Son illərdə dünya üzrə əmək bazarında baş verən transformasiyalar təhsil sisteminin ənənəvi ixtisas və peşə yönümlü modelini ciddi şəkildə sorğulamağa səbəb olub. Dördüncü sənaye inqilabının təsiri ilə texnologiya, avtomatlaşdırma və süni intellekt insan əməyinə olan tələbatı köklü şəkildə dəyişir. Beynəlxalq Əmək Təşkilatının (ILO) 2024-cü il hesabatına əsasən, növbəti on il ərzində mövcud ixtisasların təxminən 40 faizi ya tamamilə yox olacaq, ya da ciddi şəkildə dəyişəcək.
Hazırda ali və orta ixtisas təhsil pilləsinə qəbul imtahanı verən gənclər qarşıdakı beşillikdə əmək bazarına atılacaqlar. Universiteti və ya orta ixtisas təhsil pilləsini bitirdikdən sonra iş həyatları necə olacaq? Yaxın gələcəyin ən perspektivli və aktuallığını itirən ixtisasları hansılar olacaq? Bu gün universitetlər gələcək üçün potensial kadr hazırlaya bilirmi? Məzunlar ixtisas seçimində nələrə diqqət etməlidir?
Bizim.Media xəbər verir ki, “Teleqraf.az” bu sahədə araşdırma hazırlayıb.
2027-ci ilə qədər 83 milyon iş yeri avtomatlaşdırılacaq
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı sualımıza cavab olaraq qeyd etdi ki, bu kontekstdə hazırkı abituriyentlərin və universitetə hazırlaşan gənclərin ixtisas seçimi məsələsi strateji xarakter daşıyır.
“Dünya İqtisadi Forumunun “Future of Jobs Report 2023” sənədində qeyd olunur ki, 2027-ci ilə qədər 83 milyon iş yeri avtomatlaşdırılacaq, əvəzində isə 69 milyon yeni və fərqli bacarıqlar tələb edən vakansiyalar yaranacaq. Bu statistikaya əsasən, artıq ənənəvi anlayışlarla deyil, gələcəyin bacarıq bazası üzərində qurulmuş yanaşma ixtisas seçiminin əsasını təşkil etməlidir. Azərbaycan kimi inkişaf edən ölkələrdə isə bu dəyişikliklərə adaptasiya prosesi daha yavaşdır və bu da gənclərin əmək bazarında riskə məruz qalma ehtimalını artırır”.
Bəs yaxın gələcəyin ən perspektivli ixtisasları hansılar olacaq?
Təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu suala ixtisas qrupları üzrə cavab vermək daha məqsədəuyğundur. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə istinadən xüsusilə, kompüteryönümlü ixtisasların 1-ci ixtisas qrupunda daha perspektivli hesab olunduğunu demək olar.
“Bu ixtisaslar içərisində bizdə hazırda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, data analitikası kimi ixtisasların daha perspektivli olacağı ehtimal olunur. Bununla yanaşı, 1-ci ixtisas qrupundakı qida mühəndisliyi ixtisası da gələcəyin ixtisaslarından hesab edilir. Çünki hazırda bildiyiniz kimi, qida sənayesi həm bizdə, həm də dünyada sürətlə inkişaf etməkdədir. Yaxın gələcəkdə, bəlkə də, qarşıdakı 3 il ərzində bu ixtisasın ən perspektivli ixtisaslardan olacağını ehtimal edirəm. Bu ixtisas qrupunda silah sənayesi mühəndisliyini də qeyd etməliyik. Artıq yavaş-yavaş Azərbaycan silahını, PUA-larını hazırlamağa başlayır. Bir neçə ölkə ilə birgə əməkdaşlıq çərçivəsində layihələrin icrasına başlanılıb. Milli Müdafiyə Universitetinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində açılmış bu ixtisaslar da gələcək üçün perspektivli olacaq.
