Ermənilərlə birləşib Paşinyanı devirmək üçün “qolları çırmaladılar”


Ermənistanda keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyan hakimiyyətini möhkəmləndirsə də, Baş nazirə qarşı siyasi narazılığın yeni istiqamət aldığı müşahidə olunur.

Belə ki, Rusiyada yaşayan erməni siyasi və ictimai çevrələrin bir hissəsi Paşinyan hakimiyyətinə qarşı daha açıq mövqe nümayiş etdirməyə başlayıb. Rusiya-Ermənistan “Lazarev klubu”nun Soçidə keçirilən genişləndirilmiş iclasında Paşinyanın siyasəti, seçkilərin nəticələri və Ermənistan-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı sərt fikirlər səsləndirilib.

Toplantıda Paşinyana qarşı mübarizənin Rusiyadakı erməni diasporu səviyyəsində də təşkilatlanması və Ermənistan hakimiyyətinə siyasi təzyiqin artırılması məsələləri gündəmə gətirilib.

Həmçinin toplantıda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə münasibəti də xüsusi müzakirə mövzusu olub. İştirakçılar kilsəyə qarşı təzyiqləri pisləyərək bu məsələni beynəlxalq dini səviyyəyə çıxarmaq niyyətlərini açıqlayıblar.

Bunun üçün Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə və Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə əlaqə saxlanılması planlaşdırılır. Rusiyadakı erməni diasporunun Paşinyan hakimiyyətinə qarşı fəallaşması nə ilə bağlıdır? Paşinyanı belə devirmək mükündür?

"Cebheinfo.az"-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib ki, Ermənistanda baş verən siyasi proseslər Rusiyanın təsir dairəsindən heç də uzaqda deyil:

"Çünki biz uzun müddətdir ki, həm Ermənistanda parlament seçkilərindən əvvəl, həm də seçkilərdən sonrakı dövrdə Rusiya siyasi dairələrinin və hakimiyyətinə yaxın müəyyən təşkilatlanmış qüvvələrin daxili siyasi gərginliyi artırmaq, hətta Nikol Paşinyan hakimiyyətini devirmək istiqamətində səylərinin şahidi oluruq".

O qeyd edib ki, bu, bir sıra məqamlarla bağlıdır: "İlk növbədə, Rusiya çalışır ki, Cənubi Qafqazda yeganə istinad nöqtəsi kimi Ermənistanı nəyin bahasına olursa-olsun, əldən verməsin. Lakin Ermənistanın hazırkı hakimiyyəti, yəni Nikol Paşinyan hökuməti uzun müddətdir ki, Qərb və Avropa meyilli siyasət yürüdür.

Biz burada Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı məsələləri tez-tez dilə gətirməsini, Avropa ilə iqtisadi əməkdaşlıq istiqamətində yeni siyasi kurs yürütməsini, hətta Rusiyanın əleyhinə olaraq Avrasiya İqtisadi İttifaqından üzvlükdən uzaqlaşmaqla bağlı müəyyən məqamları da görə bilərik".

Sahil Kərimlinin sözlərinə görə, Rusiya nəyin bahasına olursa-olsun, çalışır ki, Ermənistandakı siyasi proseslərə nəzarəti öz əlində saxlasın:

"Hətta bu gün biz Rusiyadakı erməni diasporunun konkret olaraq Nikol Paşinyana qarşı bu cür siyasət həyata keçirməsinin şahidi oluruq. Yəni Nikol Paşinyana qarşı Rusiyadakı erməni diasporu birləşib və təşkilatlanıb.

Əslində, bu təşkilatlanma seçkidən əvvəl də mövcud idi. Lakin onlar Ermənistandakı proseslərə hər hansı ciddi təsir göstərə bilmədilər. Nəticədə Nikol Paşinyan növbəti dəfə erməni xalqının səsini qazandı və yenidən hakimiyyətdə qaldı".

Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması çətinləşib:

"Bundan sonra nə baş verə bilər? Rusiya, xüsusilə də Rusiyadakı erməni diasporu çalışacaq ki, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olsun və Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın.

Lakin hesab edirəm ki, bu mümkün deyil. Çünki artıq Ermənistanda Paşinyan hakimiyyəti öz mövqelərini kifayət qədər möhkəmləndirib, yeni hökumət formalaşdırır.

Paşinyan Qərbyönümlü siyasət yürütməklə yanaşı, Avropa İttifaqı ölkələrinin də dəstəyini alır. Bütün bunlar onun hakimiyyətdən uzaqlaşdırılmasını kifayət qədər çətinləşdirir".


MANŞET XƏBƏRLƏRİ