Bir foto, min mübahisə... Qardaşlıq sınaq qarşısında?


Müəllif: Aytən Yaşar

Artıq bir neçə gündür xəbər lentlərində və sosial şəbəkələrdə iki mövzu xüsusi müzakirə olunur. Onlardan biri Azərbaycanda məktəblərdə geyim qaydaları ilə bağlı dəyişiklik, digəri isə BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı bir sıra nümayəndə heyətlərinin zalı tərk etməsi, Azərbaycan nümayəndəsinin isə yerində qalmasıdır.

No description available.

Məktəblərdə dini geyimlərlə bağlı qaydaların tətbiqi Azərbaycanda da, ölkə xaricində də müxtəlif reaksiyalar doğurub. Kimisi qərarı dəstəkləyir, kimisi isə buna etiraz edir.

Mənim fikrimi soruşsanız, bu qərarın düzgün olduğunu düşünürəm. Məktəblərdə vahid geyim qaydasının olması, məncə, daha doğru yanaşmadır. Xüsusilə də kiçik yaşlı qız uşaqlarının başının bağlanmasını düzgün hesab etmirəm. Uşaq böyüdükdən, yetkin yaşa çatdıqdan sonra dini geyimlə bağlı qərarı özü verə bilər. Burada söhbət kiminsə dini seçiminə müdaxilə etməkdən yox, uşağın seçim hüququnun qorunmasından və məktəbdə vahid geyim qaydasının tətbiqindən gedir.

Amma bu məsələ ilə bağlı fərqli fikirlərin olması da təbiidir. Cəmiyyətdə hər kəsin eyni düşünməsini gözləmək mümkün deyil.

Lakin son günlər diqqətimi daha çox başqa məqam çəkir.

BMT-də Netanyahu kürsüyə qalxanda bir sıra ölkələrin nümayəndələri etiraz olaraq zalı tərk etdi. Azərbaycan nümayəndəsi isə zalda qaldı. Bundan sonra həmin nümayəndənin görüntüləri Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkə səhifələrində geniş yayılmağa başladı.

Şəkil, video, paylaşım... Ardınca isə sərt şərhlər.

Kimisi “bu siyasətdir, doğru edib” deyir, kimisi “Azərbaycan da zalı tərk etməli idi” fikrini müdafiə edir. Daha ağır ifadələr işlədənlər, hətta Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərini belə müzakirə predmetinə çevirənlər də var.

Bəs bir diplomatın BMT zalında qalması nə vaxtdan iki xalq arasındakı münasibətlərin ölçüsünə çevrildi?

Məncə, burada çox vacib bir məqamı unutmamaq lazımdır: Azərbaycanın xarici siyasəti Azərbaycanın öz qərarıdır.

Necə ki, biz başqa dövlətlərin daxili və xarici siyasət qərarlarına hörmətlə yanaşırıq, eyni münasibəti özümüzə qarşı da gözləyirik. Hər bir dövlətin öz milli maraqları, diplomatik hesablamaları və prioritetləri var. Azərbaycan da istisna deyil.

Üstəlik, məsələni yalnız bir hadisə üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə gətirib çıxarmaq doğru deyil.

Azərbaycanın İsraillə münasibətlərinin də uzun və özünəməxsus tarixi var. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında illər ərzində diplomatik, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əlaqələr formalaşıb.

İki ölkə arasındakı münasibətlərin ictimaiyyətə görünən tərəfi ilə yanaşı, daha geniş əməkdaşlıq sahələrinin olduğu dəfələrlə vurğulanıb. 2009-cu ildə yayımlanan ABŞ diplomatik yazışmalarında Prezident İlham Əliyevə istinadən Azərbaycan-İsrail münasibətləri “aysberq”ə bənzədilib: onun “onda doqquzunun görünməyən tərəf” olduğu qeyd edilib. Bu ifadə iki ölkə arasındakı əlaqələrin yalnız ictimaiyyətə açıq diplomatik təmaslarla məhdudlaşmadığına dair tez-tez xatırlanan nümunələrdən biridir.