Eyni zamanda kimya mühəndisliyini də qeyd etmək lazımdır”.
Ramin Nurəliyevin sözlərinə görə, 2-ci ixtisas qrupu üzrə ən perspektivli sahələrdən biri də logistikadır.
“2-ci ixtisas qrupunda daha çox diqqət cəlb edən ölkəmizə də yeni gələn Beynəlxalq ticarət və logistika ixtisasıdır. Bununla yanaşı, maliyyə-iqtisad ixtisas qrupları da 2-ci ixtisas qrupunun əsas özəyi kimi qiymətləndirilir. Logistika ixtisası dünyada, xüsusilə də Türkiyədə inkişaf etmiş sahələrdəndir. Yaxın gələcəkdə bizdə də beynəlxalq daşınmaların həyata keçirilməsi, gömrük rüsumları və hesablamalarının aparılması, xüsusi şirkətlərə logistik dəstək verilməsi bu ixtisasın tələbatını artıra bilər”.
R.Nurəliyev 3-cü ixtisas qrupu üzrə hüquq, beynəlxalq münasibətlər, dövlət təhlükəsizliyi ixtisaslarının perspektivini gələcəkdə də qoruyub- saxlayacağını qeyd edir.
“Burada sosial iş ixtisasını da vurğulamaq lazımdır. Sosial iş ixtisası özündə bir neçə sahəni birləşdirir. Sosial iş ixtisasını bitirən gənclər həm də dövlət qurumlarında iş imkanı əldə edir: ASAN Xidmət, DOST Mərkəzləri, Qocalar evi və sair”.
O qeyd edir ki, əsas məsələ ixtisasın mütəxəssisi olmaq lazımdır. Bu zaman əmək və iş imkanları genişlənəcək.
O, 4-cü ixtisas qrupunda psixologiyanı xüsusilə vurğulayır. Təhsil eksperti hesab edir ki, Azərbaycanda artıq psixoloqlara müraciət artmaqdadır.
“Yaxın beş-altı il ərzində psixoloqlara daha çox ehtiyac olacaq. Qlobal dünyaya baxsaq, insanların stressiz, problemsiz yaşam tərzi azalıb. Ona görə də, 4-cü ixtisas qrupunda tibb ixtisaslarından sonra psixologiya da perspektivli ixtisas olacaq.
5-ci qrupda isə interyer dizaynı ixtisasını gələcək üçün perspektivli sahə hesab etmək olar”.
Universitetlərimiz bu gün gələcəyin əmək bazarı üçün potensial kadr hazırlamaq iqtidarındadırmı?
Kamran Əsədov hesab edir ki, hazırda Azərbaycanda tədris olunan ixtisasların əhəmiyyətli hissəsi 2000-ci illərin əvvəllərində formalaşan təhsil modelinə söykənir.
“Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, ali təhsil müəssisələrinin əsas funksiyalarından biri əmək bazarının tələblərinə uyğun kadr hazırlamaqdır. Lakin bu məqsəd praktiki olaraq reallaşmır. 2023-cü ilin rəsmi məlumatlarına əsasən, ölkədə 104 min nəfər ali təhsilli işsiz mövcuddur. Bu rəqəm ixtisas seçimində əmək bazarı ilə uyğunlaşmanın zəif olduğunu göstərir. Məsələn, universitetlərdə hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər kimi ixtisaslar üzrə təkrar hazırlıq yüksək səviyyədədir, halbuki bu sahələr üzrə vakansiyalar getdikcə azalır.Dövlət Statistika Komitəsinin 2023-cü il hesabatına görə, yalnız hüquq ixtisası üzrə ildə
4000-ə yaxın məzun olur, lakin əmək bazarında illik ehtiyac 800 nəfəri keçmir".
