Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç bir neçə gün öncə bildirib ki, Türkiyə Ermənistanla sərhədinin açılması ilə bağlı siyasi iradəsini ifadə edib, lakin konkret tarix demək mümkün deyil. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı konkret müzakirələr aparılmır. “Sərhədin açılması yalnız texniki və bürokratik mərhələlər tamamlandıqdan, həmçinin kommunikasiya və digər məsələlər həll olunduqdan sonra mümkün ola bilər”, deyə S.Kılıç deyib.
Türkiyənin rəsmi şəxsləri hər dəfə bildirirlər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.
Azərbaycanlı rəsmilər isə məsələ ilə bağlı açıqlamalarında dəfələrlə vurğulayıblar ki, Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı fəaliyyət həyata keçirir.
Ermənistan tərəfi öz növbəsində hər dəfə bu mövzu gündəmə gələndə sərhədlərin tezliklə açılacağına ümidlərini ifadə edirlər. Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərində hər zaman Azərbaycanın mövqeyini qoruyub:
“Bu, qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinə irəli gələn yanaşmadır. Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalanmayınca, sərhədlər açılmayınca Türkiyə-Ermənistan sərhədinin açılması real görünmür. Bu proses paralel olacaq. Ona görə də Ermənistan tezliklə Konstitusiyasından Azərbaycan qarşı ərazi iddiasını ehtiva edən müddəanı çıxarmalıdır. Azərbaycanla münasibətlər yalnız bundan sonra normallaşacaq. Azərbaycan Türkiyənin bu münasibətini hər zaman dəyərləndirib. Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal etməsəydi, həm bizimlə, həm də Türkiyə ilə problemləri olmazdı. Üstəlik, inkişafdan geri qalmazdı. Ermənistan insan resurslarını “Qarabağ avantüra”sına xərcləməməli idi. Hazırda Ermənistan qarşısında yeni perspektivlər açılıb. Bu perspektivlərdən istifadə onun Azərbaycanla və Türkiyə ilə quracağı münasibətlərdən asılıdır”.