Bir daha Himnimiz haqqında



Kamil Şahverdi

VI Yazı

1920-ci il aprel işğalından sonra Azərbaycanın mühacirət həyatı yaşamağa məhkum edilən Cümhuriyyətçi oğulları Üzeyir bəy Hacıbəylinin "Azərbaycan Marşı"nı Vətənin, müstəqilliyin, azadlığın rəmzi kimi yaddaşlarında, qəlblərində, zehinlərində, damarlarında axan qanda qorudular, unudulmağa qoymadılar. Zaman-zaman müxtəlif ölkələrdə nəşr etdirdilər, nəsildən nəsilə ötürdülər. 1920-ci illərdən başlayaraq "Azərbaycan Marşı"nın sözləri imkan düşdükcə dərgilərdə, şeirlər toplusunda yer alırdı.

Azərbaycan Cümhuriyyəti dövrünün istedadlı, yorulmaz tədqiqatçısı doktor Dilqəm Əhməd bu nəşrləri üzə çixararaq onlar haqqında qiymətli məlumatları geniş oxucu kütləsinə təqdim edir. Professor Asif Rüstəmli də "Cəmo bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı" kitabında "Azərbaycan Marşı"nın mühacir həyatından maraqlı faktlar üzə çıxararaq bir arada toplamış və oxuculara təqdim etmişdir. Lakin əldə edilən bu faktlar "Azərbaycan Marşı"nın mühacir həyatını tam əks etdirmir. Bir çox önəmli tarixi fakrlar qeyd etdiyim araşdırmalarda əks olunmayıb. Bu faktlar haqqında ilk dəfə olaraq oxuculara ətraflı məlumat veriləcək.

"Azərbaycan" şeiri "İstiklal Uğrunda" məcmuəsində. Səh. 148

Qeyd olunmuş nəşrlərin ardıcıllığına qısa da olsa nəzər salaq.

İlk dəfə "Azərbaycan Marşı"nın sözləri 1925-ci ildə Türkiyədə "Öz dilek" jurnalınnın 28 oktyabr tarixli 22-ci sayında çap edilir. (Bu gün, hələ ki, şeirin ilk dəfə çapı haqqında bizə məlum olan məlumat bundan ibarətdir-K. Ş.) Dilqəm Əhməd 20.01.2024-cü ildə "teleqraf.com" saytında çap etdirdiyi məqalədə bu haqda yazır:

"...Ankarada yaşayan dəyərli tarixçimiz Qiyas Şüküroğlu mənə maraqlı bir material göndərdi. Bu materialda Azərbaycan dövlət himninin sözləri fərqli şəkiıdə idi...

Berlində nəşr olunan "Azərbaycan qəzetəsi" tərəfindən çap olunan "Gənc yaradıcılar" kitabçası. 1944-cü il.

Maraqlıdır ki, himnimizin sözləri mühacirətdə çıxan broşürlərdə və Türkiyədə çap edilən bəzi marş kitablarında kiçik nüanslar xaric, demək olar ki, eynidir. Amma Qiyas bəyin "Öz dilek" adlı jurnaldan əldə etdiyi mətn xeyli fərqlənir. Jurnalın 28 təşrini-əvvəl (oktyabr) 1341-ci ildə (1925) çıxan 22-ci sayında əski əlifba ilə verilmiş "Azərbaycan marşı" bu şəkiıdədir:

"Azərbaycan, Azərbaycan

Ey qəhrəman övladı vətənin

Səndən ötrü can verməyə cümlə hazırız

Ay, yıldız bayrağınla məsud yaşa

Binlərcə gənc qurban oldu

Sinən hərbə meydan oldu

Hüquq üçün gedən əfrad

Hərə bir pəhləvan oldu

Sən imişsən gülüstan

Sənə bir çox məhəbbət

Namusunu hifz etməyə

Bayrağını yüksəltməyə

Binlərcə gənc müştaqdır

Şanlı vətən, binlər yaşa!