51 universitetdən yalnız 4-də bu ixtisaslar var
Digər tərəfdən, hazırda dünya üzrə perspektivli sayılan ixtisaslara süni intellekt, data analitikası, kiber təhlükəsizlik, biotexnologiya və rəqəmsal iqtisadiyyat sahələri daxildir. Bu sahələr üzrə bacarıqlar tələb edən iş yerləri daha sürətlə artır. Məsələn, yalnız Avropa İttifaqı ölkələrində 2025-ci ilə qədər data analiz sahəsində 500 min vakansiya yaranacağı proqnozlaşdırılır.
Azərbaycanda isə bu sahələrin tədrisi çox məhduddur. Ölkənin 51 ali təhsil müəssisəsindən yalnız 4-də (ADA, UNEC, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti) rəqəmsal texnologiyalar və data mühəndisliyi üzrə ixtisaslar mövcuddur və bu da tələbatı ödəmək üçün yetərli deyil".
Hazırda tədris olunan 2200-dən çox proqramın yalnız 17%-i beynəlxalq akkreditasiyadan keçib
K.Əsədov qeyd edir ki, universitetlərin gələcək üçün işçi hazırlamaq potensialı isə bir sıra ciddi maneələrlə üz-üzədir.
“Universitet proqramları əmək bazarından xeyli geridə qalır. İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq zəruridir, lakin bu koordinasiya formaldır. Digər problem isə müəllim heyətinin bilik və bacarıqlarının sürətli yenilənməməsidir. Təhsildə keyfiyyət təminatı agentliklərinin hesabatına əsasən, hazırda tədris olunan 2200-dən çox proqramın yalnız 17%-i beynəlxalq akkreditasiyadan keçib. Bu isə təhsilin keyfiyyət göstəricisinin zəifliyinə dəlalət edir.
Əgər bu struktur dəyişməzsə, diplomlu, lakin bacarıqsız gənclər ordusu daha da genişlənəcək. Təklif olunan dəyişikliklər sırasında universitet proqramlarının modul əsaslı və çevik olması, dual təhsil modelinə keçid (Almaniya və İsveç nümunəsində olduğu kimi), universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və startap-ekosistemlərin təhsil ocaqları ilə inteqrasiyası yer almalıdır. Bu yanaşmalar Finlandiya, Sinqapur, Cənubi Koreya kimi ölkələrdə yüksək nəticələr verib.
Nəticə olaraq, ixtisas seçimi artıq “prestijli fakültə” meyarı ilə deyil, əmək bazarının tələblərinə uyğunluğu, gələcək proqnozlar və bacarıq əsaslı yanaşma ilə müəyyən olunmalıdır. Əgər bu transformasiya baş verməzsə, ali təhsil sistemi sadəcə diplom verən, lakin real işə yararlı insan kapitalı formalaşdıra bilməyən bir sistem olaraq qalacaq. Bu isə nə dövlətin iqtisadi inkişaf strategiyasına, nə də gənclərin həyat perspektivinə uyğun gəlmir”.
R.Nurəliyev də bu mövzuda həmkarı ilə həmfikirdir. O da qeyd edir ki, bu gün universitetlərimiz gələcək üçün işçi hazırlamaq potensialına malik deyil.
“ADA Universiteti , Bakı Ali Neft Məktəbi, İqtisad Universiteti, Xəzər Universiteti kimi bəzi universitetləri çıxmaq şərtilə, digər universitetlərdə vəziyyət bərbaddır.
Bizim tələbələr bitirdikləri ixtisasları mükəmməl bilmirlər. Hüquq ixtisasını bitirən şəxs əmək müqaviləsi bağlamağı, iddia ərizəsi yazmağı bacarmır”.
Bəs bunun səbəbi nədir?
R.Nurəliyev problemin kökünü təcrübəsizlikdə görür. O qeyd edir ki, bizim universitetlərdə nəzəri biliklər üstünlük təşkil edir, təcrübə isə yoxdur.
