İşçilərin icbari tibbi müayinədən keçirilməsi bəzi peşə və iş sahələri üçün qanunvericiliklə tələb olunur. Müayinə zamanı işçinin sağlamlıq vəziyyətinin onun yerinə yetirdiyi əmək funksiyasına uyğun olmadığı müəyyən edilərsə, işəgötürən tərəfindən müəyyən tədbirlər görülə bilər. Əmək Məcəlləsində belə hallarda işçinin işdən kənarlaşdırılması da nəzərdə tutulur.
İcbari tibbi müayinənin nəticəsində hansı sağlamlıq göstəriciləri və ya əks-göstərişlər müəyyən edilərsə, işçi tutduğu vəzifədən işdən kənarlaşdırıla bilər? Belə vəziyyətdə işçinin başqa işə keçirilməsi mümkündürmü və işdən kənarlaşdırma hansı qaydada həyata keçirilməlidir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, konkret xəstəliyin işçinin işləməsinə mane olub-olmaması onun çalışdığı sahədən asılıdır.
Onun sözlərinə görə, müəyyən iş yerləri və peşələr üzrə çalışan şəxslərin mütləq tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulub:
“Bununla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı var. Məsələn, hər hansı xəstəlik bir iş yeri üçün həmin şəxsin işləməsinə əks-göstəriş hesab oluna bilər, digər iş yerində isə belə məhdudiyyət yaratmaya bilər.
Yəni konkret iş vəzifəsi üçün müəyyən xəstəliklər olduqda həmin şəxsin orada işləməsi qadağan edilən iş yerləri var və bununla bağlı siyahı tərtib olunub”.
S.Məmmədov qeyd edib ki, tibbi müayinənin nəticəsinə əsasən işçinin həmin vəzifədə çalışmasının mümkün olmadığı müəyyən edilərsə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilə və ya işçi sağlamlıq vəziyyətinə uyğun başqa işə keçirilə bilər:
“Əgər şəxs tibbi yoxlanışdan keçmədikdə müəyyən olunursa ki, həmin xəstəliyi var və bu peşədə işləyə bilməz, onun əmək müqaviləsinə xitam verilə bilər. Amma başqa uyğun iş varsa və həmin xəstəliklə orada işləməsi mümkündürsə, başqa işə keçirilməsi də mümkündür”.
Ekspertin sözlərinə görə, işəgötürən işçini həm əmək münasibətlərinə başlayarkən, həm də qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə tibbi müayinəyə göndərə bilər.
S.Məmmədov bildirib ki, işçi müəyyən edilmiş müddətdə tibbi müayinədən keçmədikdə bu, avtomatik olaraq əmək müqaviləsinə xitam verilməsi demək deyil:
“İşçi tibbi müayinədən keçmədikdə işəgötürən əmək müqaviləsinə xitam vermir, onu işdən kənarlaşdırır. Nə vaxt tibbi müayinədən keçərsə, həmin sənədi təqdim etdikdən sonra işini davam etdirə bilər”.
O vurğulayıb ki, işdən kənarlaşdırma ilə əmək müqaviləsinə xitam verilməsi eyni hüquqi hal deyil. İşçi tibbi müayinədən keçmədiyi müddətdə işdən kənarlaşdırıla bilər və bu müddət üçün əməkhaqqının ödənilməsi də nəzərdə tutulmur.
Ekspert əlavə edib ki, tibbi müayinənin nəticəsində işçinin konkret xəstəliyinin onun tutduğu vəzifədə işləməsinə mane olduğu müəyyən edilərsə, bundan sonra qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi və ya işçinin sağlamlıq vəziyyətinə uyğun başqa işə keçirilməsi məsələsinə baxıla bilər.