Yüksəlmişdi ay-yıldızlı bayrağın

Qafqaziya dağlarının başına

Səkkiz dişli yıldızınla hilalın sənin

Kölgə salmış mavi rəngli "Bəhri-Xəzərə"

Göz bəbəyi tək süzəriz səni

Düşmən pəncəsində alarız səni

Binlərcə gənc qurban oldu

Gözəl yerlər viran oldu

Tökülən şu al qanlardan

Dağlar, daşlar əlvan oldu

Qara geydi gəlinlər

Ağlar qaldı annələr

Rəhm qıl göz yaşına

Yetmiş gələ fəryadıma

Yabancı qanlı pəncələr

Altında inliyor gənclər

Səbir et yaxındır xilasın

Qərib vətən, binlər yaşa."

Göründüyü kimi mətnin sözləri xeyli fərqlidir, sanki sonradan əlavə olunub. Marş jurnalın 1925-ci il sayında dərc olunduğu üçün, bəlkə də, mühacirlərdən kimsə mətnin sonuna işğalı ifadə edən sözlər artırıb və bu şəkildə təqdim edib." (Dilqəm Əhməd. "Qərib vətən binlər yaşa". "teleqraf.com. 20 yanvar 2024)

Dilqəm bəy haqlıdır. "Öz dilek" jurnalında dərc olunan bu variantı çox güman ki, mühacirlərimizdən kimsə yaddaşında belə bərpa edib və sonuna işğalla bağlı əlavələr edib. İşğaldan sonra Türkiyədə çap olunan ilk nümunə olduğu üçün yəqin ki, dəqiqləşdirmə aparmaq mümkünsüz olub. Sonrakı nəşrlərdə "Azərbaycan Marşı"nın sözləri cüzi fərqlə orijinalda olduğu kimi çap edilir. Yəqin ki, marşın sözlərini dəqiq bilənlərin müdaxiləsi nəticəsində mətn bərpa olunub. Qeyd etməliyəm ki, "Öz dilek" jurnalında işıq üzü görən "Azərbaycan Marşı"nın sözlərinin müəllifi göstərilməyib.

Daha sonra yenə Türkiyədə, 1928-ci ildə İstanbulun Orxaniyyə mətbəəsində "İstiqlal uğrunda" kitabında "Azərbaycan" adı ilə şeir yenə də imzasız çap olunur. ("İstiklal uğrunda" Şiirler mecmuası. Milli Azerbaycan Neşriyatından: Sayı 8. İstanbul, 1928. s. 148)

Kitabın tərtibatçısı Azərbaycanlı Əli Kamaldır. "İstiqlal uğrunda" şeirlər məcmuəsində "Azərbaycan" adı ilə yenə də imzasız çap olunan bu versiya cüzi fərqlə indiki dövlət himnimizin sözləri ilə demək olr ki, eynidir.

"Azerbaycan Balosu" dərgisi. 1966-cı il.

"Azərbaycan Marşı"nın sözlərinə növbəti dəfə Avropada, Berlində nəşr olunan "Azərbaycan" qəzeti tərəfindən çap olunan "Gənc yaradıcılar" adlı kitabçada rast gəlinir. Bu kitabçada müxtəlif müəlliflərin 25 şeir, hekayə və oçerki verilmişdir. Almas İldırımın "Bir quş olsaydım", "Bir səs gəlir uzaqdan", S. Şirvanın "Ana", Ə. Cavadın "Milli bayrağımıza", Azərizadənin "Vətən", M. Bəylinin "Üç rəngli bayrağım", Cəlil Yurdaqulun "İstiqlal" şeirləri ilə yanaşı "Azərbaycan Marşı"nın sözləri "Azərbaycan" adı ilə çap edilmişdir. İlk dəfə olaraq "Gənc yaradıcılar" toplusunda "Azərbaycan" şeiri milli himn kimi təqdim edilir. Burda da şeirin müəllifi haqqında heç nə yazılmayıb.

Professor Asif Rüstəmli öz kitabında "Gənc yaradıcılar" kitabçasında verilmiş "Ön söz" və"Azərbaycan" ( milli qimn) şeirini olduğu kimi oxuculara tıqdim edir:

"Toplunun 3-cü səhifəsində "Azərbaycan" qəzeti adından "Ön söz" verilmiş, ardınca "Azərbaycan" şeiri Milli Himn kimi ilk dəfə təqdim olunmuşdur. Kitabçanın "Ön söz"ündə yazılır: "Hörmətli oxuculararımıza təqdim etdiyimiz "Gənc yaradıcılar" bizim Azəri türk gənclərinin bu sahədəki ilk addımlarıdır...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