“Bəzi universitetlərdə heç laboratoriya yoxdur. Təsəvvür edin ki, maşın mühəndisliyi ixtisasını bitirir, elektrik, mexanika mühəndisliyini oxuyub, amma universitetdə buna aid laboratoriya yoxdur. Bu, böyük biabırçılıqdır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə xüsusi addımlar atmalıdır.
Bəzi universitetlərə perspektivli olmadığı ixtisaslar üzrə təkrar plan yerləri ayrılmamalıdır. Bu, kadrları məhv etməkdir. Bir misal çəkim, Türkiyədə universitet tibb ixtisası açmaq istəyirsə, nazirlik universitetdən xəstəxanasının olmasını tələb edir. Avropada, inkişaf etmiş bütün ölkələrdə belədir. Bizdə isə buna nəzarət yoxdur. Universitet istədiyi sahə üzrə ixtisas açır, qəbul götürür, kadr hazırlaya bilmir və nəticədə ciddi problemlər ortaya çıxır. Bu gün bizim pedaqoji ixtisasları bitirən məzunlarımız MİQ imtahanına hazırlaşmaq üçün repititor yanına gedir.
Bəzi özəl universitetlərdə xüsusilə ciddi problemlər var. Bu universitetlərə qəbul verilməməlidir.
Universitetlərdə imtahanların da formatı da tamamilə fərqlidir. Ötən dəfə Elm və Təhsil Nazirliyinin dəvəti ilə biologiya olimpiadasının finalında iştirak etdik. Biologiya olimpiadasının final mərhələsində suallar sırf təcrübə əsasında formalaşmışdı. Biz hamımız bunu alqışladıq. Universitetlərdə də imtahanlar belə olmalıdır. Nəzəri biliklər artıq keçmişdə qaldı. Əlbəttə, nəzəri biliklər də olmalıdır, amma əsas təcrübədir. Təcrübə olmadığı üçün universitetlərin məzun etdiyi kadrlar iş tapmaqda çətinlik çəkir. Bizim işəgötürənlər də haqlı olaraq seçim edəndə bəzi özəl universitetlərin kadrlarını istəmir”,- təhsil eksperti vurğulayır.
Dövlət İmtahan Mərkəzi sualları çətinləşdirdiyi üçün ballar aşağı düşür
Ramin Nurəliyevin sözlərinə görə, bizdə universitetə qəbul olmaq çətin, universiteti bitirmək asandır. Amma xaricdə, xüsusilə də, inkişaf etmiş ölkələrdə bunun əksidir.
“Bu, reallıqdır. Deyə bilərsiniz ki, axı bizdə 150, 170 balla universitetə qəbul olmaq mümkündür, bəs niyə çətin hesab edirsiniz? 150, 170 balla universitetə qəbul olmağın səbəbi Dövlət İmtahan Mərkəzidir. DİM sualları çətin saldığı üçün ballar aşağı düşür. Plan yerləri hər il artırılır. Baxın, bu il də plan yerləri 2500-ə yaxın artırıldı. DİM isə artırılan plan yerinə elə suallar qoyur ki, ballar olduqca aşağı düşür. Bu da gülünc bir mənzərə formalaşdırır ki, uşaq 150-170 balla universitetə qəbul olursa, bunun harası çətindir? Sualları asanlaşdırsalar tələbə o yerlərə 350, 360 balla qəbul olacaq. Bunun nəyi pisdir?”
Yaxın gələcəkdə aktuallığını itirəcək ixtisaslar
R.Nurəliyev hesab edir ki, neft-qaz sektorunun perspektivliyi yaxın gələcəkdə xeyli zəifləyəcək.
“Düzdür, qlobal güclər bu sahənin zəifləməsini istəməsələr də, burada siyasi faktorlar da rol oynayır, artıq nəqliyyat bazarında Çinin elektrikli avtomobilləri benzinlə işləyən maşınları sıxışdırırsa, gələcəkdə bu sahənin zəifləməsi qaçılmazdır. İndi texnoloji inkişaf, robot əsridir.
