Çinli tədqiqatçılar küçə lampalarını əvəz edə biləcək, atəşböcəyi və işıq saçan göbələklərin genlərinə sahib bitkilər hazırlayıblar.
Turkustan.az xəbər verir ki, ''Magicpen Bi'o şirkətinin alimləri atəşböcəklərindən və biolüminessent göbələklərdən əldə etdikləri DNT-ləri 20-dən çox bitki növünə köçürməyə nail olublar.
Genetik olaraq dəyişdirilmiş səhləb, günəbaxan və xrizantema kimi bitkilər heç bir elektrik mənbəyinə ehtiyac olmadan davamlı şəkildə işıq saça bilir.
Pekində keçirilən ''Zhongguancun'' Forumunda nümayiş etdirilən bu bitkilər elektrik enerjisi ilə doldurulmağa ehtiyac duymur. Onlar su və gübrədən istifadə etməklə öz bioloji xüsusiyyətləri hesabına ətrafı işıqlandıra bilir. Tədqiqatçılar bildirirlər ki, gələcəkdə bu bitkilərdən şəhər parklarının və səkilərin işıqlandırılmasında istifadə oluna bilər.
Layihənin rəhbəri doktor Li Renhan bildirib ki, bu ideyanın yaranmasına uşaqlıqda atəşböcəklərini müşahidə etməsi səbəb olub. Onun sözlərinə görə, sistem genetik dəyişiklik texnologiyasından istifadə edilməklə hazırlanıb. Li Renhan qeyd edib ki, məqsəd şəhərlərdə yüksək enerji sərf edən və güclü işıq yayan ənənəvi işıqlandırma sistemlərinə alternativ yaratmaqdır.
Yeni texnologiya ilə şəhərlərdə enerji sərfiyyatının və karbon emissiyalarının azaldılması nəzərdə tutulur.
Bununla yanaşı, alimlər genetik olaraq dəyişdirilmiş bitkilərin ekoloji tarazlığa və gecə fəaliyyət göstərən həşəratlara mümkün təsirlərini də araşdırırlar. /yenisabah.az/