Bəli, Azərbaycanla İsrailin dini və siyasi yanaşmalarında fərqlər mövcuddur. Azərbaycan eyni zamanda Fələstin məsələsinə, İsrail-Fələstin münaqişəsinə və regiondakı digər proseslərə öz mövqeyindən yanaşır. Lakin dövlətlərarası münasibətlər yalnız emosiyalarla deyil, milli maraqlar və uzunmüddətli hesablamalarla formalaşır.

Azərbaycan sülh tərəfdarıdır. Biz istəmirik ki, dünyanın heç bir yerində müharibə olsun. Nə İsrail-Fələstin qarşıdurmasının davam etməsini, nə də ABŞ-İran-İsrail xəttində yeni hərbi eskalasiyanı arzulayırıq. İnsanların öldüyü, ailələrin dağıldığı, uşaqların müharibənin yükünü daşıdığı heç bir qarşıdurma arzuolunan deyil.

Amma sülh istəmək dövlətin öz maraqlarından imtina etməsi demək deyil.

Azərbaycanın İsraillə münasibətlərinin olması Türkiyə ilə qardaşlığımıza kölgə salmır. Eyni şəkildə, Türkiyə ilə qardaşlığımız Azərbaycanın digər dövlətlərlə qurduğu münasibətlərə maneə yaratmamalıdır.

Məhz buna görə sosial şəbəkələrdə yayılan hər görüntünü, hər paylaşımı Azərbaycan-Türkiyə münasibətlərinə qarşı qoymaq düzgün deyil.

Daha bir təhlükəli məqam isə sosial şəbəkələrdə emosiyaların məqsədli şəkildə körüklənməsidir. Bəzən elə təəssürat yaranır ki, Azərbaycanla Türkiyənin bir-birinə qarşı qoyulmasında maraqlı olan çevrələr ən həssas mövzuları seçərək cəmiyyətlər arasında narazılıq yaratmağa çalışırlar. Loru dildə desək, suyu bulandırmaq istəyirlər. Xüsusilə Fələstin məsələsinə həssas yanaşan Türkiyə ictimaiyyətinin emosiyalarını Azərbaycan əleyhinə yönəltmək üçün ayrı-ayrı görüntülərin kontekstdən çıxarılaraq təqdim edilməsi buna nümunə ola bilər.

Amma Azərbaycan-Türkiyə münasibətləri bir sosial şəbəkə paylaşımından, bir fotoşəkildən və ya bir diplomatın hansısa tədbirdə verdiyi qərardan daha böyükdür.

Bu münasibətlərin arxasında tarix var. Çətin günlərdə bir-birinin yanında dayanmış iki xalq var. Sevincimizi də, ağrımızı da bölüşdüyümüz ortaq yaddaş var.

Biz başqa dövlətlərin maraqlarına hörmət etdiyimiz kimi, öz maraqlarımıza da hörmət edilməsini istəyirik. Bu, kiməsə qarşı olmaq deyil. Əksinə, sağlam dövlət münasibətlərinin əsas şərtidir.

Azərbaycan və Türkiyə arasında münasibətlər sosial şəbəkələrin gündəlik mübahisələrindən daha möhkəmdir. Bu münasibətlər təkcə siyasi şüarlardan ibarət deyil; tarix, dil, mədəniyyət, ortaq dəyərlər və qarşılıqlı dəstək üzərində qurulub.

Bizim fərqli fikirlərimiz ola bilər, fərqli siyasi yanaşmalarımız da. Amma bizi birləşdirən bağlar bütün bu fikir ayrılıqlarından daha böyükdür.

Və məncə, “Bir millət, iki dövlət” ifadəsinin əsl mənası da məhz budur: bir-birimizin hər qərarını eynilə təkrarlamaq yox, fərqli qərarlarımız olsa belə bir-birimizə hörmət etməyi və qardaşlığımızı qorumağı bacarmaq. Bu, həm dövlət, həm də millət olaraq hər birimizin üzərinə düşən ortaq məsuliyyətdir.


MANŞET XƏBƏRLƏRİ