Kompüteryönümlü sahələrin inkişafı digər sahələrə təsir edəcək. Bu gün robot müəllimlər dərs keçirsə, bu da pedaqoji sahələrin azalacağından xəbər verir. Gələcək nəsil müasir texnoloji avadanlıqlarla işləmək qabiliyyətinə malik olan sahələrə istiqamətlənməlidir”.
Kamran Əsədov isə ənənəvi mühasibat, arxivçilik, ümumi menecment və bəsit hüquqi xidmətlər kimi ixtisasların yaxın gələcəkdə perspektivliyini itirəcəyi qənaətindədir. Onun sözlərinə görə, bu sahələrdə artıq alqoritm və süni intellekt sistemləri insan əməyini əvəzləməyə başlayıb.“Digər tərəfdən, bəzən yanlış olaraq “perspektivli” sayılan sahələr — məsələn, beynəlxalq münasibətlər, iqtisadiyyat, jurnalistika kimi ixtisaslar — artıq həddindən artıq yüklənmiş sahələrdir və orada məzun sayı real iş yerlərindən çoxdur”.
Avqustda ali və orta təhsil müəssisələrinə ixtisas seçimi həyata keçiriləcək. İxtisas seçimində gənclər nələrə diqqət yetirməlidir?
K.Əsədov qeyd edir ki, ixtisas seçimi edən gənclər üçün vacib olan əsas meyarlar dəyişməkdədir. Ekspertin sözlərinə görə, əvvəllər bir ixtisas üzrə peşə sahibi olmaq yetərli sayılırdısa, indi sahələrarası bacarıqlara sahib olmaq tələb olunur.
“Məsələn, həm proqramlaşdırma biliklərinə, həm də kommunikasiya qabiliyyətinə malik bir şəxs əmək bazarında daha üstün mövqedədir. Bu isə o deməkdir ki, yalnız texniki ixtisas deyil, humanitar sahələr də transformasiya olmalıdır. Psixologiya, təhsil, sosial iş kimi sahələr də rəqəmsallaşma və fərdi xidmətləşmə baxımından yeni imkanlar yaradır”.
Peşə təhsilinə yönələn 9-cu siniflər qətiyyən turizm ixtisası seçməsinlər
Ramin Nurəliyev də hesab edir ki, abituriyentlər ixtisas seçimində gələcəkdə əmək bazarına açıla biləcək ixtisaslara müraciət etməlidirlər.
“Bəzi abituriyentlər keçid balından və topladığı baldan asılı olaraq bəzi ixtisasları yazmaq məcburiyyətində qalırlar. Günümüzün tələbatı olmayan bir ixtisası yazmaqdan, orada 4 il əziyyət çəkib oxumaqdansa, həmin abituriyentlərə peşə təhsilinə yönəlmək tövsiyə edilir.
Uşaq 4 il istəmədiyi, arzulamadığı, sevmədiyi ixtisas üzrə əsgərlik problemi və ya hansısa səbəbdən oxuyub əziyyət çəkib, sonra iş tapmayıb gedib bazarda kartof satmaqdansa, peşə təhsilinə yönəlib öz gələcəyini qura bilər. Bu, doqquzuncu siniflərə də aiddir. Bəzi sahələr var ki, həmin ixtisasları seçdikləri təqdirdə ali məktəbə qəbul olmaq imkanları məhdudlaşır. Xüsusilə də, 3-cu qrupa aid bəzi ixtisaslar ki, o ixtisas üzrə subbakalavr dərəcəsi alsalar belə, ali təhsil müəssisələrinə imtahansız qəbulları mümkünsüzdür. Ona görə də, doqquzuncu sinif şagirdlərinə ixtisas seçimlərində diqqətli olmaq tövsiyə edilir. Balı aşağı olan ixtisası seçmək lazım deyil. Mütəxəssislərdən məsləhət alsınlar. İqtisadi ixtisaslara, texniki ixtisaslara yönəlsələr gələcəkdə subbakalavr kimi təhsil almaq şansları artacaq. Turizm ixtisasına qətiyyən müraciət etməsinlər. Çünki turizm ixtisası 150 ballıq ixtisasdır və abituriyentlər o yerləri tam doldurduğu üçün subbakalavrlara yer qalmır.
