Çörək demək olar ki, hər kəsin gündəlik qidasında yer alır və bir çox insan tam taxıllı və ya çovdar çörəyinin ağ undan hazırlanmış buğda çörəyindən daha faydalı olduğunu bilir. Lakin dietoloqlar hansı variantın daha yaxşı — tam taxıllı, yoxsa çovdar çörəyi olduğunu izah ediblər.
Qaynarinfo xəbər verir ki, "Prevention” nəşri diyetoloqlar Culiana Vokka və Samanta Petersonun, həmçinin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına istinadən bu iki çörək növünü müqayisə edib.
Nazirliyin məlumatına görə, bir orta ölçülü dilim çovdar çörəyində (32 qram) aşağıdakılar var:
* 82,9 kalori;
* 2,72 qram zülal;
* 1,06 qram yağ;
* 15,5 qram karbohidrat;
* 1,86 qram lif.
Eyni ölçülü tam taxıllı çörəkdə isə:
* 96 kalori;
* 4,84 qram zülal;
* 1,54 qram yağ;
* 15,7 qram karbohidrat;
* 2,67 qram lif mövcuddur.
Çovdar çörəyinin üstünlükləri
Culiana Vokkanın sözlərinə görə, çovdar çörəyi qida maddələri, lif, maqnezium, kalium, dəmir və B qrupu vitaminləri ilə zəngindir. Bu maddələr enerji mübadiləsini dəstəkləyir, əzələləri və ürək-damar sistemini möhkəmləndirir.
Dietoloq əlavə edib ki, çovdar çörəyindəki lif həzmi yaxşılaşdırır, toxluq hissini artıraraq çəkiyə nəzarətə kömək edir, qanda şəkərin səviyyəsini stabilləşdirir, xolesterini azaldır və iltihabəleyhinə təsir göstərən fitonutrientlərlə zəngindir.
Samanta Peterson isə xəbərdarlıq edib ki, mağazalarda satılan bütün çovdar çörəkləri eyni deyil:
"Bir çox çovdar çörəyi əslində əsasən rafinə olunmuş buğda unundan hazırlanır və yalnız az miqdarda çovdar ehtiva edir. Bəziləri isə daha təbii görünməsi üçün karamel boyası ilə rənglənir”.
O, etiketdə ilk inqrediyent kimi "tam taxıllı çovdar unu” və ya "tam çovdar” yazılan məhsullara üstünlük verməyi tövsiyə edib.
Ekspertlər qeyd edirlər ki, çölyakiya və ya qlütenə həssaslığı olan insanlar çovdarı çətin həzm edə bilər. Bundan başqa, çovdar təbii olaraq fruktanlarla zəngindir ki, bu maddələr qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə köp, qarın ağrısı və həzm problemləri yarada bilər.
Tam taxıllı çörəyin üstünlükləri
Samanta Peterson bildirib ki, tam taxıllı çörəkdə yulaf, darı, kətan toxumu, arpa, kinoа və günəbaxan tumu kimi müxtəlif taxıllar ola bilər. Bu isə həm dad baxımından müxtəliflik yaradır, həm də qida dəyərini artırır.
Culiana Vokka qeyd edib ki, tam taxıllı çörək B qrupu vitaminləri, maqnezium, kalium, lignanlar və antioksidant fitonutrientlərlə zəngindir. Bu maddələr enerji səviyyəsini sabit saxlayır, bağırsaq mikroflorasını yaxşılaşdırır və ürək-damar sistemini qoruyur.
Onun sözlərinə görə, kətan toxumu kimi əlavələr faydalı yağlarla zəngindir və iltihabı azaltmağa kömək edir.
Tam taxıllı çörək də yaxşı lif mənbəyi hesab olunur. Lif həzmi yaxşılaşdırır, bağırsaq mikroflorasını dəstəkləyir və köpü azaldır. Tam taxılların rafinə olunmuş undan daha yavaş həzm olunması qanda şəkərin səviyyəsinə nəzarət edən insanlar üçün də faydalıdır.
"Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmaya görə, liflə zəngin məhsullar ürək xəstəlikləri, 2-ci tip diabet və piylənmə kimi xroniki xəstəliklərin riskini azaldır.
Lakin diyetoloqlar xəbərdarlıq edirlər ki, "tam taxıllı” ifadəsi bəzən yanıltıcı ola bilər.
"Bu termin sadəcə çörəyin birdən çox taxıl növü ehtiva etdiyini göstərir. Bu isə həmin taxılların mütləq tam şəkildə istifadə olunduğu anlamına gəlmir”, deyə Peterson bildirib.
Onun sözlərinə görə, bəzi çoxtaxıllı çörəklər yüksək dərəcədə emal olunmuş olur və az lif ehtiva edir. Ekspertlər ilk inqrediyentin tam taxıl olub-olmadığını, məhsulun lif və zülal tərkibini, həmçinin inqrediyent siyahısının qısa və sadə olmasını yoxlamağı məsləhət görürlər.
Tam taxıllı çörək də qlüten və fruktan ehtiva etdiyi üçün çölyakiya, qlüten həssaslığı və qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə həzm problemlərinə səbəb ola bilər.
Arıqlamaq üçün hansı daha faydalıdır?
Dietoloqlar arıqlamaq istəyənlər üçün də tövsiyələr veriblər. Onların fikrincə, əsas məsələ ümumi qidalanma rejimidir və təkcə çörək hesabına çəki atmaq mümkün deyil.
Bununla belə, bir çox insan çovdar çörəyini daha tox tutan məhsul hesab edir. Sıx teksturası və doyurucu quruluşu insanın daha uzun müddət tox qalmasına kömək edir.
Eyni zamanda, keyfiyyətli tam taxıllı çörək də çəkiyə nəzarət üçün faydalı ola bilər. Müxtəlif taxıl və toxumların birləşməsi yeməyi daha balanslı və doyurucu edir.
"Əgər yemək insana zövq verirsə, o zaman insanlar bir saat sonra yenidən nəsə yemək ehtiyacı hiss etmirlər”, deyə Peterson izah edib
Nəticədə ekspertlər belə qənaətə gəliblər ki, həm çovdar, həm də tam taxıllı çörək keyfiyyətli və 100 faiz təbii məhsul olduğu halda sağlamlıq və çəki nəzarəti üçün faydalı seçim sayıla bilər.