Neft qiymətləri cümə axşamı İran və Oman arasında aparılan danışıqların Hörmüz boğazının açılmasına və Yaxın Şərqdəki müharibə səbəbindən yaranan təchizat problemlərinin azalmasına səbəb ola biləcəyi gözləntiləri fonunda ucuzlaşıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Brent markalı neftin noyabr fyuçersləri Bakı vaxtı ilə saat 07:30-da 41 sent və ya 0,5 faiz ucuzlaşaraq bir barel üçün 87,43 dollara düşüb. Bununla da Brentin qiyməti ardıcıl dördüncü gündür geriləyib.
ABŞ-ın Qərbi Texas markalı (WTI) xam neftinin oktyabr fyuçersləri isə 37 sent və ya 0,5 faiz azalaraq 81,86 dollar olub. WTI qiymətləri də ardıcıl beşinci gündür aşağı düşür.
“Reuters”in məlumatına görə, İran və Oman Hörmüz boğazında gəmiçilik və nəzarətlə bağlı razılaşmanın detallarını yekunlaşdırmaq üzərində işləyir. Məlumata görə, tərəflər boğazdan istifadənin təşkili və əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər.
Hörmüz boğazının açılması ilə bağlı gözləntilər neft bazarında təchizat narahatlıqlarının azalmasına və qiymətlərin aşağı düşməsinə təsir göstərib.
Aytən Yaşar/ Turkustan.az