ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu və Cənubi Koreyanın İranla müharibədə ABŞ-a dəstək vermədiyini əsas gətirərək Vaşinqtonun Seulla birgə hərbi təlimlərini azaltmaq niyyətində olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu açıqlamanı ABŞ və Cənubi Koreyanın planlaşdırılan 10 günlük birgə hərbi təlimlərinin başlamasına bir neçə saat qalmış verib.
ABŞ Prezidenti bildirib ki, Kim Çen Inla “çox yaxşı münasibətlərinə” görə Cənubi Koreya ilə uzun müddətdir keçirilən hərbi təlimlərdən narazıdır.
“Bu təlimlər təkcə baha başa gəlmir, həm də xərclərin böyük hissəsini, həmişə olduğu kimi, ABŞ ödəyir. Onlar həmçinin Donald Trampın prezidentliyi dövründə təhdid etməyən və hörmətlə yanaşan bir ölkəyə tamamilə yersiz və düşmənçilik xarakterli siqnal göndərir”, – deyə Tramp qeyd edib.
Kim Çen Inla birlikdə çəkdirdiyi fotonu da paylaşan Tramp iki ölkə liderləri arasında münasibətlərin yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, Cənubi Koreya 70 ildən artıqdır ABŞ-ın yaxın müttəfiqidir. İki ölkə arasında əsasən Şimali Koreyadan gələn təhdidlərə qarşı yönəlmiş qarşılıqlı müdafiə müqaviləsi mövcuddur.
Aytən Yaşar/ Turkustan.az