Türkiyədə yeni qəbul edilmiş terrorizmlə mübarizə üzrə qanun çərçivəsində PKK terror təşkilatının üzvlərinin tərksilah edilməsi, mağaraların boşaldılması və logistika materiallarının təhvil verilməsi üçün 1,5-2 aylıq müddət nəzərdə tutulur.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Nəşr PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın yaxın vaxtlarda bu çərçivədə təşkilat üzvlərinə belə bir çağırış edəcəyini yazıb:
“Bütün silahları müvafiq yerlərə təhvil verin və Türkiyəyə qayıdın”.
Həmçinin PKK-nın Qəndil dağında (İraq) yerləşən rəhbərliyinin bir neçə gün ərzində mağaraların boşaldılması barədə açıqlama verəcəyi gözlənilir.
Məlumata görə, planın həyata keçirilməsi halında silahların təhvil verilməsi prosesinin sentyabrın sonunadək başa çatdırılması, ardınca Milli Təhlükəsizlik Şurasının müvafiq qərarından sonra qanunun oktyabrdan etibarən tətbiqinə başlanması nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında Qanun” Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib./teleqraf