Ən böyük xəzinənin açarı alimin əlindədir


Ürəyimizdə daimi yeri olan insanlar indi çox azdır. Zamanmı günahkardı, yoxsa insanlarmı cılızlaşır, bu əslində ciddi və cavabı ziddiyyətlərlə dolu bir sualdır. Nə yaxşı ki, hələ güvəniləcək insanlar var və onlarla bölüşüb ziyalı söhbəti qurursan, böyük Vətənin ağrılarından, tarixi və milli-mənəvi dəyərlərimizdən, qazandığımız uğurlardan danışa bilirsən. Ən əsası da övladı olduğun Vətənin hər qarışına sevdanı belələri ilə daha səmimi yaşayırsan.

Arif Qazıyev də bütün insani dəyərlərə sahib bir ziyalı, Vətəninin oğlu, sədaqətli dost, qardaş, tələbələri üçün ən əziz müəllim, nümunə göstəriləcək kafedra müdiridir. Azərbaycan Dövlət Aqrar Universitetinin çox sevilən müəllimi, professorudu. İş yoldaşlarına diqqətli, tələbələrinə ata qədər istək yaşadan nurlu bir şəxsdir. O qədər qəlbi təmiz ziyalıdır ki, onunla söhbət həmişə maraqlı olub. Sanki könlünə yüklənən kədər onunla söhbət zamanı bir andaca yox olur. Alim kimi də, insan kimi də yeri həmişə ucadadır. Çox təcrübəlidir. İdarəetmə qurumlarından müəllimliyə qədər şərəfli ömür yaşayıb. Öz üzərində çox çalışıb, gənc bioloqların yetişməsində əlindən gələni əsirgəməyib. Qurucu insandı, xeyirxah əməlləri ilə nüfuz qazanan ziyalıdı, Arif müəllim. Ruhu təmiz, ürəyi xoş arzularla doludur onun. Ən çətin adamlarla dil tapmağı bacarır, onları düz yola çəkə bilir. Səbrlidi, amma səbri daşanda da “üzünü görməyəsən”. Ən qəti addımlar atmaqdan çəkinmir.

Açıklama yok.

Onun çox sevdiyi yerlərdən biri ADAU-nun Tədris-təcrübə təsərrüfatıdır. Auditoriyada tələbələrinə verdiyi nəzəri bilikləri elə burdaca təcrübəyə tətbiq edir, nəticə əldə edən tələbənin uğurlarına çox sevinir. Böyük bir kollektivdə hamı onu doğması bilir. Qarşılaşdığı çətin durumlarda Arif müəllimə üz tutur. Məsləhətləri ilə dara düşənin ürəyini sakitləşdirir, tək olmadığını xatırladır. Adamlar da bundan çox rahat olur və məqsədinə doğru inamla addımlayır.

Arif müəllimin yubiley yaşıdı. 70 ilin çətinlikləri, uğurları yazılıb onun ömür kitabına. Özünü dərk edəndən bu günə kimi evi üçün yox, eli üçün yaşayıb bu. O üzdən də həmişə hörmətlə xatırlanıb.

Arif Qazıyev 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Biologiya” fakültəsində təhsil alıb. 1980-1984-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun göndərişi ilə Moskva K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının məqsədli aspirantura pilləsində təhsilini davam etdirib. 3 fevral 2017-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının professoru olub. 2017-ci ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin professoru adına layiq görülüb. Onun əmək fəaliyyəti də çox zəngindir.

Açıklama yok.

1978-1980 -ci illərdə təyinatla Azərbaycan Respublikası Nazirlər Soveti nəzdində Dövlət Təbiəti Mühafizə Komitəsində dövlət müfəttişi kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda assistent vəzifəsini icra edib. 1989-cu ildən 2001-ci ilə qədər “Bitki fiziologiyası və mikrobiologiya” kafedrasının müdiri vəzifəsində çalışıb. 2001-2003-cü illərdə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini vəzifəsinə dəvət alıb, işgüzarlığı, səmimiyyəti ilə böyük hörmət qazanıb.

2003-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Biologiya” kafedrasının dosentidir. Xeyli vaxtdır həmin kafedranın müdiridir.

120 elmi əsər, 2 dərs vəsaiti, 20 proqram müəllifidir. Tədqiqat sahəsi isə Bitki fiziologiyası-stress faktorların bitkiyə təsiri olub.

Açıklama yok.

Bu qısa məlumatın hər sətrindən böyük zəhmət, yuxusuz gecələr, elmi axtarışlar boylanır. Hədəfinə doğru həmişə inamla addımlayan Arif Qazıyev indinin özündə də tələbələrini diqqətlə izləyir, hər zaman onların yanında olur. Kafedra müdiri kimi də onunla işləyənlərə həmişə qayğı və hörmətlə yanaşır. İş yoldaşları ilə münasibəti həmişə ucada saxlayır.

Ən əsası isə Arif müəllim dövlətinə bağlı ziyalı, alimdir. YAP-ın Gəncə təşkilatının yaranmasında xüsusi fəaliyyəti, zəhməti olub. O zamanlar bu üzdən də çox təqib edilib, hədələr eşidib. Amma bu mərd, məğrur insanı yolundan döndərmək, inamından çəkindirmək mümkün olmayıb. Əqidəsi yolunda qətiyyətlə irəliləyib. Bu gün isə qüdrətli Azərbaycanın uğur səlnaməsinin hər sətrinə sevinir. Axı, bu günün könül oxşayan inkişafında bu alimin də siyasi və elmi fəaliyyəti olduqca zəngin olub.

Sadəlik səmimiyyət və ucalıqdır. Sadəlik çevrəndə sənə qarşı böyük inam, istək və məhəbbətdir. Arif müəllimi də sevdirən, ürəklərə yazan elə budur. Yaşı 70 olsa da ruhu, qəlbi gəncdir, enerjilidir, öz sahəsinin sayılıb seçilən alimlərindən biridir.

Ucalıq yolun həmişə açıq olsun Arif müəllim.

Vaqif Tanrıverdiyev,

Qalib Rəhimli,

Gəncə.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