Professordan sərt xəbərdarlıq: “Qoca qitə qışa hazır deyil”


Avropanın qaz ehtiyatları 2009-cu ildən bəri ilin bu dövrü üçün ən aşağı səviyyəyə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatına görə, hazırda Avropanın qaz anbarları cəmi 57 faiz doludur. Halbuki son beş ildə bu göstərici avqust ayında orta hesabla 74 faiz təşkil edib.

“Sciences Po” professoru Tyeri Bros bildirib ki, 2021-ci ildə qeydə alınan ən aşağı göstərici 60 faiz olub.

“Hazırkı ehtiyat səviyyələri sərt qışa və ya təchizatda yeni kəsintilərə uyğunlaşmağa imkan vermir. Daha dolu qaz anbarlarına ehtiyacımız var və təəssüf ki, qarşıdan gələn qışa hazır deyilik”, - deyə o vurğulayıb.

Professor Qətərdən LNG tədarükünün oktyabrın sonuna qədər dayanacağını və Yaxın Şərqdəki vəziyyətin enerji bazarlarına təzyiq yaratdığını bildirib. Onun sözlərinə görə, Çin və Hindistandan artan tələbat da qiymətlərin yüksəlməsinə təsir edir.

T.Bros Avropanın aşağı qaz ehtiyatlarını həm geosiyasi risklərlə, həm də enerji siyasətindəki çatışmazlıqlarla əlaqələndirib.

Hazırda Almaniyada qaz anbarlarının doluluq səviyyəsi 48 faiz, Fransada 60 faiz, İtaliyada isə 77 faizdir. Ehtiyatlar Belçika, Niderland, Latviya, Bolqarıstan və Slovakiyada da aşağı səviyyədədir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