DOĞMALIQ


“Türküstan”qəzetinin sayğılı oxucularına İnam Atanın (Asif Atanın) “Doğmalıq” əsərini sunuram. Özünəməxsus üslub yönü olan əsərdə “Dədə Qorqud Kitabı”nın ulusal ruhu (qədimliyimizdəki ilahi-insani ruh birliyimiz, Türk ailəçiliyi, adqoyma ənənəmiz, bənzərsiz doğmalıq çalarları və s.) təhlil olunur, xalq ruhunun ölməzliyi, ulusal-bəşəri imkanlarımızın tükənməzliyinə inam vurğulanır.

İŞIQLI ATALI

***

İNAM ATA (ASİF ATA)

DOĞMALIQ

(Önü BU LİNKDƏ)

(II yazı)

5.DOĞMA DEYİM

“Qarlı qara dağların yıxılmasın!

Kölgəlicə qaba ağacın kəsilməsin!”

Dağlarla tənmiş qədimlərimiz! Dağ üstündə deyirmişlər sözlərini.

Ağacla tənmiş qədimlərimiz! Ağac üstə deyirlərmiş sözlərini.

Dağ üstə köklənirmişlər!

Ağac üstə köklənirmişlər!

Dağ iyid əzmiymiş Atalarımız üçün – yıxılmaz!

Ağac iyid biləyiymiş qırılmaz!

Dağ insanlaşırmış, ağac insanlaşırmış istəklərində, alqışlarında.

Dağlı, ağaclıymış qədimlərimiz!

“Qarşı yatan qara dağı

Sorar olsam, yaylar kimin?

Soyuq-soyuq sularını

Sorar olsam, içət kimin?

Tovla-tovla şahbaz atların

Sorar olsam, binət kimin?”

Təblə, ilhamla tən olublar qədimlərimiz!

Təbii danışıq, hiss, düşüncə axarından süzülüb təb.

Təb üstündən kəkləniblər danışıblar: mahnılaşıb söhbətləri.

Dediklərini həm də ürəklərində oxuyublar!

Söz ahənglə sıralanıb, nizamlanıb, çiçək kimi gözəlliyini özündə gəzdirib, yaşadıb.

Xüsusi təb dili olmayıb qədimlərimizin, qeyri-adi dərəcədə adi, doğma dildə səslənib təb!

“Ala gözlü görklü halalım yüklü qoydum!”

“Yük” sözü burda ülviləşib. Bala yükündən danışırlar, analıq yükündən danışırlar burda.

Müqəddəs məzmun üçün yeni söz uydurmurlar, onu köhnədə, adidə deyirlər və köhnə, adi yeniləşir, qeyri-adiləşir!

Köhnə söz çiyninə təzə, müqəddəs yük götürür.

“Ağam Beyrək” gedəli yayladım yox.

Atam Beyrək gedəli köçərim yox”.

Atalar sözünün kəsəri sözün kəsərliyindədir.

Atalar az danışırmışlar, ancaq möhkəm danışırmışlar, çox sözlüyə yox, az sözlüyə meyl eləyirmişlər, sözləri birləşdirirmişlər və sözlərin təpəri artırmış!

Qısa sözün mənzili uzun olurmuş!

“Yayladım” sözü yaylaqda qaldım, yaylaqladım deməkdir.

“Köçərim” sözü köç etdim deməkdir. “Ancaq “yayladım”da, “köçərim”də məna birdəfəlik tam və ahəngdar deyilir.

Burda ahəng mənadan ayrılmır, mənaya “geyindirilmir”, mənadan törəyir, məzmunla ifadə arasında gözəl birlik yaranır; yol üstə deyilmiş sözdü bu söz – gərəkli, zəruri, bütöv, bərəkətli!

“Bədöy atın saxlardım,

Bu gün üçün, günü gəldi.

Ala uran sur cidanı saxlardım,

Bu gün üçün, günü gəldi.

Əyri bəx dəmir donum saxlardım,

Bu gün üçün, günü gəldi”.

