İran Bərzaninin ofisinə edilən hücumla bağlı açıqlama yaydı


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İraq Kürdüstan Regional Hökumətinin (İKRH) Baş naziri Məsrur Bərzaninin ofisinə edilən pilotsuz uçuş aparatı hücumunu “çox şübhəli hadisə” adlandırıb.

Turkustan.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinə danışan Bekayi hücumu pisləyərək, hadisəyə ehtiyatla və həssas yanaşmağın vacibliyini vurğulayıb.

O bildirib ki, İran ortaq maraq doğuran bütün məsələlərdə İraq və İraq Kürdüstan Regional Hökuməti ilə dostluq münasibətlərini qorumağa və gücləndirməyə sadiqdir.

Bekayi bütün tərəfləri İran və İraq xalqları arasındakı qardaşlıq münasibətlərinə zərər vurmağa çalışan “İran və İraq düşmənlərinin pis planlarını” puç etmək üçün birgə fəaliyyət göstərməyə çağırıb.

İran XİN sözçüsü həmçinin İraq rəsmilərinin, xüsusilə Milli Təhlükəsizlik Müşavirinin ölkədə xarici qüvvələrlə əlaqəli və “saxta bayraq” əməliyyatlarının hazırlanması və həyata keçirilməsində iştirak edən qruplarla bağlı əvvəlki xəbərdarlıqlarını xatırladıb.

Bekayi bütün tərəflərin hadisə ilə bağlı daha diqqətli və ayıq davranmasının vacibliyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