Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından 500-dən yuxarı bal yığan 106 abituriyent tələbə adını qazana bilməyib. Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci buraxılışında qeyd olunub.
Belə ki, IV ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 686 abituriyentdən 70-i, 600-700 arası bal toplayan 50 abituriyentdən 28-i, III ixtisas qrupu üzrə 500-600 arası bal toplayan 44 abituriyent isə ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
Bəs yüksək bal toplayan abituriyentlərin qəbuldan kənarda qalmasının əsas səbəbi nədir? Yüksək nəticə əldə edən abituriyent ixtisas seçimi zamanı hansı məqamlara diqqət etməlidir?
Təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında bildirib ki, yüksək bal toplayan abituriyentlərin qəbul ola bilməməsi hər il müzakirə edilən, lakin hələ də tam həllini tapmayan məsələlərdəndir.
Ekspertin sözlərinə görə, ötən illərdə də yüksək nəticə göstərən, hətta 650-dən çox bal toplayan abituriyentlərin qəbuldan kənarda qalması halları olub:
“Biz hər il ali təhsil müəssisələrinə qəbuldan sonra bu kimi məsələləri müzakirə edirik. Təəssüf ki, növbəti illər üçün bununla bağlı hər hansı ciddi yenilik və dəyişiklik baş vermir. Ötən il də belə hallar olmuşdu. Hətta 650-dən yuxarı bal toplayan bir abituriyent üçüncü qrupda qəbul ola bilməmişdi”.
M. Məmmədli qeyd edib ki, bu il 500-700 bal aralığında 106 abituriyentin ali məktəbə qəbul ola bilməməsi böyük potensiala malik gənclərin kənarda qalması deməkdir:
“Bu, eyni zamanda həmin abituriyentlərin və valideynlərin ciddi stress və gərginlik yaşaması deməkdir. Çünki Azərbaycanda ali təhsil müəssisəsinə qəbul əksər valideynlər üçün çox ciddi məsələdir. Burada maliyyə amili də var. Yüksək bal toplayan abituriyentlərin böyük əksəriyyəti uzun müddət hazırlıq keçir və bunun üçün ailələr kifayət qədər vəsait xərcləyirlər”.
Ekspertin fikrincə, yüksək bal toplamaqla yanaşı, abituriyentin ixtisas seçimi zamanı düzgün strategiya müəyyənləşdirməsi də vacibdir. Onun sözlərinə görə, bir çox hallarda abituriyent yalnız arzuladığı ixtisasları seçir və qəbul şansını artıran alternativləri nəzərə almır.
“500-dən yuxarı bal toplamaq və bununla belə ali məktəbdən kənarda qalmaq məsələsinin müəyyən mexanizmi olmalıdır. Bu mövzu geniş müzakirə edilməli, mütəxəssislərin iştirakı ilə toplantılar keçirilməli və nəhayət, bununla bağlı tədbirlər planı hazırlanmalıdır”, - deyə M.Məmmədli vurğulayıb.
O bildirib ki, ixtisas qrupları üzrə mövcud bölgü və qəbul planları da bu məsələyə təsir edən amillərdəndir:
“Dövlət, hökumət, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə şəkildə bu məsələyə çıxış yolu axtarmalıdır. Yaxşı olar ki, Dövlət İmtahan Mərkəzi özü bu məsələdə təşəbbüs göstərsin. Ən azı müəyyən qruplar üzrə mövcud məhdudiyyətlərə yenidən baxılmalıdır”.
M.Məmmədli hesab edir ki, yüksək nəticə göstərən abituriyentin yalnız bir ixtisasa və ya məhdud sayda ixtisasa fokuslanması risklidir. Buna görə də ixtisas seçimi zamanı keçid balları, plan yerləri, əvvəlki illərin nəticələri və şəxsin real qəbul imkanları nəzərə alınmalıdır.
“Artıq 500-700 bal arasında 106 nəfərin qəbuldan kənarda qalması ciddi siqnaldır. Bu tendensiya hər il artırsa, məsələ ilə bağlı sistemli şəkildə tədbir görülməsinə ehtiyac var”, - deyə ekspert əlavə edib.