən yorğunluq tamamilə çıxmamışdı. Otağın ortasında üst-üstə comalanmış əşyaların arasından yol açıb elektron samovarı tapandan sonra içinə su töküb yandırdı. Əgər bu qat-qarışıqlığın içindən şəkər-çayı da tapa bilsəydi yenicə daşındığı bu evdə ilk çayını dəmləyib içəcəkdi.

Dünən gecəni elə bu tör-töküntünün içində otağın bir guşəsində yer eləyib tozlu kafellərin üstünə yorğan-döşəyi salıb yatarkən, zindan gecələrini xatırlamışdı: İt-pişik kimi hər gün dava-dalaş, məhkəmə işləri, boşanmaq, beş il zindan, sonra da taksitlər, kirayə, qürbət və sonunda heç kəsin onu tanımadığı bu şəhərdə, heç insanın ondan bir istəyi olmadığı bir halda ikən, tək başına uzanıb ixtiyarında olan bundan sonrakı ömrünü uzun-uzun düşünmək və daha sonra, durub pəncərənin qabağından küçənin o biri əlində sıra ilə düzülmüş, içində onun kimi insanların bol-bol yaşadığı alçaq evlərin üzərində gözlərini gəzdirmək.

Damların üstündəki boş və həmişə mavi görünən fəza, uzaq küçələrdə oynayan uşaqların boğuq səsləri, hərdən bir, küçədən keçən adamların yeriyiş tərzi yalqızlıq hissini şiddətləndirirdi. Bu halda saatlarca boşuna durub bir tanıma və tanınma ümidi ilə küçəyə baxmaq, görə bildiyi təkcə iş idi bəlkə də. Biri ilə boşuna danışmaq, boşuna dərdləşmək və sonunda yenə də boşuna heç bir nəticəyə çatmamaq düşmüşdü könlünə.

Qoca bir qadın qarşıdakı pəncərələrdən birini açıb başındakı sarı şal ilə bir sağa, bir sola baxdıqdan sonra, boğazında qalan nəsə bir şeyi yerə tüpürdü və havanı yararaq keçən tüpürcəyinin izini həyətdəki qırmızı kafelə düşənə qədər izlədi, sonra başını içəri salıb nəzərdən itdi. Az öncə günəşin işığında yetərincə yuyunmuş olmalı bir pişik, yenicə kölgəyə batan divarın üstündə əsnəyib bismillah ağacının[2] üstündə cıvıldaşan sərçələrə yaxınlaşdı.

Oğlanın baxdığı qara pəncərə pərdəsiz idi. Göy rəngində şüşəsinin üstündə, bir kiçik hünü otaqdan eşiyə çıxmaq üçün özünü şüşəyə çırparaq aşağı düşdü, sonra yenidən yuxarıya qalxarkən iyirmi beş yaşlı oğlanın baxdığı yerdən, sanki qarşıdakı evlərdən dırmaşıb yuxarı çıxırmış kimi gəldi. Kiçik qanadlarının üzərində daşıdığı işığın bölündüyü boyaları diqqətlə görmək üçün başını aşağı endirdi oğlan. Hünü pəncərənin lap yuxarısına qalxdığı zaman, aşağıdan baxan oğlanın nəzərində sanki mavi göydəki buludların arasında imiş kimi göründü. Sonra yenidən bir atlayışla pəncərənin aşağısına düşdüyündə sanki küçəyə endi.

Qarşı həyətdə yeddi-səkkiz yaşında bir qız, qırmızı kofta və yaşıl şalvarı ilə əlində qapaqlı bir istil çayniki boşaltmağa çalışarkən, iki-üç dönə əyib silkələyəndən sonra, içindəki tilifi loma-loma hovuza tökdü. Qiyafəsindən və gözlərinin üzərinə tökülən qara saçlarından, adının nə olduğunu sezməyə çalışarkən oğlan, bir sincab kimi birdən qaçıb içəridə qeyb oldu.

Samovarın suyu pıqqıldamağa başladı. Çayniki, qəndi, çayı, stəkanı təkcə bir çay içmək üçün o qədər əşyanın içindən gəzib tapmasının dəyəri varmı idi? Bir siqaret daha alışdırdı.

