Kanadada müsəlman məktəblərinə ölüm təhdidi: Polis hərəkətə keçdi


Kanadada müsəlman məktəblərinə təhdid xarakterli elektron məktubların göndərilməsindən sonra polis araşdırmaya başlayıb.

Turkustan.az xəbər verir ki, Kanada Müsəlmanlar Assosiasiyasına (MAC) məxsus doqquz məktəbə müsəlmanların “qırğın ediləcəyi” ilə bağlı təhdid mesajı göndərilib.

“Citizen Vigilante” imzası ilə göndərilən elektron məktubda müsəlmanlara qarşı “qırğın” törədiləcəyi və Kanadanın “İslamdan təmizlənəcəyi” bildirilib.

MAC sözçüsü Nabil Sultan bildirib ki, eyni anonim məktub 24 saat ərzində Ontario, Britaniya Kolumbiyası və Kvebekdəki məktəblərə göndərilib. Təhdidlərdən sonra şagirdlərin təhlükəsizliyini təmin etmək üçün özəl təhlükəsizlik əməkdaşları işə cəlb olunub.

Hadisənin baş verdiyi ərazilərdəki polis idarələri nifrət cinayətləri ilə mübarizə bölmələrinin araşdırmaya başladığını açıqlayıb.

Ontario polisi İslam qurumlarına qarşı “nifrət motivli təhdidlər” barədə məlumat aldığını və məscid və məktəblərin ətrafında patrul xidmətini gücləndirdiyini bildirib.

Ottava polisi isə təhdid məktublarının göndərildiyi ərazilərdə polis əməkdaşlarının sayını artırıb. Bununla belə, hazırda “konkret və ya qaçılmaz təhlükə” olduğuna dair hər hansı dəlilin aşkarlanmadığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