Gələn il iqtisadi durum necə olacaq? - Bizi “sürprizlər” gözləyir


“İllik inflyasiya 2023-cü ilin sonuna 4.3 % olacaq”.

Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, növbəti ildə də xarici faktor, dünya bazarında qiymətlərin dinamikası ölkədəki inflyasiyaya təsir göstərəcək:

“Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir.

Mərkəzi Bankın oktyabr proqnozlarına görə, inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur.

Manatın məzənnəsi növbəti ildə də inflyasiyaya təsir göstərəcək. Faiz dəhlizi maliyyə bazarlarına təsir göstərir. Mərkəzi Bank məcburi ehtiyatlardan istifadə edir. Ortamüddətli dövrdə inflyasiya üzrə tələbə nail olunmasında İqtisadi Şura mühüm rol oynayacaq”.

Qeyd edək ki, artıq 2023-cü il başa çatır və cari il ölkədə qiymətlərin daha da artımı ilə yadda qaldı. Bəs qarşıdan gələn yeni ildə iqtisadi proqnoz necə dəyərləndirilir?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, dünyada neftin qiyməti yüksək olaraq qalacaq:

“Ona görə ki, dünyada geostrateji gərginlik var. Bu baxımdan neftin qiymətinin düşəcəyini gözləmirəm. Valyuta gəlirlərimiz əvvəki səviyyədə qalacaq. Ancaq qiymət artımı baxımından gözləyirəm ki, qiymətlər artacaq. Bizdə onsuzda iqtisadi inkişafın səviyyəsi çox aşağıdır və belə də qalacaq.

Çünki iqtisadi inkişafın lokomotivi sahibkarlıqdır və o da bizdə yoxdur. Əksinə, bu baxımdan gündən-günə vəziyyət daha da pisləşir. Ona görə də inanmıram ki, bu sahədə ciddi dəyişiklik olsun. Hesab edirəm ki, qarşıdan gələn il iqtisadi baxımdan daha da çətin olacaq, nəinki bu il”.


MANŞET XƏBƏRLƏRİ