Azərbaycanda ət bazarında qiymət sabitliyinin təmin olunması üçün əsas hədəf istehsalın artırılması və maya dəyərinin aşağı salınmasıdır.
Turkustan.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.
Nazir müavininin sözlərinə görə, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.
“Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitliyin yaranacağını düşünürük.
Hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7 faizi, qoyun ətinə tələbatının 94,2 faizi, quş ətinə tələbatının isə 82 faizi yerli istehsal hesabına təmin olunur”.
Z.Əliyev onu da əlavə edib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında ət məhsulları üzrə ölkənin özünütəminetmə səviyyəsinin daha da artırılması nəzərdə tutulub. /modern.az/