Əsərləri dövlət varidatı olan Y.V.Çəmənzəminlinin aşkar edilmiş yeni materialları nəşr edilib.
2026-cı il iyulun 27-də Şuşada, əsərləri dövlət varidatı elan edilmiş görkəmli xadim Yusif Vəzir Çəmənzəminliyə dair “Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın tərtibçisi, topludakı transfoneliterasiya, tədqiqat və qeydlərin müəllifi, “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli bildirib ki, nəşrdə Çəmənzəminliyə dair müxtəlif məxəzlərdə son vaxtlar aşkar edilmiş bir sıra materiallar ilk dəfə təqdim olunur. Ş.A.Hümmətli tədbirin Şuşada keçirilməsinin rəmzi mənasına toxunub: “Şuşa torpağında doğulan, bütün həyatını Azərbaycanın, bütünlükdə Türk dünyasının səadətinə həsr edən, XX əsrin amansız repressiya illərinin qurbanı olan, Vətənindən uzaqda - sürgündə vəfat edən, məzarı belə qalmayan Yusif Vəzirin bu gün nakam ruhu şaddır. Çəmənzəminli Şuşada doğulub. “Həyatımın 20 ili” adlı memuarında “Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür еdiniz. Bu, mənim şəhərimdir. O, mənimdir, çünki onda hayatı buldum” sözləri ilə Şuşanı vəsf edir, doğma şəhəri barədə uşaqlıq və gənclik xatirələrini, duyğu və düşüncələrini bölüşür, tarixi hadisələrə, ictimai-siyasi mühitə münasibətini ifadə edirdi. Hekayələrini “Əliqulu xan Çəmənzəminli” imzası ilə yazan gənc ədibin “Çəmənzəminli” imzasını seçməsi da Şuşa ilə bağlıdır. Bu, vaxtilə İranın Çəmənzəmin kəndindən Şuşaya pənah gətirən və onların himayəsində yaşayan, sonradan bu ailənin özünün dar günündə, ölümcül xəstəliyə qarşı mübarizədə Yusif Vəzirin köməyinə çatan üç qardaşa böyük hörmətinin, bu sədaqətə minnətdarlığının ifadəsi idi. İlk hekayə kitablarını da ədib həmin imza ilə çap edib”.
Kitabın rəyçisi, Yusif Vəzirin nəvəsi, professor Leyla Vəzirova qeyd edib ki, Çəmənzəminlinin əsərləri 1966-cı ildən başlayaraq Sovet dövründə 3 cilddə nəşr edilsə də, bu nəşrlərdə onun külliyatının yalnız bir hissəsi verilib, materiallara sərt Sovet senzurası tətbiq edilib. 2005-ci ildə həmin 3 cildlik yenidən latın qrafikası ilə çap edilərkən, yeni nəşrlərin redaktoru və tərtibçilərindən olan professor Tofiq Hüseynoğlu əlyazmalar əsasında ixtisarları bərpa edib, bir çox təhrifləri aradan qaldırıb. Bu 3 cildliklərə əvvəlkilərdə olmayan yeni materiallar da əlavə olunub: “Ailəmizin böyük arzusudur ki, Çəmənzəminlinin xarici ölkə arxivlərində və kitabxanalarında, o cümlədən şəxsi fondunda mühafizə edilən əlyazma və çap materialları yenidən toplansın, müasir əlifbamıza çevrilsin, elmi-ədəbi, publisistik irsi çoxcildliklərdə yenidən və sistemli şəkildə nəşr edilsin. Bu kitabda verilmiş olduqca qiymətli yeni materiallar da həmin çoxcildliklərə düşsün. Çəmənzəminlişünas alimlərin qənaətlərinə görə, Yusif Vəzirin irsi onun indiyədək nəşr olunmuş əsərlərindən daha genişdir, külliyatının hələ təxminən yarısı işıq üzü görüb”.
Professor Firudin Qurbansoy Ş.A.Hümmətlinin araşdırmalarının Yusif Vəzirin “Qədim kitab”, “Məhərrəm” adlı 2 romanının, “1905-ci il” adlı uşaq pyesinin olduğunu, hətta onların çapı üçün “Azərnəşr”lə müqavilələr bağladığını üzə çıxardığını diqqətə çatdırıb. O, bu əsərlərin indiyədək tapılmadığını, Çəmənzəminlinin özünün “Təkrar-təkrar” adlı məqaləsindən “Tərtər” adlı roman üzərində işlədiyinin, həmin əsərin də aqibətinin hələ bilinmədiyini vurğulayıb. O, aşkar edilmiş yeni faktlara görə Ş.A.Hümmətlini təbrik edib.
“Çapar” Milli İrsin Tədqiqi Mərkəzinin sədri Dilqəm Əhməd bildirib ki, kitabda haqlı olaraq vurğulanır ki, Çəmənzəminli yaradıcılığına hansı tərəfdən baxılsa, burada milli dövlət quruculuğu, millətin tərəqqisi problemləri aşkar görünür, Yusif Vəzir irsinin əsas özəyini də Azərbaycan xalqının xoşbəxtliyinin onun milli iradəsi, milli ideyası, milli dövləti ilə sıx bağlı olması təşkil edir.
