Ətin qiymətində növbəti bahalaşma istehlakçıların diqqətini yenidən bu məsələyə yönəldib. Son bir ildə ətin qiymətinin bir neçə dəfə artması artıq ciddi müzakirələrə səbəb olur.
Globalinfo.az-a danışan iqtisadçı Emin Qəriblinin sözlərinə görə, qiymət artımına bir neçə amil təsir edir:
“Ölkəmizdə qoyun və mal ətinə tələbatın müəyyən hissəsi idxal hesabına qarşılanır. Artıq qoyun və iri buynuzlu heyvan ətinin istehsalında müəyyən qədər artım müşahidə olunur. Ancaq bu artım mövcud tələbatı tam ödəməyə kifayət etmir. Tələb durmadan artır. Yanvar-iyun aylarında da tələbatın artdığını müşahidə edirik. İstehsalın artımı isə bu tələbatı tam qarşılamağa imkan vermir. Yəni bazarda tələb daha çox, təklif isə məhduddur”.
İqtisadçı bildirib ki, qiymət artımına təsir edən amillərdən biri də yemin bahalaşmasıdır:
“Belə ki, heyvanların yem təminatında istifadə olunan məhsulların qiymətində müəyyən artım qeydə alınıb. Bəzi məhsullarda bu artım 3 faizə qədərdir. Bu da təbii olaraq ümumi istehsal xərclərinə və nəticə etibarilə ətin qiymətinə təsir göstərir. Digər tərəfdən, iqlim dəyişiklikləri və ötən il müşahidə olunan quraqlıq da müəyyən təsirlər yaradıb. Bu amillərin hamısı birlikdə heyvandarlıqda istehsal imkanlarına təsir göstərir və bazarda yaranan tələbatın tam qarşılanmasını çətinləşdirir”.

Emin Qəribli
E.Qəribli deyib ki, qarşıdakı bir-iki ayda toy mövsümünün başlaması ilə ətə olan tələbatın daha da artacağını gözlənilir:
“Bu da öz növbəsində qiymətlərə əlavə təzyiq yarada bilər. Bunun qarşısını almaq üçün müəyyən hallarda idxalın artırılması da mümkün variantlardan biridir. Amma əsas məsələ daxili istehsalın artırılmasıdır. Biz quşçuluğun inkişafı nəticəsində özümüzü quş əti ilə tam təmin edə bildiyimizi, hətta ixrac etdiyimizi görürük. Hesab edirəm ki, eyni yanaşmanı qoyunçuluq və iribuynuzlu heyvandarlığın inkişafında da tətbiq etmək mümkündür. Bu istiqamətdə əlavə tədbirlər görülərsə, daxili istehsalı artırmaq və gələcəkdə qiymət artımının qarşısını müəyyən qədər almaq olar”.