Osman Emin: "Balkan Türklüyü Türk Dünyasının Avropada yaşayan yaddaşıdır"


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Türk Dünyası Həftəsində iştirak edən Şimali Makedoniyadan olan qonaq, Müqəddəs Kiril və Mefodi Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor, filologiya elmləri doktoru Osman Eminin Turkustan.az-a müsahibəni təqdim edirik.

-Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilən Türk Dünyası Həftəsini necə qiymətləndirirsiniz?

Prof. Dr. Osman Emin: Əvvəla, qeyd etmək istərdim ki, bu gün burada olmaq mənim üçün təkcə akademik vəzifə deyil, həm də tarixi və mədəni məsuliyyət, eyni zamanda böyük qürur mənbəyidir. Çünki biz təxminən bir əsr əvvəl – 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın irəli sürdüyü ortaq idealın, ortaq yaddaşın və ortaq gələcək təsəvvürünün varisləriyik. Birinci Türkoloji Qurultay Türk dünyasının modernləşmə tarixində təkcə elmi toplantı deyil, ümumi mədəni şüurun yenidən formalaşdırılmasına yönəlmiş böyük bir intellektual hərəkat olmuşdur. Əlifba, dil və təhsil məsələləri ətrafında aparılan müzakirələrin əsas məqsədi türk xalqları arasında mədəni əlaqələri möhkəmləndirmək və ortaq mədəniyyət perspektivini inkişaf etdirmək idi. Bu tarixi qurultayın məhz Bakıda keçirilməsi təsadüfi deyildi. XX əsrin əvvəllərində Bakı Türk dünyasının ən mühüm fikir və mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, yetişdirdiyi ziyalılarla Türkologiya elminin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycanda yeni əlifba islahatlarının ilk genişmiqyaslı tətbiqlərindən birinin həyata keçirilməsi də həmin elmi və intellektual mühitin təbii nəticəsi idi. Qurultayın qarşıya qoyduğu əsas məqsədlər sırasında ortaq əlifbanın yaradılması, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və mədəni yaxınlaşmanın gücləndirilməsi xüsusi yer tuturdu. Latın qrafikası əsasında hazırlanan ortaq əlifba ideyası türk xalqları arasında ünsiyyəti asanlaşdırmaq və mədəni qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyırdı. Lakin sonrakı tarixi proseslər bu məqsədlərin həyata keçirilməsi qarşısında ciddi maneələr yaratdı. Sovet totalitar rejiminin repressiyaları nəticəsində Qurultayın bir çox nümayəndəsi ağır təqiblərə məruz qaldı, Türkologiya elmi isə ciddi zərər gördü. Buna baxmayaraq, Qurultayın irəli sürdüyü ideyalar unudulmadı və Türk xalqlarının yaddaşında yaşamaqda davam etdi. Ötən əsrin sonlarında Türk respublikalarının yenidən müstəqillik qazanması ilə ortaq əlifba və mədəni əməkdaşlıq ideyası yenidən aktuallaşdı. Bu, tarixi idealların zaman keçsə də öz dəyərini qoruduğunu göstərir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində imzaladığı Sərəncam xüsusi əhəmiyyət daşıyır. Həmin Sərəncam Birinci Türkoloji Qurultayın 100 illiyinin bütün Türk dünyasının ortaq mədəni irsi kimi qiymətləndirilməsinin vacibliyini ortaya qoyur. Bu yanaşma təkcə keçmişə ehtiramın deyil, həm də ortaq gələcəyə inamın ifadəsidir. Prezident İlham Əliyevin səsləndirdiyi “Ailəmiz Türk dünyasıdır” fikri də məhz bu baxışın parlaq ifadəsidir. Eyni zamanda, ortaq türk əlifbası ilə nəşr edilən Çingiz Aytmatovun əsəri də yüksək simvolik əhəmiyyət daşıyır. Bu təşəbbüs göstərir ki, ortaq əlifba yalnız nəzəri ideya deyil, həm də Türk dünyasının zəngin ədəbi irsini vahid mədəni müstəvidə birləşdirə biləcək real imkanlardan biridir. Bu gün Bakıda keçirilən Türk Dünyası Həftəsi də təkcə akademik tədbir deyil. Bu tədbir yüz il əvvəl irəli sürülmüş mədəni birlik idealının yenidən gücləndiyini nümayiş etdirir. Mədəniyyət, incəsənət, iqtisadiyyat, təhsil və diplomatiya sahələrində həyata keçirilən tədbirlər Türk dünyasının çoxşaxəli əməkdaşlıq potensialını aydın şəkildə ortaya qoyur. Bu ortaq iradə gələcəyə olan inamımızı daha da möhkəmləndirir.

