İyulun 16-da ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Turkustan.az bildirir ki, qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını ifadə edib.
2022-ci ilin dekabrında Türkmənistana rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluqla danışıb.
Söhbət zamanı spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızın ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub.
Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır.
Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir.
Görüşdə, həmçinin qeyd olunub ki, ölkələrimiz arasında mövcud müqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.
Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.