Daş bitiklərdən rəqəmsal dünyaya: TÜRK ŞEİRİNİN ULU YOLU


Əkbər Qoşalı l Qazax Kitab Sərgisində məruzə ilə çıxış edib

Qazax şəhərində yerləşən “Mütəfəkkirlər Bağı”nda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə ad edilmiş I Qazax Kitab Sərgisi keçirilib.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, eləcə də bir sıra qurumların dəstəyi ilə baş tutan sərgi bölgədə kitabın, oxu mədəniyyətinin inkişafına xidmət edən ictimai-mədəni hadisə kimi yadda qalıb.

Sərginin açılış törənində çıxış edən şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı belə təşəbbüslərin milli yaddaşın qorunması, kitabın nüfuzunun artırılması və gənc nəslin maariflənməsi baxımından önəm daşıdığını vurğulayıb.
Natiq sənətkarların milli ruhun formalaşmasında oynadığı roldan danışıb. O, kitab sərgilərinin həm də düşüncə, fikir və mədəniyyət platformu olduğunu diqqətə çatdırıb.

Əkbər Qoşalı eksperti olduğu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın ANAİB başqanı Şəmil Sadığa ünvanladığı rəsmi məktubu və simvolik hədiyyəni təqdim edib. Məktubda bölgələrdə keçirilən sərgilər başda olmaqla, kitab sərgiləri təqdir edilərək, onların önəminə diqqət çəkilib.
Komitə sədrinin məktubunda da vurğulandığı kimi, I Qazax Kitab Sərgisi Azərbaycan bölgələrində kitab mədəniyyətinin təşviqi istiqamətində həyata keçirilən təqdirəlayiq layihələrdəndir və ölkənin ədəbi-mədəni həyatına yeni töhfələr verməkdədir.

Sonra, sərginin ilk gününün proqram axışına uyğun olaraq, “Çağdaş türk şeiri” mövzusunda çıxış edən Əkbər Qoşalı, Türk dünyasının mədəni irsi, şeir gələnəyi, çağdaş türk şeiri və yeni çağırışlardan danışıb.
Çıxışda çağdaş türk poeziyasının inkişaf yönləri, rəqəmsal texnologiyaların, süni intellektin ədəbiyyata təsiri, qloballaşma ortamında milli kimliyin qorunması və b. məsələlər dəyərləndirilib.
Əkbər Qoşalı texnologiyanın sözün daşıyıcısını dəyişsə də, onun mahiyyətini dəyişə bilmədiyini söyləyib:
“Əgər insanın sevincə, həsrətə, inama, vətən duyğusuna, eşqə ehtiyacı qalırsa, şeir də yaşayacaq. Çünki şeir insanın texnologiyadan öncəki və texnologiyadan sonrakı özüdür”.
O, türk şeirinin minillik mədəni yaddaşın davamı olduğunu vurğulayaraq Orxon-Yenisey abidələrindən, Dədə Qorquddan, Yunus Əmrədən, Nəvaidən, Məhtimquludan, Abaydan, Hüseyn Caviddən, Mağjan Jumabaydan, Çolpandan və digər ustadlardan söz açıb.
“Dərin mədəniyyət” anlayışı üzərində dayanan Əkbər Qoşalı, ulusun dili, yaddaşı, mifologiyası, tarixi təcrübəsi və mənəvi kodlarının çağdaş ədəbiyyatın da əsas dayaqları olaraq qaldığını bildirib. Onun fikrincə, yalnız dərin qatlara enə bilən poeziya zamanın sınaqlarından uğurla çıxır.

Məruzədə Türk dünyasında ortaq ədəbi layihələrin, elektron kitabxanaların, şeir festivallarının, gənc yazar proqramlarının və digər mədəni təşəbbüslərin önəmi də vurğulanıb. Bakı, Daşkənd, Ankara, Almatı, Aşqabad, Bişkek, Kazan və digər türk mədəniyyət ocaqları arasında mədəni işbirliyinin genişləndirilməsi yeni mərhələnin əsas vəzifələrindən biri kimi qiymətləndirilib.

Çıxışının sonunda Əkbər Qoşalı iqtisadi, siyasi layihələri gözardı etmədən, türk ulusunun gələcəyinin ilk növbədə ortaq mədəniyyət və ortaq gələcəyə səsləyən söz sənəti üzərində qurulduğunu bildirib.


MANŞET XƏBƏRLƏRİ