Dəhşət! Bu ölkədə fövqəladə vəziyyət elan edildi


Panama hökuməti El Niño iqlim hadisəsinin yaratdığı təsirlər səbəbindən ölkə üzrə fövqəladə vəziyyət elan edib.

Turkustan.az xəbər verir ki, “United Press International”ın (UPI) məlumatına görə, El Niño Panamanın xüsusilə şimal və Karib dənizi bölgələrində güclü yağışlara və daşqınlara səbəb olub. Nəticədə 15 600-dən çox insan zərər çəkib.

Panamanın daxili işlər naziri Dinoska Montalvo bildirib ki, fövqəladə vəziyyətin elan edilməsində məqsəd inzibati prosedurları sadələşdirmək, dövlət qurumlarının operativ imkanlarını gücləndirmək və mümkün yeni hadisələrə hazırlığı artırmaqdır.

Panamanın Milli Mülki Müdafiə Sistemi (Sinaproc) ölkədə El Niño ilə əlaqəli daşqınların ilin əvvəlindən etibarən 15 mindən çox insana təsir etdiyini açıqlayıb. Rəsmi məlumatlara görə, zərərçəkənlərin böyük hissəsi Bocas del Toro və Kolon əyalətlərində yaşayır.

El Niño ölkənin müxtəlif bölgələrində ziddiyyətli hava şəraitinə səbəb olur. Bəzi ərazilərdə güclü yağış və daşqınlar müşahidə edilərkən, digər bölgələrdə yağıntı çatışmazlığı və su qıtlığı riski artır.

Panama Meteorologiya və Hidrologiya İnstitutunun proqnozlarına əsasən, El Niño hadisəsinin təsirlərinin yaxın aylarda daha da güclənməsi gözlənilir. Bu vəziyyət daşqın, sürüşmə və quraqlıq kimi ekstremal hava hadisələri riskini artırır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