Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insidentlə bağlı müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirib.
Turkustan.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı ictimai müzakirələri nəzərə alara deputatla əlaqə saxlayıb.
Professor Fəzail İbrahimli bildirib ki, bəzi KİV-lər hadisənin mahiyyətini araşdırmadan yalnız bir tərəfin yaydığı məlumatlar əsasında məsələni gündəmə gətirib:
"İkinci gündür KİV-lərin bir qrupu heç bir araşdırma aparmadan, həqiqətin harada olduğunu, hadisənin məkanını və ünvanını bilmədən bu informasiyaya səfərbər olublar. Təəssüf ki, bəzi saytlar heç bir araşdırma aparmadan, həqiqəti öyrənmədən məsələni gündəmə gətiriblər. Yazıq, fağır, zəhmətkeş, balalarına çörək tapa bilməyən adam obrazı yaradılır, digər tərəfdən isə bir deputat, professor ideoloji cəhətdən təqiblərə və təhqirlərə məruz qoyulur. Məsələnin mahiyyətini öyrənəndən sonra üzünü, yaxasını cıranlar, söyüş söyənlər hadisənin əslini bilməlidirlər. İnsan millət vəkili də olsa, öz əməlinin həm ağası, həm də quludur".
Deputat hadisənin necə baş verdiyini danışıb:
"Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, ondan alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, bilirəm, sən xeyir verənə oxşamırsan. Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.
Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, sir-sifətindən xeyir verənə oxşamırsan. Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?"
F.İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:
"Bu sözü deyəndə əlində qarpız kəsmək üçün bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən, ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, sən Allahsan, nəsən, səni niyə tanımalıyam? Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.
Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə "qarnını cıraram, başını kəsərəm" demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında saxlamışdı. Mən də oradan tez uzaqlaşdım".
Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:
"Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda "qaçım, məndən keçdi, qardaşıma dəydi" prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.
Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi, onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi".
F.İbrahimli satıcının cərimələndiyini də bildirib:
"Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. Gözünün içinə qədər yalan danışır, o, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və qovub. Köşk də yerindədir, onun əvəzinə başqası işləyir".
Deputat bildirib ki, hadisənin onun üzərinə atılmasına çalışıldığını düşünür:
"Bu işdən qovulma məsələsini deputatın üzərinə atmağa çalışırlar ki, cəmiyyətdə desinlər: "Ay zalım deputat, bu adamı işindən edib". Halbuki onu mən yox, öz əməlləri və tərbiyəsizliyi bu vəziyyətə gətirib. Məsələni elə qoyurlar ki, guya ağ qarpıza görə bütün bu müsibətləri mən törətmişəm.
Mənə qarşı istifadə etdiyi ifadələr, atdığı addımlar tərbiyəsiz və döyüşkən forma almışdı. Həmin an ona bir söz desəydim, yəqin ki, mənə qarşı daha ciddi, ağlasığmaz addımlar ata bilərdi. Mən onun yaxasından qurtulub canımı qurtarmağın yolunu axtarırdım".
F.İbrahimli sonda mediada hadisənin təqdimatından təəssüfləndiyini bildirib:
"İndi bu adam işini itirdiyini deyib fəryad edir. Kiminsə diqtəsi ilə işini itirib, müxtəlif şər-böhtanlarla daha da itkiləri ola bilər. Ağlı olsa, başını aşağı salıb keçirdiyi hadisədən nəticə çıxarar. Mən çox təəssüf edirəm ki, bu gün bir qrup saytın rəngi gözümün qabağında dəyişdi".