“Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Vaşinqton razılaşmasından sonra ölkə daxilində Azərbaycanla əlaqələrin normallaşması üçün zəmin formalaşdırmağa başlayıb. O, da anlayır ki, Azərbaycanla sülh, əməkdaşlıq və mehriban qonşuluq Ermənistan üçün böyük imkanlar yarada bilər.
Bu münasibətlərin inkişafı isə təkcə Azərbaycanla deyil, paralel olaraq Türkiyə ilə əlaqələrin normallaşmasına və daha geniş mənada Avropaya inteqrasiya prosesinə də müsbət təsir göstərəcək. Bu baxımdan N.Paşinyanın ritorikası həm də ölkə daxilində yeni siyasi reallığın ictimaiyyətə qəbul etdirilməsi və seçkilər öncəsi cəmiyyətin buna hazırlanması kimi dəyərləndirilə bilər”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib.
“Avropa Siyasi Birliyi çərçivəsində keçirilən sammitdə Azərbaycan və Ermənistanın bir-birinin namizədliyini dəstəkləməsi artıq yeni bir mərhələnin göstəricisidir. Bu kontekstdə Paşinyanın 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılan sammitdə iştirak etməsi ehtimalı da tamamilə real görünür.
Əgər Ermənistan 2026-cı il seçkilərindən sonra bu siyasi kursu davam etdirərsə və sülh sazişi üzrə proseslər planlaşdırıldığı kimi irəliləyərsə, sülhün imzalanması və qarşılıqlı səfərlərin genişlənməsi üçün daha əlverişli şərait yaranacaq. Artıq son dövrlərdə tərəflər arasında həm rəsmi, həm də ictimai nümayəndə heyətləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib. Bu isə 30 illik qarşıdurmadan sonra yaranmış yeni bir tendensiyanın göstəricisidir”.
Siyasi şərhçi vurğulayıb ki, sülhün reallaşması qarşılıqlı tanınma, diplomatik əməkdaşlıq və qonşuluq münasibətlərinin inkişafına ciddi töhfə verə bilər.
“Bununla belə, müəyyən vacib şərtlərin yerinə yetirilməsi də zəruridir. İlk növbədə, Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması mühüm addımdır.
Eyni zamanda, barışıq üçün yüksək səviyyəli səfərlər və təmaslar da mühüm rol oynayır. Qarşılıqlı iqtisadi əlaqələr, o cümlədən Azərbaycanın Ermənistana müəyyən məhsullar ixrac etməsi kimi nümunələr, psixoloji baryerlərin tədricən aradan qalxdığını göstərir”.
E.Səftərov qeyd edir ki, Ermənistanın da daha rasional və praqmatik yanaşma sərgiləməsi uzunmüddətli və dayanıqlı sülh üçün yol aça bilər.
“Lakin bunun üçün sülh sazişinin bütün əsas bəndlərinin razılaşdırılması, sərhədlərin delimitasiyası və digər fundamental məsələlərin həlli vacibdir.
Daxili siyasi təzyiqlər və müxalifətin mövqeyi də bu prosesə təsir göstərən amillərdən biridir. Buna baxmayaraq, hazırkı siyasi siqnallar göstərir ki, sülhə doğru atılan addımlar təkcə diplomatik sənədlərdə deyil, həm də real münasibətlər səviyyəsində yeni mərhələnin başlanğıcı ola bilər”.