Müəllimlər bu ildən vahid geyimə keçəcək? – Rəsmi


Milli Məclisin qəbul etdiyi “Ümumi təhsil haqqında” Qanuna dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün geyim tələbləri aidiyyəti dövlət qurumu tərəfindən müəyyən ediləcək.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından müəllimlərin 2026–2027-ci tədris ilindən vahid geyimə keçib-keçməyəcəyi maraq doğurur.

Turkustan.az-ın xəbərinə görə, məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyiminə dair tələblər və onların tətbiqi mexanizmləri hazırlanır.

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək”, – deyə rəsmi cavabda qeyd olunub.

Beləliklə, müəllimlərin bu tədris ilindən vahid geyimə keçəcəyi hələlik rəsmən təsdiqlənməyib. Geyim tələblərinin nələri əhatə edəcəyi, vahid formanın tətbiq olunub-olunmayacağı və qaydaların hansı tarixdən qüvvəyə minəcəyi hazırlıq prosesi yekunlaşdıqdan sonra açıqlanacaq.


MANŞET XƏBƏRLƏRİ