Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ


İnternet informasiya ehtiyatlarına müvəqqəti girişin məhdudlaşdırılacağı halların siyahısı genişləndirilir.

Turkustan.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Qanunvericiliyə əsasən, narkotik vasitələr və psixotrop maddələrin hazırlanması və istifadəsi, pornoqrafiya və uşaq pornoqrafiyası, ictimai mənəviyyata zidd məzmun, qanunsuz qumar və mərc oyunlarının təşviqi, intiharın təbliği, yaş kateqoriyasına uyğun işarələnməmiş audiovizual məhsullar, təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, eləcə də insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və infrastruktur obyektlərinə təhlükə yaradan yalan məlumatların internetdə yerləşdirilməsi qadağandır.

Layihəyə əsasən, bu cür məlumatların internet informasiya ehtiyatında yerləşdirilməsi müəyyən edildikdə, həmin internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bununla yanaşı, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, virtual formada, o cümlədən internet, mobil rabitə, sosial şəbəkə platformaları, müxtəlif tətbiqlər və digər elektron rabitə vasitələrindən istifadə edilməklə törədilən qanunsuz əməllərə görə məsuliyyət də sərtləşdirilir.

Belə hallarda təqsirli şəxs cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək cərimə olunmaqla iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Ağırlaşdırıcı hallarda isə üç ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə, daha ağır hallarda isə beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Layihə ilə həmçinin Cinayət Məcəlləsinin 208-ci maddəsinin ləğvi və bununla bağlı Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