Texnologiyanın sürətli inkişafı ilə rəqəmsal tətbiqlərin genişlənməsi nəticəsində bir çox tibbi arayış və sənədin ənənəvi kağız şəklində deyil, elektron əldə edilməsinə başlanılıdı. Bu həm də səhiyyə sahəsində şəffaflığın, operativliyin artırılmasına xidmət edir.
Bu baxımdan Türkiyə modeli daha diqqətçəkəndir: reseptdən tutmuş xəstəlik tarixçəsi, tibbi bazalar, nikah üçün sağlamlıq sənədinə qədər rəqəmsallaşdırılıb. Hətta artıq kağız şəklində resept və ya bülleten yazmaq qadağan edilib.
Azərbaycanda hazırda vətəndaşların tibbi xidmətlərə çıxışını asanlaşdırmağa başlayıb. Tibbi sənədlərin tam rəqəmsal formata keçirilməsi həm vətəndaşların vaxt itkisini azaldır, həm də dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirir.
Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanda səhiyyə sahəsində aparılan rəqəmsallaşma siyasəti son illərdə yeni mərhələyə qədəm qoyub və bir sıra tibbi xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu istiqamətdə həyata keçirilən əsas layihələrdən biri də “Elektron xəstəlik vərəqəsi”nin (“e-bülleten”) tətbiqidir.
Bir kliklə alınan tibbi sənədlər
Hazırda sistem vasitəsilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqələri elektron formada rəsmiləşdirilir, həkim tərəfindən SİMA hüquqi imzası ilə təsdiqlənir və aidiyyəti dövlət qurumlarına rəqəmsal şəkildə ötürülür. Bu yanaşma sənəd dövriyyəsinin sürətləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin daha çevik təşkilinə imkan yaradır.
Bununla yanaşı, Azərbaycanda rəqəmsal səhiyyə infrastrukturu artıq yalnız “e-bülleten” sistemi ilə məhdudlaşmır, səhiyyə sahəsində həyata keçirilən layihələr çərçivəsində elektron resept, e-epikriz, laborator nəticələr, həkim qəbuluna e-qeydiyyat, tibbi tarixçə və digər xidmətlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən mərhələli şəkildə inteqrasiya olunur.
Elektron resept sistemi artıq aktiv istifadədədir və vətəndaşların resept məlumatlarına “Reseptim” mobil tətbiqi və portal üzərindən çıxışı təmin edilir. Eyni zamanda laborator və radioloji nəticələrin rəqəmsal təqdimatı, tibbi məlumatların mərkəzləşdirilməsi, tibbi kadr və xidmət reyestrlərinin formalaşdırılması istiqamətində də mühüm texnoloji yeniliklər tətbiq olunur.
Mərkəzdən həmçinin bildirildi ki, Türkiyədə tətbiq olunan “e-nabız” modelində olduğu kimi, bütün tibbi və sosial sənədlərin tam vahid rəqəmsal ekosistem çərçivəsində birləşdirildiyini demək hələ tezdir. Hazırda bu istiqamətdə genişmiqyaslı inkişaf və inteqrasiya işləri davam etdirilir.
Rəqəmsal səhiyyənin növbəti mərhələsi
Artıq bəzi tibbi arayışlar və məlumatlar rəqəmsal formada vətəndaşlara təqdim olunur. Məsələn, nikah haqqında sağlamlıq arayışı MyGov platforması üzərindən əldə edilə bilir. Bununla belə, əlillik hesabatları və digər xüsusi tibbi arayışların tam elektron dövriyyəyə keçirilməsi istiqamətində aparılan işlər hələ ki inkişaf mərhələsindədir.
Bir sıra hallarda kağız daşıyıcılar, fiziki təsdiq və ya müxtəlif qurumlar arasında əlavə prosedurların tətbiqi davam edir.
Rəqəmsal səhiyyə sahəsində həyata keçirilən strateji layihələrdən biri olan “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin (TRƏS) yaradılması isə gələcəkdə vətəndaşın bütün tibbi məlumatlarının vahid rəqəmsal profil üzərində inteqrasiya olunmasına imkan yarada bilər.
Bu yanaşma tibbi məlumatların təhlükəsiz, mərkəzləşdirilmiş və fasiləsiz idarə olunmasını təmin etməklə yanaşı, vətəndaş–həkim–tibb müəssisəsi arasında əlaqələrin daha səmərəli təşkilinə xidmət edəcək.