Eyni məqamın, mənanın, ahəngin ardıcıl təkrarı deyimə hökümlü bir qətiyyət Ataların düşüncəsində, həyat tərzində həmişə yaşayıb və o, dilimizin əsas ahənginə çevrilinb əslində.

Danışıqda bədiyyatda müşahidə etdiyimiz təkrir zənginliyi adi dil hadisəsi olaraq qalmır; xəlqi psixologiya səviyyəsindədir bu qayda.

Qətiyyət, imperativlik düşüncəmizin mayasındadır, buna görə də təkrir məsələsi idraki məsələdir bizdə.

“Ağ işıqlı atları yanıma saldım,

Ağ saqqallı Dədəm Qorduddan öyüd aldım”.

Ağ dilimizin əsas rəngidir. Dilimizdə ağla bağlı sözlər sonsuzdur.

Ağ - işıq rəngidir.

İşıqlıymışlar Atalar.

İşıq ardınca gedirmişlər, işıq aparırmışlar!

“Səksən min ər gördümsə, səksənmədim!

Doxsan min yağı gördümsə, donatmadım.

Otuz min ər gördümsə, ota saydım,

Əlli min ər gördümsə, əl vermədim”.

Burda söz oyunu yoxdur, məna uyarlığı var və bu uyarlığın yaratdığı gözəl söz çalğısı var!

“Səksən” sözü “səksənmək” sözüylə burda yalnız biçim baxımından səsləşmir, ən çox daxili məna baxımından səsləşir: səksən burda qüdrəti ifadə eləyir, hünərin miqyasını bildirir.

Səksən min ər bir iyidi səksəndirə bilmir!

Digər tərəfdən səksənlərin səslənməsində rəvan söz çalğısı yaranır və həmin qüdrət bu çalğıda daha da gözəlləşir.

Daxili mənayla söz ahəngi arasında təbii uyarlıq yaranır.

“Doxsan”la “donatma” arasındakı səsləşmə də həmin qəbildəndir.

Doxsan min yağıya doy gəlmək qüdrəti vəsf olunur burda və “donatmadım!” nidasında çalınır.

“Otuz” ilə “ot” arasındakı səsləşmədə də mənayla biçim uyarlığı təsdiq olunur: otuz min yağını ot saymayan qəhrəmanlıq çağırılır burada.

“Əlli”ylə “əl verməık” sözləri arasındakı ahəngdarlıq da mənaya qulluq edir. Əlli min ərə əl verməyən iyid haqqında söz deyilir, saz çalınır.

6. DOĞMA HAL

“Qoy məni, qadın ana, çəngələ vursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər, qırx bəy qızının önünə ilətsinlər.

Onlar bir yeyəndə, sən iki yegil!”

Namus hayındaymışlar Ataların Övladları, can hayında deyilmişlər!

Canlarından keçərmişlər, namuslarından keçməzmişlər!

Analarına Qardaşıymışlar qeyrət dərdi çəkən!

Qeyrətlə durub, qeyrətlə otururmuşlar!

Qeyrətlə yaşayıb, qeyrət üçün ölürmüşlər!

“Hey, ana, ərəbi atlar olan yerdə bir qulunu olmazmı olur?

Qızıl dəvələr olan yerdə bir köşəyi olmazmı olur?

Sən sağ ol, qadın ana, babam sağ olsun!

Bir mənim kimi oğlan bulunmazmı olur?”

Ataların Övladları öz əvəzsiz ömürlərini əvəzli saymağı bacarırmışlar! Ömürdən beşəlli yapışmayıblar, namusdan beşəlli yapışıblar!

“Mən ölsəm də Atam övladsız qalmayacaq!” deməyi bacarmışlar.

“Ölümümlə ailəm ölmür!” deməyi bacarmışlar.

Ölümü saymamışlar!

“Qalxıbanı yerimdən duram – derdim.

Yelisi qara qazlıq atıma minəm – derdim.

Qalın Oğuz içinə girəm – derdim.