Otağın durğun havasında, tüstünün oluşdurduğu halqalara taxıldı gözləri. Halqalar üstə qalxaraq yekəlir, yekəldikcə də yavaş-yavaş burularkən nəzərdən məhv olub itirdi. Zindana düşəndən bəri dünyanı tüstünün və gözlərinin önünə tökülmüş şəvə saçlarının arxasından görməyi sevirdi. Beş il zindanı özü seçmişdi. Dədədən qalma evi, hətta nəfis kitablarına qədər bütün var-yoxunu satıb kəbin puluna xərcləməyi də özü seçmişdi. Fəqət qızı özü seçməmişdi, ən az özü belə düşünürdü, anasının bəyəndiyi qızı bu da bəyənmişdi, sonralar başqa olaylar olmuşdu. Toylarından bir neçə ay keçmiş, keçməmiş fikirləşmişdi ki, bu qızda onu bədbəxt eləmək üçün lazım olan bütün özəlliklər vardır. Bir gün axşam kefli-kefli evə girib damağındakı siqaretin tüstüsünü arvadın təəccübdən bərəlmiş üzünə püfləyəndən sonra soyuqqanlılıqla dedi:

- Bu gün axır günümüzdür, ikimizi də təbrik edirəm.

Zindana düşdüyü ilk günlərdə hər şeyi əldən getmiş bir axmaq kimi görürdü özünü. Dustaqlar ilə düşəndən sonra öyrəndiyi sadə və dəyərsiz yollarla da bu işin başa çata biləcəyini təzə-təzə başa düşdükcə hirsindən dodaqlarını çeynəyirdi. Arvadı korluğa salsaydı hər şeyi arxayınlıqla qurtara bilərdi: “Kəbinim halal, canım azad”. Bir il keçməmiş məhkəməyə məktub yazdı. Verilən rəydə “Təcdidi-nəzər” istədiyini bildirdi, ancaq hər şey tükənmişdi. Anasının ona bəyəndiyi qız təzədən ərə getmişdi. Onun şəxsi evində ayrı bir qanuni kişi ilə ayın-şayın bir həyatı başlamışdı. Bir ilə qədər hər şeyi anasından görürdü. Zindanda görüşünə gələndə onunla görüşmürdü. İkinci ildən idi nəzəri dəyişdi. Alın yazısına baş əymiş kimi görünürdü.

Qarşı binada kirkirə pərdə birdən çəkildi və arxasınca pencərə açılarkən, dümdüz istənilən mövqedə oğlanın incə və gözəl deyə bildiyi bir qız, sanki bir röyadan boylanıb çıxmış kimi, gözlərinin önündə göründü. Sonra əllərini çənəsinə dirsəkləyərək qarşıdakı pişiyin olduğu yerə zilləndi. Sinəsinin və əllərinin ağlığından yayılan bir istilik çulğadı oğlanın vücudunu. Alnını şüşəyə söykədi. Divarın üstündəki pişik əyilib bismillah ağacının güllü-yarpaqlı xol budağına birdən atıldı. Qız sanki birini çağırmaq, birindən yardım istəmək qəsdi ilə arxaya döndü və yenidən qarşı tərəfə döndüyündə, divarın üstündəki pişiyin ağzında çapalayan sərçəyə uzandı işarə barmağı. Qırmızı koftalı kiçik qız idi, sonradan gəlib gənc qızın yanında boylanan və hirsli əlləri ilə pişiyi qovalamağa çalışan adam. Gənc qızın piş-piş diyə hövləsək və iztirablı səsini oğlan da eşitdi və gülməmək üçün zorla saxlaşdırdı özünü: Univesitetdə dostlarının hərəsinin bir adı var idi. Ona da pişik adını qoymuşdular. Neçə ildən sonra belə bir darıxmalı gündə, bir pəncərənin dalısında, incə və gözəl bir qızın da “Piş-piş” – deyərək ona doğru səsləndiyini bir nişanə olaraq görməyə çalışdı. Bu fikirdən ürəyi döyüntüyə düşdü.

Pişik bir-iki dönə başını qovzayıb qızların boylandığı pəncərəyə baxdı, karına da deyildi. Ehtimal ki, o fasilədən heç bir iş görə bilməyəcəklərini bilirdi. Səliqə ilə oturub sərçənin tükünü yolmağa başladı. Əgər oğlan da gerçək dünyada bir pişik olsaydı qətən bu işi görəcəkdi. Ancaq indiki təqdirində adam olmaq var imiş, ayrı bir iş görməli idi.

