Dünya neft bazarı ən böyük qeyri-müəyyənlik dövrünü yaşamaqdadır: Yaxın Şərq və Ukraynadakı müharibələr qlobal enerji təklifi və tələbinə dair proqnozlaşdırmanı qeyri-mümkün hala gətirib.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, ilin əvvəlində 60 dollar ətrafında dəyişən proqnozlar ortasına doğru 80-lərə qədər yüksəldilib, ikinci yarısında artıq heç bir analitik mərkəz həftəlik müddətə də olsa proqnozlaşdırma apara bilmir. Bunun əsas səbəbi dünya bazarına çıxarılacaq neft həcmlərini hesablamağın mümkünsüzlüyüdür: ABŞ İranın Hörmüz ətrafındakı hərbi qüvvələrini bombalayır, 3-4 həftə boğazdan tankerlərin keçidi üçün şərtlər yaxşılaşır.
Bu müddətdən sonra raket və dron buraxıcı qurğularını bərpa edən İran 1 həftə ərzində boğazdan keçidə maneə yaradır, yenidən ABŞ onu bombalayır. İndi isə ABŞ-ın dəniz blokadası və sanksiyalarının dağıdıcı təsirlərini görən İran Yəməndəki əlaltıları olan husiləri ortaya atıb, Səudiyyə Ərəbistanının dünya bazarına Bab-əl Məndəb boğazı ilə çıxartdığı gündəlik 7-7,5 milyon barel neftin yolunu bağlamağa çalışır. Son günlərdə husilərin Qırmızı dəniz sahillərində bir neçə strateji məntəqəni nələ keçirməsi bu gün səhər hərraclarında neft bazarında qiymətlərin 110 dollara qədər yüksəlməsini şərtləndirib. Günortadan sonraya qədər eniş başlayıb və 104-105 dollara qədər geriləmə qeydə alınıb.
Enerji bazarı üzrə iki mühüm beynəlxalq səviyyəli qurumun - OPEC və Beynəlxalq Enerji Agentliyinin neft ehtiyatlarının vəziyyətinə dair proqnozları arasında böyük fərq meydana gəlib. OPEC-ə görə cari ildə ehtiyatlarda gündəlik 57.000 barel kəsir, Beynəlxalq Enerji Agentliyinə görə isə 372.000 barel artım olacaq.
Bəs 120-130 dollarlıq qiymət bazar üçün hansı nəticələrə səbəb ola bilər? Bu, qısamüddətli dövrdə neft satan ölkələr üçün irihəcmli gəlirlər gətirsə də, orta və uzunmüddətli dövrdə tələbin azalması nəticəsində qiymətlərin kəskin enməsi demək olacaq. Artıq belə azalma başlayıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) azalma sürətlənir: iki ay ərzində proqnoz mənfi 40.000 bareldən mənfi 110.000 barelə qədər pisləşib. Avropa və inkişaf etmiş Asiya istehlakı gözləniləndən daha sürətli azaldır.
Enerji keçidi - elektrikli nəqliyyat vasitələri, günəş enerjisi - və iqtisadi yavaşlama Çinin tələbyaradan gücünün zəifləməsi ilə müşayiət olunur. Hətta neft bazarına dair optimist mövqe tutmağa çalışan OPEK də bunu etiraf etməkdədir. Təşkilatın sentyabr proqnozuna əsasən cari ildə Çinin gündəlik neft tələbatında cəmi 10 min barellik artım olacaq. Bu, faktiki olaraq durğunluqdur.
Bundan əlavə, OPEK-in proqnozuna görə, təşkilat üzvlərinin neft hasilatında cari ildə 0,6 milyon barel, ümumi tələbdə isə 0,38 milyon barel artım olacaq. Bu isə OPEK+-dankənar hasilatçıların bütün tələb artımını qarşılayacaqları deməkdir.
BEA-nın məlumatına görə, 2025-ci ilin sonundan bəri tankerlərdə yığılan neftin həcmi 213 milyon barel artıb. Bu tankerlər qurudakı saxlama qurğularına boşaldıqca, ehtiyatlar kəskin şəkildə artacaq və qiymətlərə təzyiq göstərəcək. Bazar iştirakçıları üçün bu, yüksək dəyişkənlik deməkdir. Qiymət təklif və tələb balansı ilə deyil, Yaxın Şərqdən gələn xəbərlər və üzən “anbarlar”ın boşaldılması tempi ilə müəyyən ediləcək. Geosiyasi üstünlük qiymətləri 100 dollardan yuxarı saxlasa da, fundamental göstəricilər bunun əksini göstərir: bazar artıqlığa doğru irəliləyir və logistika normallaşarsa, qiymət tez bir zamanda 80 dollara və daha aşağı səviyyəyə enə bilər.
BEA-nın (BEA) analitiklərinin fikrincə, 2026-cı ildə qlobal neft tədarükü gündə 5,7 milyon barel azalaraq 100,7 milyon barelə düşəcək. Bir ay əvvəl bu göstəricinin 102 milyon barelə düşəcəyini proqnozlaşdırmışdılar. Beləliklə, proqnoz gündə 1,3 milyon barel azaldılıb.