Yürüyə bəni oğlu ulu gərdəyə keçirəm - derdim”.

Gərdək murazlı analar, ağ otaq murazlı analar murazlarlna yetməyəndə ağ atlarına minirmişlər, yağı üzərinə gedirmişlər, yağı ordusunu basırmışlar, balalarını yağı pəncəsindən qurtarırmışlar, ağ otağa, ulu gərdəyə gətirirmişlər. Gərdək murazlı Analar yel atlıymışlar, qılınclı-qalxanlıymışlar, düşmən anası ağlatmağa qadir imişlər!

“Qara qoçda qazlıq at bundan keçdi,

Quluncuğu kişnəyib belə keçdi.

Quluncuğum aldırmışam, kişnəyimmi?!

Ağayılda ağca qoyun bundan keçdi,

Quzucuğu məkləşib belə keçdi.

Quzucuğum aldırmışam, bozlayımmı?!”

Belə deyib köks ötürən Analar döyüş qətiyyətinə qurşanmağı da bacarıblar.

“Paralanıb qazlıq atından enməyincə,

Yenimlə alca qanım silinməyincə,

Qol bud olub yer üzünə düşməyincə,

Yalnız oğul xəbərini almayınca

Kafir yollarından dönməyəyim!!!” –deyiblər.

Cəngavər olublar Analar, can veriblər balalarına!

“Mana bir qız al ki, mən yerimdən durmadan

ol durgəz gərək!

Mən qara qoç atıma minmədən ol minmək gərək!”

Qoçaq oğullar qoçaq qızlara evlənirmişlər!

Evə qoçaq gətirirmişlər!

Qoçaq evi tikirmişlər.

Qoçaq Ocağı yandırırmışlar.

Halalları qoçaq olurmuş kişilərin!

Qoçaqlıqla gün keçirirmişlər, qocalırmışlar!

“Ərqab-ərqab qara dağın yıxılmışdı, ucaldı axır!

Qanlu-qanlu suların soğulmuşdu, çağladı axır!

Şahbaz atın qarımışdı, qulun verdi axır!

Ağ qoyunun qarımışdı, qulun verdi axır!”

Müjdə çağlayırmış Atayurdda, müjdə çayı yaraşırmış, müjdə yazı açılırmış, müjdə dağı qalxırmış? Müjdə sevdası başlarmış!

Müjdə havasına oynayırmış yer – göy!

“İt kimi ku-ku edən çirkin xırslı,

Küçücük donuz şülənli!”

Ataların nifrətləri, hiddətləri böyük olub!

İtləşib donuzlaşıb yağılar Ataların duyğusunda, idrakında!

İtlərlə döyüşüblər, donuzlarla döyüşüblər!

Nifrətdə itiləyiblər qılınclarını, hiddətdə itiləyiblər qılınclarını.

İt başı kəsiblər, donuz başı kəsiblər!

“Çal qılıncın, qardaş Qazan, yetdim! – dedi.

Çal qılıncın, ağam Qazan, yetdim! – dedim.

Çal qılıncın, bəyim Qazan, yetdim! - dedi”.

Biriymişlər, yekdil imişlər Atalar “doğma yağılıq”dan uzaq olanda!

Bir kürəkli, bir əlliymişlər.

Bir-birinin köməyinə yetirmişlər, imdadına çatırmışlar!

Sel kimi axırmışlar yağı üstə!

Bir çalırmışlar qılıncı!

Bir-birinə dayaq olurmuşlar, dağ olurmuşlar!

“Altındakı alaca atın nə öyərsən,

Ala başlı keçimcə gəlməz mana!

Başındakı tuğulqanı nə öyərsən,

Başımdakı yun börkümcə gəlməz mana!

Ataların öyünmələrində lovğalıq yoxdur, ötkəmlik var; yağıya meydan oxumaq ləyaqəti var.

Lovğalıq əməlsizlikdir.

Ataların öyünməsi əməldir. Atalar yeri gələndə öyünməklə də döyüşüblər.

