Prezident İlham Əliyevin İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın milli maraqlara söykənən hücum diplomatiyasının növbəti qətiyyətli örnəyidir.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın qənaətincə, bu çıxış regional sülhün konturlarını cızmaqla birgə, həm də bəzi Avropa təsisatlarının siyasi riyakarlığına qarşı rəsmi Bakının ən yüksək səviyyədə verdiyi əsaslandırılmış cavabdır.
Dövlət başçısı Avropa Parlamenti və AŞPA-nın son illərdə Azərbaycana münasibətdə sərgilədiyi destruktiv xətti əsaslı arqumentlərlə açıq şəkildə ifşa etdi. Vurğulandı ki, bu qurumların fəaliyyəti sülhə töhfə vermək əvəzinə, Ermənistanda revanşist meyillərin təşviqinə xidmət edir. Avropa Parlamentinin erməni lobbisinin təsiri altında obyektivliyini itirməsi, AŞPA-nın isə qərəzli və selektiv yanaşması Prezident tərəfindən “siyasi korrupsiya” və “ikili standartların zirvəsi” kimi qiymətləndirildi. Bununla da, həmin təsisatların qərarlarının Azərbaycan üçün heç bir hüquqi və siyasi önəm daşımadığı açıq şəkildə ifadə olundu.
Komitə sədri vurğulayıb ki, Prezidentin ismarıcları 2020 və 2023-cü illərdə formalaşmış yeni geosiyasi gerçəkliklərin kənar təzyiqlərlə dəyişdirilə bilməyəcəyini bir daha nümayiş etdirdi. Bu çıxış Bakının bərabərhüquqlu tərəfdaşlıq prinsipini təsdiqləyir; yəni biz dialoqa açığıq, lakin suverenliyimizə müdaxilə cəhdlərinə qətiyyətlə imkan verməyəcəyik.
Komitə sədrininin sözlərinə görə, İrəvan sammiti açıq şəkildə ortaya qoydu ki, Azərbaycan regionda sülhün qaydalarını müəyyən edən əsas güc mərkəzidir.