Agentliyin məlumatına görə, avqust ayında qlobal neft tədarükü gündə 1,3 milyon barel azalaraq 100,1 milyon barelə düşüb. Bu azalma Səudiyyə Ərəbistanının Hörmüz boğazında və Qırmızı dənizdə tankerlərə və enerji infrastrukturuna edilən hücumlar səbəbindən gündəlik hasilatı 2,6 milyon barel azaltması nəticəsində baş verib.
Agentik qlobal neft tələbatının bu il gündə 2,5 milyon barel azalacağını proqnozlaşdırır ki, bu da əvvəlki 1,6 milyon barellik azalmanın 900 min barel artırılması deməkdir. OPEC isə sentyabr hesabatında 2026-cı ildə qlobal neft tələbatının artım proqnozunu gündə 380.000 barelə endirib. Bu, təşkilatın 2026-cı ildə qlobal neft tələbatının artım proqnozunu ardıcıl beşinci dəfə azaltmasıdır. Azalma trayektoriyası diqqəti çəkir: ötən ilin dekabr ayında proqnoz 1,38 milyon barel artım nəzərdə tuturdusa, avqust ayına qədər proqnoz 0,58 milyon barelə, indi isə 0,38 milyon barelə endirilib. Hazırkı qiymətləndirməyə görə, 2026-cı ildə ümumi qlobal tələbat 105,84 milyon təşkil edəcək.
Bir ayda 200.000 barel azalma kosmetik düzəliş deyil, struktur yavaşlamanın etirafıdır. Əsas səbəb OECD ölkələri üçün gözləntilərin pisləşməsidir. OPEC Avropada tələbatın azalmasını 120.000 bareldən 190.000 barelə, inkişaf etmiş Asiyada isə 170.000 bareldən 210.000 barelə qaldırıb. Bazarın ənənəvi ümidi olan Çində neft tələbi artımına dair proqnoz əvvəlki hesabatda göstərilən 90.000 bareldən simvolik 10.000 barelə endirilib.
OPEC cari ildə qlobal neft tələbatının 0,38 milyon barel artacağını gözləsə də, Beynəlxalq Enerji Agentliyi tam əksini - 2,5 milyon barel azalacağını proqnozlaşdırır. BEA bunu Hörmüz boğazının blokadasının nəticələri ilə əlaqələndirir: artan qiymətlər Asiya və Afrikadakı idxalçı iqtisadiyyatlarda tələbatı məhv edir və bu təsir qısa müddətdə kompensasiya olunmayacaq.
İki aparıcı bazar proqnozçusu arasındakı fərq gündə təxminən 2 milyon bareldir ki, bu da görünməmiş bir fərqdir. OPEC nikbin baxış axtaran istehsalçıları, BEA ehtiyatlı olmağa meylli istehlakçıları təmsil edir. Həqiqət, həmişəki kimi, ortalıq bir nöqtədədir, lakin fərqin özü göstərir ki, heç bir tərəf öz ssenarisinə əmin deyil.
Lakin analitiklərə görə, neftin 180–200 dollar səviyyəsinə çatması üçün bir neçə riskin eyni vaxtda reallaşması qeydə alınmalıdır: Hörmüzdə uzunmüddətli məhdudiyyət, ABŞ–İran konfliktin genişlənməsi, strateji ehtiyatların uzunmüddətli zəif qalması, Rusiya neftinə sanksiyaların qalması və Venesuela neft sənayesinə yatırımların gecikməsi və OPEC+-un yaranan kəsiri kompensasiya edə bilməməsi. Belə bir ssenaridə neft bazarında qiymət reaksiyası kəskin ola bilər.
Dünya neft bazarının qeyri-müəyyənlik və qiymət volatilliyi fonunda Azərbaycan neftinin qiymətinin yüksəlməsi ölkə üçün hələ ki, müsbət təsirlər gətirir. 6,22 dollar və ya 5,5 faiz artan Azərbaycan neftinin qiyməti hazırda 120 dollara yaxınlaşıb. Mart ayında etibarən qeydə alınan yüksək qiymətlər neft ixracı 15 faizə yaxın azalan Azərbaycan üçün bir neçə baxımdan əlverişlidir: ölkəyə yetərincə valyuta daxil olur; neftin 65 dollarlıq qiyməti ilə hesablanan dövlət büdcəsinin gəlirlərini artırır; Neft Fondunun timsalında strateji valyuta ehtiyatlarını yüksəldir.
Lakin yüksək qiymətlərin uzun müddət davam etməsi şəraitində qısamüddətli dövrdə əldə edilən dvidentlərin növbəti bir neçə ay ərzində neftə tələbin kəskin azaltması, infılyasiyanın sürətlənməsi ilə orta və uzunmüddətli dövr üçün ciddi itkilərə gətirib çıxarması ehtimalı çox yüksəkdir. Xüsusilə Yaxın Şərqdəki münaqişənin aradan qalxması, boğazlardan sərbəst keçidin bərpa olması halında neft qiymətlərinin qısa müddətdə kəskin enməsi qaçılmaz olacaq. Azərbaycanın büdcə xərcləmələrində tutduğu ehtiyatlı mövqe hökumətin bu ehtimalı nəzərə aldığından xəbər verir.