Doqquzuncu və ya 11-ci sinifdə kollec seçənlər turizm sahəsinə yönəlirsə, nəzərə almalıdırlar ki, subbakalavr kimi imtahansız qəbul ola bilməyəcəklər, şansları azalacaq”.
Özünü tanımaq – düzgün seçim üçün ilk addımdır
Təhsil eksperti Vaqif Fətullayev də hesab edir ki, bu gün ixtisas seçimi mərhələsində olan məzunlar və universitetə hazırlaşan abituriyentlər qarşılarında ciddi bir qərar durduğunu bilməlidirlər. Onun sözlərinə görə, bu qərar təkcə ali məktəbdə oxuyacaqları sahəni deyil, gələcəkdə hansı sahədə çalışacaqlarını, necə bir peşə sahibi olacaqlarını da müəyyənləşdirir.
Məhz bu səbəbdən ixtisas seçərkən bir sıra vacib amilləri diqqətə almaq zəruridir.
“İlk növbədə, seçiləcək ixtisasın əmək bazarında nə qədər tələbatlı olduğuna diqqət yetirilməlidir. Yəni, bu ixtisas üzrə oxuyan şəxs məzun olduqdan sonra asanlıqla iş tapa biləcəkmi? Məsələn, texnologiya, informasiya texnologiyaları, mühəndislik, tibb və təhsil sahələri hazırda və yaxın illərdə də tələbatlı qalmaqda davam edəcək.
Digər tərəfdən, yalnız əmək bazarına görə seçim etmək düzgün deyil. Hər bir gənc ilk növbədə öz maraq və bacarıqlarını nəzərə almalıdır. İnsan yalnız sevdiyi və bacardığı sahədə inkişaf edə, uğur qazana və uzunmüddətli motivasiya ilə çalışa bilər. Özünü tanımaq – düzgün seçim üçün ilk addımdır".
O bildirir ki, seçilən ixtisasın gələcək inkişaf perspektivləri də nəzərə alınmalıdır.
"Gələcəkdə texnoloji dəyişikliklərə açıq olan, yeniliklərə uyğunlaşa bilən ixtisaslar daha dayanıqlı və perspektivli olacaq. Eyni zamanda, seçilən ixtisas üzrə tədris proqramının keyfiyyəti, praktik bacarıqların öyrədilib-öyrədilməməsi də mühüm rol oynayır. İxtisas seçimi zamanı həmçinin gələcək iş şəraiti və gəlir imkanları haqqında da düşünmək lazımdır. İnsan uzun illər işləyəcəyi sahənin sosial təminat baxımından əlverişli olub-olmadığını, əmək şəraitinin necə olacağını öncədən araşdırmalıdır. Unutmaq olmaz ki, bəzi sahələrdə işlər gələcəkdə avtomatlaşdırıla bilər. Ona görə də, insan qabiliyyətinin əvəzolunmaz olduğu, yaradıcılıq və analiz bacarıqlarının tələb olunduğu sahələrə üstünlük verilməsi daha məntiqli ola bilər. Eyni zamanda, seçilən ixtisasın digər sahələrlə əlaqəsi, karyera baxımından alternativ imkanlar yaratması da nəzərə alınmalıdır.
Nəhayət, ölkənin və regionun sosial-iqtisadi inkişaf istiqamətləri də seçimdə mühüm rol oynamalıdır. Dövlətin hansı sahələrə daha çox diqqət ayırdığını, hansı sahələrə ehtiyac duyulduğunu bilmək ixtisas seçimində daha doğru qərar verməyə kömək edir”.