Dilqəm Əhməd Çəmənzəminlinin sürgünə göndərildiyi Nijni Novqorod vilayətinin Suxobezvodnaya həbs düşərgəsində də böyük çətinliklərlə, gizli şəraitdə əsərlər yazmağa davam etdiyini, həmin əsərləri qorumağa həbsxana nəzarətçilərindən birini razı sala bildiyi barədə məlumatların olduğunu, kitabda bu barədə bəhs edildiyini bildirib: “Sürgündə əbədiyyətə qovuşan, Betluqa çayının kiçik qolu olan Unja çayı sahilində Yusif Vəzirin məzarının, onun həbs düşərgəsindəki əlyazmalarının tapılması böyük hadisə olardı”.
“Ortaq dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Çəmənzəminli yaradıcılığında qızların təhsilə cəlb edilməsinin, çarşabdan çıxmasının aparıcı mövzulardan biri olduğunu vurğulayıb: “Yusif Vəzir yazırdı ki, millətin səadət günəşi ailə üfüqündən doğacaq. Bu kitabda Çəmənzəminlinin bu barədəki ifadələrini olduğu kimi səsləndirmək istərdim: “Qadınları kişilərə qul edən, mədəniyyət və maarifdən ayıran, təsərrüfatdan uzaq salıb ağır həyata sövq edən çadra “yırtılır, nifrətlə atılır”... Çarşaf tərəqqiyə böyük bir əngəl təşkil edir... Zatən, Azərbaycan qadının əsarəti İran pozuq mədəniyyətinin məhsuludur. O yerdə ki İran təsiri sabitdir, orada qadın əsarəti də səltənət sürmədədir. Baxınız, şəhərlərimizdə qadın qapalıdır, köylərimizdə isə asudə və yüzü açıq bir surətdə erkəklər ilə bərabər tarlalarda çalışmadadırlar. Köy qadını yalnızbaşına bazara gəlir, alış-veriş yapar, gedər. Şəhərlərdə qadının qapalılığı oralarda İran təsirinin mövcudiyyətidir””.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Hüseynova-Qəhrəmanlı Çəmənzəminlinin ana dilinin saflığının qorunması uğrunda ardıcıl fəaliyyətindən, fədakarlıqlarından söz açıb. O, Ş.A.Hümmətlinin bir neçə il əvvəl - “Şuşa İli”ndə nəşr etdiyi “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitabında Yusif Vəzirin ana dili barədə materiallarının sistemli şəkildə bir yerə toplanmasının önəmini qeyd edib: “Yusif Vəzir Çəmənzəminli eyni zamanda Azərbaycan folklorşünaslığının təməl daşlarını qoyanlardan biridir. Hələ 1914-cü ildə yazdığı “Dil məsələsi” adlı məqaləsində o, zəngin el ədəbiyyatını öyrənməyə çağırır. Yusif Vəzirin folklorumuzla bağlı “Azərbaycan nağıllarının əhval-ruhiyyəsi”, “Nağıllarımızı nə cür toplamalı”, “Xalq ədəbiyyatında bəşəri təmayüllər” kimi çoxsaylı yazıları vardır. Bu xüsusda onun “Tarixi etüdlər” silsiləsinin xüsusi yeri var. “Şair Qətran”, “Xətainin nəfəsləri”, “Füzulinin qeyri-mətbu bir şeiri”, “Molla Pənah Vaqif haqqında”, “Abbasqulu ağa Qüdsinin əsərləri” adlı beş məqalədən ibarət bu silsilə yazılar ilə alim-yazıçı bir sıra incə mətləblərə ustalıqla işıq salıb”.
Finlandiyada yaşayan soydaşımız, Türkiyənin İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutundan Sevil Abbasova (İrəvanlı) Çəmənzəminlinin əsərlərində arxiv və kitabxana işinə də xüsusi həssaslıqla yanaşdığını bildirib: ““Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır” deyən Yusif Vəzir “Nicat” qiraətxanası” və digər məqalələrində publisistik materialların gələcək nəsillərə çatdırılması üçün kitabxanalarda mətbuat arxivinin yaradılmasının vacibliyini önə çəkib”.
Təqdimat mərasimində Leyla Vəzirova ilə yanaşı, Çəmənzəminlinin digər nəvəsi - babasının adını daşıyan Yusif Vəzirov, nəticələri Camal Vəzir, Fərəc Vəzir və digərləri də iştirak edib.
Kitabın elmi redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Kitabın üz qabığında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunub saxlanılan, rəssam Yusif Hüseynovun əl işi olan Yusif Vəzir Çəmənzəminlinin portreti yer alıb.
Açıq səma altında keçirilən müzakirələrdə qeyd olunub ki, əsərlərindəki ana xətt Yusif Vəzirin ən böyük arzusunun məhz güclü Azərbaycan dövləti olduğunu söyləməyə tam əsas verir. Müasir Azərbaycan dövləti Yusif Vəzirin əsərlərində xəyal etdiyi, canlandırdığı dövlət obrazının prototipi sayıla bilər. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilmiş, dövlətçilik ənənələri dirçəldilmiş və möhkəmləndirilmiş, azərbaycançılıq məfkurəsi ürəklərə hakim olmuş, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Tarixi Zəfər qazanmış, ərazi bütövlüyü və suverenliyini tam bərpa etmişdir.
Təqdimat mərasimindən əvvəl iştirakçılar Çəmənzəminlinin Şuşadakı evinin qalıqlarını ziyarət ediblər.
“Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində” adlı kitab QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə nəşr olunub. “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Şuşa ziyalıları: Yusif Vəzir Çəmənzəminli irsinin tədqiqinə dair nəşrin hazırlanması” layihəsi üzrə qalibdir.