Dünən İstanbuldakı İbn Haldun Universitetində Heydər Əliyev adına “Avrasiya Tədqiqatları və Tətbiqi Mərkəzi”nin Türk Dövlətləri Təşkilatı (TDT) ilə birgə təşkil etdikləri “Türk Dünyasının gələcəyi” başlıqlı 3-cü yay Forumu öz işinə başladı.

Dünyanın fərqli coğrafiyalarından onlarla bilim insanının iştirak etdiyi forumu giriş sözü ilə açan Mərkəzin rəhbəri, professor Yaşar Sarı Forum iştirakçılarını salamlayaraq, belə bir önəmli tədbirə ev sahibliyi etdikləri üçün məmnunluq duyduqlarını ifadə etdi. O, bildirdi ki: “Biz H.Əliyev Mərkəzi olaraq sadəcə yay forumu təşkil etmirik, müxtəlif layihələr həyata keçirir, kitablar nəşr etdirir, məruzələrlə çıxış edirik. Bu forum üçün 1000-dən çox müraciət edən oldu, amma biz 130 nəfəri seçdik. On gün boyunca davam edəcək forum çərçivəsində sadəcə müxtəlif panellər deyil, simulyasiya və digər fəaliyyətlərimiz də olacaq, həmçinin Türk Dünyasının önəmli qurumlarını da ziyarət edəcəyik”.

Daha sonra çıxış edən Universitetin prorektoru Özcan Erkan Akgün qeyd etdi ki: “Dünyada insanlar arasında kommunikasiyanın azaldığı, ailə bağlarının zəiflədiyi, mədəniyyətlər arası birləşmələrin və həmrəyləyin hər cür ortaq fəaliyyətlərə rəğmən azaldığı, dövlətlərin yeni bir qarışıq düzənə hazırlandığı, müxtəlif texnologiyalara, özəlliklə silah texnologiyasına sərmayələr qoyulduğu dəyişik bir dövrə girmək durumundayıq. Bu qlobal dəyişikliklərə baxmayaraq biz Türklər öz mədəniyyətimizə baxdığımız zaman bizdə ataya sayqıyı, güclü ailə bağlarını, törəyə sayqıyı, bir-birinə sahib çıxmağı və həmrəyliyi görürük. Əslində bu dəyərlərimiz bizim birlikdə çox daha böyük işlər görə biləcəyimizin bir göstəricisidir. Bizim universitet sosial bilimlər universitetidir, dolayısıyla buradakı sərmayə insanı daha yaxşı anlamaq, münasibətləri doğru qurmağa çalışmaq, insanlar arsındakı əlaqələri doğru müəyyən etmək, dünyanı daha yaxşı dillər halına gətirməyə çalışmağa yönəlikdir. Bu mənada universitetimiz çox gözəl layihələr həyata keçirir və bu baxımdan H.Əliyev Mərkəzimizin gerçəkləşdirdiyi bu forum da çox önəmlidir, əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Nuru Quliyev Türkiyədəki yeni fəaliyyətindən qürur duyduğunu bildirərək qeyd etdi ki: “2009-cu ildə yaradılan TDT-na üzv ölkələrin bu universitetdə tələbələri təhsil alır, bu çox sevindirici haldır. TDT-nin məqsədi Türk Dövlətlərində fəaliyyət göstərən bir çox təşkilatları bir araya gətirmək və onlar arasında iş birliyi yaratmaqdır. Digər məqsədimiz isə dövlətlərimizin məmurları, vətəndaşları, iş və bilim insanları arasında əlaqələr qura bilməkdir. Düşünürəm ki, universitetinizin təşkil etdiyi bu Forum bu mənada çox əhəmiyyətlidir və əlaqələrin inkişafında böyük rol oynayacaqdır. Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan 44 günlük savaşın ardından öz torpaqlarını geri alaraq tam suverenliyinə sahib güclü bir dövlətdir. Bu ərəfədə TDT-nın missiyası da danılmazdır.
Diqqətinizə çatdırım ki, Sovetlər Birliyi idarəetmə sistemi zor gücüylə Zəngəzur bölgəsini ermənilərə verdi. Zəngəzur koridoru 44 günlük savaşın bir hədiyyəsidir, çünkü bu koridor Türkiyəni, Türk Dünaysını və dünyanın şərqi ilə qərbini bir-biri ilə birləşdirən ana koridorlardan biridir”.
N. Quliyev onu da vurğuladı ki, TDT ölkələrimiz arasında təhsilin inkişafına da öz töhfələrini verir, bununla ilgili təşkilatın Orhun proqramı var. O çıxışının sonunda qeyd etdi ki, bu gün sizlər bilim insanı olaraq burada iştirak edirsiniz, amma gün gələcək hər biriniz dövlətlərinizin önəmli məsələlərində əhəmiyyətli mövqe nümayiş etdirəcəksiniz və bu bizim Türk Birliyinin gələcəyinə olan inamımızı artırır.
Forum çərçivəsində iştirakçılara Türk Dövlətlərinin önəmli yerlərinin fotosu əks olunan sərgi də nümayiş etdirildi.
Yaqut Misirxanlı
Istanbuldan “Türküstan” qəzeti üçün


