İraq hökuməti siyasi və iqtisadi əməkdaşlığın bütün formalarını dəstəklədiyini, lakin heç bir “ox və ya ittifaqın” tərkibində yer almayacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İraq hökumətinin sözçüsü Heydər əl-Əbbudi Bağdadda keçirdiyi mətbuat konfransında ölkənin xarici siyasəti, iqtisadiyyatı, təhlükəsizliyi və daxili siyasəti ilə bağlı məsələlərə münasibət bildirib.
Əbbudi İraqın mövqeyinin “aydın” olduğunu vurğulayıb:
“Biz heç bir ox və ya ittifaqın bir hissəsi olmayacağıq, lakin bütün siyasi və iqtisadi əməkdaşlıq formalarını dəstəkləyəcəyik”.
Hökumət sözçüsü, həmçinin ABŞ və Səudiyyə Ərəbistanının Haşd əl-Şəabi qərargahına zərbələrindən əvvəl İraqın bu hücumlar barədə məlumatlandırılmadığını bildirib.
Əbbudinin sözlərinə görə, Baş nazir Əli əl-Zeydi Xarici İşlər Nazirliyinə hücumlarla bağlı Birləşmiş Millətlər Təşkilatına memorandum təqdim etməyi tapşırıb.
Aytən Yaşar/ Turkustan.az