Qara bir pəncərənin arxasında heç görünmədən bu hadisəni seyr edə bilmiş olmaqdan anlaşılmaz bir ümid hiss edirdi içində. Ancaq bu canlı filmin bir parçası kimi, pişiyi qəhrəmanca oradan qovalayıb qızları sevindirməklə, birinci şəxsiyyət rolunu da ifa eləmək həvəsi bir anda bütün damarlarında sızdı.

Film davam edirdi. Artıq sərçə çapalamırdı. Ölmək rolunu gerçəkdən ifa eləmişdi. Pişik iti dişləri ilə tüklərini yolmuşdu. Pəncərənin arxasından tüksüz döşünün ağlığına sataşdı gözləri oğlanın. Qızlar ümidsizcə əllərini qovzayıb yenə qovalamağa çalışdılar.

Hər şey oğlanı bu hadisəyə qatılmağa çağırırdı. Filmin bu uzadılmış səhnəsinə təkcə əsli xarakteri son qoya bilərdi. Otaqda həndəvərinə göz gəzdirdiyi an, mis siqaret qabı idi gözünə sataşan. Pişiyin qabırğasına dəyincə çıxaracağı "danq" səsinə gülməmək üçün dodaqlarını dişlədi. Gülməməli idi mütləq. Gülsəydi ifa etdiyi rol saxta nəzərə gələrdi. Sanki rejissor gülmək rolunu təkcə qızlara vermişdi. Əlini uzadıb pəncərəni açmaq istədiyi an dayandı. Tutqacın üzərində titrəyən əllərinə baxdı. Cürət verməli idi özünə.

Birdən-birə sürətlə pəncərəni açdığında əli havada donub qaldı. Pişik çoxdan idi hövlündən sərçəni divarın üstünə buraxıb qaçmışdı və siqaret qutusu əlində qalan avara qəhrəmanı ona təəccüblə baxan gözəl qızlarla tək başına buraxmışdı. Artıq qızların rolunun vaxtı gəlmişdi: Gülmək. Qızlar gözləri önündə yoxdan var olan həyəcanlı oğlana əvvəlcə heyrətlə baxdılar, sonra əllərini ağızlarına aparıb bir-birinə baxarkən gülüşdülər.

Divardan guppultu ilə düşüb axsaya-axsaya qaçan çarəsiz pişiyin rolu onları güldürməkdə xülasə olmuşdu. Daha ondan sonra ifa olunan rolların hamısı filbidahə idi.

Oğlan, qıza əl salladı. Gənc qız şirin bir gülümsəmə ilə cavabını verdi. Sonra pəncərəni bağlayıb içəri keçdi.

Oğlan bir neçə dəqiqə sonra yenidən pəncərənin yanına getməli olduğunu duydu və yenidən gəlib qarşıya baxarkən yavaşca kirkirənin tərpənib aralandığını gördüyündə buna dayana bilməyəcəyini düşündü. Ehmalca pəncərənin tağını açıb yaz havasını içinə doldurmaq, içindən gülümsəmək istədi.

Daha bundan sonrakı hadisələrdə pişiyin heç rolu yox idi. O gün pişik təkcə acıxmışdı və bədəninə vitamin çatdırmaq istəyirdi, Axsayıb qızları güldürdüyü də ağrı adlı bir fiziolojik amildən asılı idi. Pişik də oğlanın anası kimi təqsirsiz idi. Pişik oğlanın duyğularının məsulu deyildi. Oğlan da fikir eləyirdi ki, ehtimalən belədir.

[1] Əşya.

[2] Akasiya ağacı.

***************

No description available.

PLAK 18 – Məmməd Nasiri

Yenə həmən evdəsiniz?!

Dünya ölüm-itimdi ha,

Biraz orda qalın lütfən!

Mən də gələcəyəm, bir gün duram qapınızda!

Çıxsan görəcəksən Məmməd Nasiri durub qapınızda sizin!

Və Məmməd Nasiri durmayıb!

Mən daha inanmışam ki, hərdən insansızlıqdır dünya

Sənsizlikdir dünya!


MANŞET XƏBƏRLƏRİ