Görüş otağında Paşinyana 3 gizli mesaj: Əliyevin arxasındakı foto, masa və…


Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasınıda BƏƏ-nin Əbu-Dabi şəhərində görüş baş tutub. Görüşə dair yeni görüntülər paylaşılmaqdadır. Danışaqlar öncəsi yayılan fotolar, daha doğrusu, görüntülərdəki detallar diqqət çəkir.

Məsələn, hər iki liderin sağ və sol tərəfində dörd nəfər əyləşib. Diqqətlə baxdıqda, Azərbaycan tərəfinin oturuşu və bədən dili daha nizamlı və sərtdir.

Liderlərin arasında sadə, kiçik bir masa var. Üzərində yalnız su və stəkanlar yerləşdirilib. Bu, minimalizm və diplomatik tərzdə neytrallıq göstəricisidir. Eyni zamanda psixoloji olaraq “ortaq masa yoxdur, lakin bir masa paylaşılır” mesajı verir.

Hər iki tərəf simmetrik görünsə də, Azərbaycanın duruşu daha peşəkar xarakter daşıyır. Ermənistan tərəfi isə daha çox “danışmağa gəlmiş” mövqedədir.

Azərbaycan heyəti nisbətən tünd tonlarda geyinib. Bu da onların daha ciddi görünməsinə səbəb olur.

Prezident İlham Əliyev ortada oturub, bir qədər arxaya əyilmiş şəkildə sakit, amma hakim mövqedədir. Əlləri dirsəklərdən kresloya söykənib, bu da onun özünə inamını, daxili sakitliyini və “yerində olan lider” olduğunu göstərir.

Əksinə, Paşinyan isə bir qədər önə əyilmiş vəziyyətdədir, ayaqları arasındakı məsafə daha genişdir və əlləri gərgin tutulub. Bu da onun əsasən çox müdafiə edən və danışıqlara ehtiyac duyan tərəf olduğunu göstərir. Ümumilikdə, Paşinyanın pozası həm yorğunluq, həm də gərginlik siqnalları verir. Siyasi cəhətdən bu, Ermənistan tərəfinin danışqlara daha çox ehtiyac duyduğunu əks etdirən vizual göstəricidir.

Divarda asılmış fotolar da ayrıca diqqət çəkir. Hər iki tərəfin arxa divarında yerləşdirilmiş rəsmlər eyni üslubda, oxşar ölçüdə və simmetrik şəkildə yerləşdirilib. Bu da “bərabərlik” atmosferi qatır. Lakin rəsmlərin məzmunu tamamilə bərabər deyil, burada simvolik dillə danışan incə mesajlar var.

Paşinyanın arxasında sol tərəfdəki rəsimdə açıq səhralıq fonunda tək-tək palma ağacları görünür. Rəng palitrası açıq, solğun və nisbi “boşluq” hissi verir. Bundan başqa foto Ermənistan tərəfinin hələlik dəqiq və sabit strateji xəttə malik olmadığını simvolizə edə bilər. Səhranın boz və bərəkətsiz görünüşü, Ermənistanın regional izolyasiya və zəif iqtisadi-siyasi mövqedə olduğunu metaforik şəkildə ifadə edir.

İlham Əliyevin arxasında sağ tərəfdəki rəsimdə isə daha yaşıl, bərəkətli və sıx ağaclı bir səhnə əks olunub. Təbii işıq bolluğu hiss edilir, mavi səma aydın görünür, perspektiv dərinliyi digəri ilə müqayisədə genişdir. Bu rəsim Azərbaycanın regionda daha sabit, strateji və planlı şəkildə irəlilədiyini göstərir. Təbii resurs bolluğu, siyasi sabitlik və inkişaf imkanlarını simvolizə edən vizual bir metaforadır.

Çox sayda ağac, aydın landşaft Azərbaycanın siyasi çəkisinin artdığını və Ermənistan üçün “gələcək yolu”nun bu fon daxilində qurulmalı olduğunu simvolizə edə bilər.

Hər iki rəsim texniki baxımdan oxşardır lakin “məkan seçimi” ilə verilən mesaj fərqlidir. Bu da çox güman ki, təsadüfi deyil. Ev sahibliyi edən BƏƏ burada diplomatik olaraq neytrallığı qorusa da, vizual elementlər vasitəsilə hansı tərəfin “daha yol göstərən” olduğunu, hansının “axtaran” olduğunu dolayısı ilə ortaya qoyur.

turan rzayev
Turan Rzayev
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