Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bildirilib ki, R.Koçaryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb. Qeyd olunub ki, hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən iclas hələ dünəndən başlayıb. Gecə R. Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya çatdırılıb və məsələnin baxılması onun iştirakı olmadan davam edib. İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Paşinyan bu prosesi seçkidən dərhal sonra başladıb.
Ekspertin sözlərinə görə, açılan cinayət işləri 2000-ci illərin ilk onilliyinə aiddir:
“Bu, Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda baş verir. Digər tərəfdən, yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı prosedur imkanlarının məhdud olması fonunda reallaşır. Rusiya ilə münasibət artıq gərgin fazaya daxil olub. Paşinyan anlayır ki, ilin sonunadək Rusiya elə addımlar ata bilər ki, Ermənistan iqtisadiyyatında qısamüddətli olsa da, gərginlik yaşana bilər. Bu gərginlik müəyyən dərəcədə əhali tərəfindən narazılıqla qarşılana bilər. Narazılığın başında da məhz Robert Köçəryan və digərlərinin durması aydın məsələdir. Yəni bəri başdan, gələcək mümkün etirazların başında duran siyasətçiləri, xüsusən onların maliyyə mənbələrini neytrallaşdırır. Digər tərəfdən, Ermənistanın daxili informasiya məkanında da Köçəryan-Sarkisyan cütlüyünün maliyyələşdirdiyi onlarla mətbu orqan var. Məhz maliyyə mənbələrinə qarşı Köçəryana və Sarkisyana məxsus maliyyə mənbələrinə qarşı cinayət işinin açılması, onların fəaliyyətinin dayandırılması bu media orqanlarının işinin məhdudlaşdırılmasına gətirib çıxarır”.
Analitik əlavə edib ki, Konstitusiyaya gəldikdə, bilirik ki, seçkilərdən sonra Paşinyan hökuməti formalaşdırmaq üçün parlamentdə səs çoxluğunu təmin edib:
“Lakin üçdə iki səs çoxluğunu təmin edə bilməyib. Belə olan halda düşünülür ki, rusiyapərəst müxalifət liderlərinə, onların maliyyə mənbələrinə qarşı apardığı fəaliyətin nəticəsində bu fraksiyalara daxil olan deputatların səsini də lazımı anda təmin edə biləcək. Bu da referendumun keçirilməsinə şərait yaradacaq”.