İsrailin Diasporla İş üzrə naziri Amiçay Çikli Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə bağlı sərt bəyanat verib. Nazir Şaraanı “terrorçu” və “vəhşi qatil” adlandırıb. Çikli Şaraanın “qanuni lider” kimi qəbul edilməsinin də böyük səhv olduğunu söyləyib. Analitiklərin fikrincə, İsrail regionda öz strateji maraqlarını qorumaq və digər güclərə qarşı balans yaratmaq üçün bu cür sərt bəyanatlara əl atır.
Açıqlamanın xüsusilə Şaraanın Azərbaycana səfərindən sonra verilməsi isə xüsusi diqqət çəkir. İddialara görə, Bakının Dəməşqlə münasibətlərini möhkəmləndirməsinin Təl-Əviv üçün strateji bir narahatlıq yaratması mümkündür. Çünki bu, Yaxın Şərqdəki güc balansına təsir edə və İsrailin nüfuz dairəsinin nisbətən daralmasına səbəb ola bilər.
Turkustan.az-a danışan World Panorama Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirib ki, Suriya artıq aylardır Türkiyənin dəstəyi ilə yeni hökumət qurub:
“Şaraanın terror təşkilatları ilə əlaqəsi əvvəldən məlum idi. Lakin o, Türkiyə ilə razılaşaraq yeni hökumətə rəhbərlik etməyə başladı. Burada yalnız Ankaranın deyil, həm də Vaşinqtonun verdiyi dəstək açıq şəkildə görünür. Çünki Türkiyənin dəstəyi NATO əsgərləri və qüvvələri ilə əlaqələndirilir, həmçinin ABŞ da bu prosesdə ona köməklik göstərib. Eyni zamanda Prezident Donald Tramp Şaraanı qəbul edərək bir növ onu dəstəklədiyini ifadə etmiş oldu. İsrailin bu hərəkətləri və hazırkı siyasəti Yaxın Şərqdə gərginliyin daha da artmasına təkan verir. Bu ölkənin həm Yaxın Şərqdə, həm də dünya miqyasında getdikcə yalnızlaşdığı müşahidə olunur”.
Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməzdən əvvəl yəhudi lobbiləri ilə sıx əlaqələri vardı və israillilərə verdiyi vədlərin nəticəsində ölkə rəhbəri seçildi:
“İndi isə Trampa göstərilən həm maddi, həm də mənəvi dəstəyin geri qaytarılmasını tələb edirlər. Bu da Ağ Ev rəhbərini çətin bir vəziyyətə salır. Belə ki, o, artıq bacardığını da edir, bacarmadığını da. Bunu, xüsusilə İran məsələsində aydın şəkildə gördük. Tramp Tehran məsələsində uzun müddət dirəndi, amma nəticədə bu mövqedən geri çəkildi. Nəhayət, bir günlük də olsa, İranı bombalamağa məcbur qaldı və İsrailin təzyiqlərinə boyun əydi.
Ramiyə Məmmədova
Eyni ssenarini Suriya məsələsində də görmək mümkündür. Dəməşqdə yeni hökumət formalaşır və ABŞ birmənalı olaraq buna razıdır. Ancaq İsrail vəziyyəti qəbul etmir, çünki torpaqlarını genişləndirmək və Yaxın Şərqdə öz hegemonluğunu qurmaq niyyəti var. Bu səbəbdən, artıq həm İraq, həm İran, həm də digər ölkələrə qarşı daha aqressiv siyasət yürütmək istəyir. Belə çıxışlar və hərəkətlər, əslində bu məqsədlərini həyata keçirmək üçün İsraili daha da təhrik edir. Nəticə olaraq yeni Suriya hökumətində bir terror təşkilatının rəhbərinin yer alması məsələsini gündəmə gətirir. Halbuki, Şaraanın keçmişi və terror təşkilatları ilə bağlı əlaqələri artıq ilk gündən hər kəsə məlumdur. Onun haradan gəldiyi və necə fəaliyyət göstərdiyi dəqiq şəkildə bilinirdi, həmin terror təşkilatını dağıtmaq da vacibdir.”.
Məmmədova vurğulayıb ki, Şaraanın Azərbaycana gəlməsi belə məsələlərdə mühüm rol oynayır:
“Suriya liderinə dəstək verilməsi İsraili müəyyən qədər narazı sala bilir. Çünki bu dəstək Təl-Əvivin Yaxın Şərqdə həyata keçirmək istədiyi addımları məhdudlaşdırır. İsrail bu vəziyyətlə üzləşərək hər tərəfdən qınaqlara məruz qalır. Prosesin daha da gərginləşəcəyini və nəticələrinin yaxın gələcəkdə açıq şəkildə görüləcəyini ehtimal etmək mümkündür”.