“Dədəm Qorqud gəlibən boy boyladı, söz söylədi”.

Boy boylayanlar, söz söyləyənlər bütün aləmin biliciləriymiş qədimdə, el ağsaqqallarıymış: gələcəyi görən ağılları varmış!

Boy boylayırmış, həm də soy saxlayırmış!

“Qanı dediyim bəy ərənlər, dünya mənim deyənlər?!”

At üstündə ölümü görmürmüş Atalar! Atdan düşəndə ölüm-itimlə rastlaşırmışlar.

Xiffət dolarmış ürəklərinə, nalə çəkərmişlər və atlarına minib yola düzələrmişlər – ölümlə döyüşməkçün!

7. DOĞMA QƏDİMLİYİMİZ

Doğmalıq “doğmaq” sözüylə təndir.

Qədimliyimizdən doğulmuşuq, yoğrulmuşuq!

Doğmalıq həm də “doğru” sözüylə təndir.

Doğmalığımıza doğru yol gedirik!

Qaranlıqlar Yarılsın! Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Daxilinizdəki Mütləq Sizə Yar olsun!

10 Köçəri ayı, 8-ci il (10.02.1987)

*** *** *** *** ***

İNAM ATANIN (ASİF ATANIN) ƏDƏBİYYATIN JANRLARINA MÜNASİBƏTİ

- Müqəddəs Ata, bir neçə ədəbiyyat janrına Atanın qiymətini bilmək istəyirik. İlk sual belədir: nəsrə Ata qiyməti. Hekayə janrını Ata necə dəyərləndirir?

Ata: - Mən nəsrlə şeir arasında təzad görmürəm. Nəsr hadisələr, yaxud hadisə şeiriyyətidir. Şeiriyyətdən məhrum olan nəsr əsəri tanımıram.

Hekayənin başqalarından fərqi ondan ibarətdir ki, o, bir neçə qısa hadisə və hadisələr şeiriyyətidir. Hekayə ilə roman arasında fərq görmürəm.

- Təmsil haqda Ata fikri...

- Təmsil satira janrıdır. Onun bir növünü bəyənirəm: kədərli satiranı. Bunun Azərbaycanda iki böyük nümayəndəsi var: Sabir və Mirzə Cəlil.

O satiranı sevirəm ki, orada kədər olsun. Ümumiyyətlə, satiranı zirvə hesab eləmirəm. Təmsil onun bir növüdür, həyat hadisələridir: insanın tülküləşməsi, ilanlaşması, canavarlaşması... Bu janrın Fransada Lafonten, Rusiyada Krılov kimi nümayəndələri olub. Məsələ odur ki, tülkünün, ilanın, canavarın adamlığını göstərəsən. Bu işdə filosofluq gərək olur.

- Bəs Atamız povest janrını necə dəyərləndirir?

- Povest romanla hekayə arasında olan bir janrdır, insan həyatının mühüm, əhəmiyyətli halı təsvir edilir. Povesti kiçik roman adlandırmaq düzgün deyil. Mən istəyərdim ki, bu söz öz dilimizə tərcümə olunsun.

- Ocaq romanı haqda Ata fikri.

- Deməli, bizimki başqa roman olacaq: fəlsəfə ilə dolu, şeiriyyətlə dolu məna romanı olacaq. Yəqin ki, bizim öz romançımız yaranacaq. Hadisəçilik ləğv olunacaq. Vicdan, təmənnasızlıq romanı yaranacaq. Bəşər bizi damla-damla öyrənəcək, içəcək. Ocaqdan kənarda sabah yoxdur. Elə bir sabah yaransa da bu gün olacaq.

- Atamız var olsun!

- Qaranlıqlar yarılsın! Yükümüzdən böyük fərəhimiz yoxdur!

Atayla təmasda oldular: İşıqlı və Yolruh Atalılar.

26 Ümid günü, Od ayı 16-cı il (26.07.1995)


MANŞET XƏBƏRLƏRİ