Türkologiyanın bu gün Türk dünyası üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

Prof. Dr. Osman Emin: Türkologiya bu prosesin ən mühüm dayaqlarından biridir. Çünki Türkologiya yalnız dil və ədəbiyyat tədqiqatlarından ibarət deyil. O, tarixi, mədəniyyəti, folkloru, milli kimliyi, şifahi ənənəni və sivilizasiya elementlərini kompleks şəkildə araşdıran fundamental elm sahəsidir. Bu baxımdan Türkologiya ortaq mədəni yaddaşımızı qoruyan və onu gələcək nəsillərə ötürən əsas elmi istiqamətlərdən biridir. Dilini qoruyan xalqlar mədəni davamlılığını da qoruyurlar. Buna görə də Türkologiya tədqiqatları yalnız keçmişi öyrənmək üçün deyil, həm də gələcəyi qurmaq baxımından böyük əhəmiyyət daşıyır. Biz, yalnız eyni kökdən gələn xalqlar deyilik. Biz, Əhməd Yəsəvinin hikmətində ortaq irfanı tapan, Füzulinin poeziyasında ortaq estetik duyğunu hiss edən, Yəhya Kamalın misralarında isə eyni mədəniyyət ruhunu bölüşən böyük bir mədəniyyət ailəsinin üzvləriyik. Məhz buna görə də İsmayıl Qaspıralının “Dildə, Fikirdə, İşdə Birlik” prinsipi bu gün də aktuallığını qoruyur. Çünki dil birliyi təkcə ünsiyyəti asanlaşdırmır, həm də ortaq düşüncəni, ortaq şüuru və ortaq gələcəyi möhkəmləndirir.

Balkanlar və Balkan türkləri Türk dünyası üçün hansı əhəmiyyətə malikdir?

Prof. Dr. Osman Emin: Balkanlar tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu çoxqatlı bir coğrafiya olmuşdur. Əsrlər boyu Osmanlı sivilizasiyasının formalaşdırdığı bu bölgədə Türk dili və mədəniyyəti dərin izlər buraxmışdır. Balkan türkləri tarix boyu qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, öz dillərini, mədəniyyətlərini və milli kimliklərini qoruyub saxlamağı bacarmışlar. Çünki bir millətin həqiqi gücü yalnız onun siyasi sərhədlərində deyil, dilində, mədəniyyətində və tarixi yaddaşında yaşayır. Məhz buna görə də Balkan türkləri sadəcə bir etnik icma deyil, Türk dünyasının Avropadakı tarixi yaddaşının daşıyıcılarıdır. Balkanlardakı tarixi və mədəni irsin Türk dünyasının ortaq yaddaşındakı yerini ən təsirli şəkildə əks etdirən şəxsiyyətlərdən biri də Yavuz Bülent Bakilərdir. O, 1976-cı ildə Türkiyəni təmsil edərək, həmin dövrdə Yuqoslaviya tərkibində yerləşən Ştruqa şəhərində keçirilən Poeziya Günlərində iştirak etmiş, bu münasibətlə on gün ərzində Balkan coğrafiyasını gəzərək bölgənin tarixi və mədəni mühitini yaxından müşahidə etmişdir. Yavuz Bülənt Bakilər bu səfərin təəssüratlarını “Üsküpdən Kosovoya” adlı əsərində əbədiləşdirmiş, sonrakı illərdə isə “Türküstan, Türküstan” əsəri ilə Türk dünyasının müxtəlif bölgələrinə uzanan mədəni səyahətini davam etdirmişdir. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə isə “Üsküpdən Kosovoya” kitabının onda oyatdığı dərin hissləri belə ifadə etmişdir:

“Mənə görə, hər türk “Üsküpdən Kosovoya” kitabını oxumalıdır. Amma onu oxuduqdan sonra ağlamayan Türkə mən Türk demərəm.”

Bu fikir göstərir ki, sözügedən əsər sadəcə səyahət qeydlərindən ibarət deyil. O, Balkanlardakı Türk varlığının, tarixi yaddaşın və mədəni irsin insan qəlbində oyatdığı duyğuların təsirli ifadəsidir. Həqiqətən də, Yavuz Bülənt Bakilərin əsərlərində Balkanlar sadəcə ziyarət edilən bir coğrafiya deyil, Türk dünyasının ortaq yaddaşının yaşayan və hiss olunan ayrılmaz bir parçası kimi təqdim olunur.

Şimali Makedoniyada türk dili təhsili və türkologiya sahəsində aparılan tədqiqatlar haqqında nə deyə bilərsiniz?

Prof. Dr. Osman Emin: Şimali Makedoniyada yaşayan Türk toplumunun təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi fəaliyyətlər yüksək qiymətə layiqdir. Türk dilinin tədris dili kimi yaşadılması təkcə pedaqoji məsələ deyil, həm də milli-mədəni kimliyin qorunmasına xidmət edən tarixi məsuliyyətdir. Bu baxımdan, Türklərin Milli Bayramı olan 21 Dekabr Türk Təhsil günü xüsusi əhəmiyyət daşıyır. Çünki bu coğrafiyada Türk dili yalnız ünsiyyət vasitəsi deyil, həm də tarixi mənsubiyyətin, mədəni yaddaşın və milli kimliyin daşıyıcısıdır.

Bu gün Balkanlarda keçirilən elmi tədqiqatlar, beynəlxalq simpoziumlar və akademik nəşrlər göstərir ki, Türkologiya bu bölgədə öz canlılığını qoruyub saxlayır. Bu fəaliyyətlər mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verir.

Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

Prof. Dr. Osman Emin: Qarabağ Zəfəri təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Türk dünyasının ortaq yaddaşı, həmrəyliyi və gələcəyə inamı baxımından tarixi dönüş nöqtəsidir. Bu Zəfər beynəlxalq hüququn və ədalətin bərpası ilə yanaşı, Türk dünyasında birlik və qardaşlıq duyğularını da daha da gücləndirmişdir. Xüsusilə, Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” prinsipinin real həyatda öz təsdiqini tapması bütün dünyaya Türk dövlətləri arasında həmrəyliyin nə qədər möhkəm olduğunu nümayiş etdirdi. Qarabağın yenidən qurulması, tarixi-mədəni irsinin bərpası və bölgənin dirçəldilməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki sivilizasiya yalnız torpaqları qorumaqla deyil, həm də tarixi abidələri, dili, mədəniyyəti və ortaq yaddaşı yaşatmaqla güclənir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlıq layihələri, nəqliyyat dəhlizləri, eləcə də təhsil, mədəniyyət və elm sahələrində inkişaf etdirilən birgə təşəbbüslər Qarabağ Zəfərinin yaratdığı etimad və həmrəylik mühitindən güc alır. Bu baxımdan Qarabağ Zəfəri yalnız hərbi qələbə deyil, həm də Türk dünyasının ortaq gələcəyinə inamı möhkəmləndirən, birlik, həmrəylik və ortaq fəaliyyət iradəsini gücləndirən tarixi nailiyyətdir.

Sonda Balkan türkü olaraq Türk dünyasına hansı mesajı vermək istərdiniz?

Prof. Dr. Osman Emin: 1926-cı ildə Bakıda alovlandırılan elm və birlik məşəli yüz il sonra da Türk dünyasının ortaq gələcəyini işıqlandırmaqda davam edir. Birinci Türkoloji Qurultayın irsi yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə aparan yol xəritəsidir. Bu gün bizim əsas vəzifəmiz həmin irsi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə çatdırmaqdır. Çünki mədəniyyətini qoruyan xalqlar öz gələcəyini də qoruyurlar. Dilini yaşadan cəmiyyətlər isə tarixi yaddaşını və sivilizasiya irsini gələcəyə daşımağı bacarırlar.

Sonda bir daha vurğulamaq istərdim ki, Balkanlar sadəcə bir coğrafiya deyil, tarixi yaddaşın və mədəni davamlılığın yaşadığı mühüm sivilizasiya məkanıdır. Türk dili isə burada yalnız danışıq vasitəsi deyil, keçmişlə gələcək arasında qurulan möhkəm körpüdür. Bu körpü möhkəm olduqca Türk dünyasının könül bağları da möhkəm qalacaqdır.

Ümid edirəm ki, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən bu mötəbər tədbir Türk dünyasının birliyinin, həmrəyliyinin və ortaq gələcəyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Bəxtiyar Səlimov/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