Bayramov Səbuhi
Zaqatala Tarix-Mədəniyyət qoruğunun elmi işçisi
Zaqatala Azərbaycanın Şimal-qərbində , Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx – Əyriçay vadisində yerləşir. Rayonun ərazisi 1348 kv km olub dağlıq və düzənlik sahədən ibarətdir. Əhalisi 130 min nəfərdir. Zaqatala şimaldan Rusiya Federasiyası, cənubdan Gürcüstan Respublikası ilə, həmsərhəddir.
Zaqatala tarixi abidələr məskənidir desək yanılmarıq. Abidələrin müxtəlifliyi burada yaşayan xalqların yaşayışı ilə şərtləndirilir. Ümumiyyətlə, rayonda 108 tarixi-memarlıq abidəsi var. Əksəriyyəti yerli əhəmiyyətlidir. Bunlardan ən qədimi Pəri qalası, Armatay qalası, Cingöz qalası, Şeytan qalası, Zaqatala səddi və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
Burada qədim abidələrlə yanaşı yeni dövrün tarixini özündə birləşdirən abidələr də, çoxluq təşkil etməkdədir. Ümumiyyətlə Zaqatala sözünün adı da, məhz burada yaşayan Sak tayfalarının adı ilə uyğunlaşmışdır.
Zaqatalanı tarixdə işğalçılara qarşı mübarizənin örnək nümunəsi kimi də, səciyyələndirmək olar. Belə mübarizələrdən tarixdə tanınan Car-Balakən üsyanı Zaqatala qalasının tarixində xüsusi əhəmiyyət daşımaqdadır.
Keçmiş Car – Balakən ərazisi hərbi – strateji cəhətdən əlverişli mövqedə olduğuna görə daha çox işğalçıların diqqət mərkəzindən düşmürdü. Belə ki, Azərbaycanın şərqinə Şəki – Şamaxı – Bakı istiqamətlərinə və Dağıstana gedən yollar və hərbi Gürcüstan yolu buradan keçirdi. Car – Balakən qəzası Rusiyanın təbəəliyinə keçdikdən sonra ( 1804-cü il ) onun hərbi - strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi.
Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general feld-marşal Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün əlverişli olan yer Paskeviç tərəfindən seçilmiş və burada yaşayan əhali başqa yerə köçürülmüşdür. Qalanı tikdirməkdə çar hökumətinin məqsədi Rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılması idi.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra qalanın tikilməsi labüd hal almışdır. Artıq 1830-cu il böyük qüvvələr qarşısında Zaqatala qalasının divarlarının tikintisinə başlanıldı.
Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədi ilə hasarın çöl tərəfindən eni 10 metr dərinliyi 5 metr olan xəndək qazılmışdır. Qalanın sahəsi 11,5 hektardır, divarların uzunluğu 3000 metr, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük – Zabit, Əsgər və Nəqliyyat qapıları mövcuddur. İstifadəsinə uyğun olaraq adlandırılan bu qapılar qalanın şərq və qərb hissəsində yerləşir.
Qalada daimi olaraq 2500 əsgər, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman Zaqatala qalasında 8-10 minə qədər əsgər yerləşdirilmişdir
Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsədə köhnə sistemli qaladır. Qalanın şimal- qərb bürcü müşahidə bürcü olumuşdur. Bürc iki mərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Onun altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir.
Qala XIX əsr tikilisi olmasına baxmayaraq orta əsr qalalarında olduğu kimi mühasirədən çıxmaq üçün qalanın altından şəhər ətrafına doğru yeraltı iki yol çəkilmişdir. Hal hazırda həmin yollar bağlı olsa da, mövcuddur.
Müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlasalarda onu ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədi ilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçdi. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözlədilər. Qalanı hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəldi. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırdılar.
Şeyx Şamil hərəkatı dövründə ( 1834-1859 ) qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi idi.
İkinci ən böyük üsyan 1863-cü ildə baş vermişdir. Üsyana keçmiş çar zabiti əslən Balakənli olan Hacı Murtuzun və Kebeloba kəndindən Zəngi Əfəndinin başçılığı altında üsyançı dəstələr Zaqatala qalası üzərinə hücuma keçdi. Üsyanın başlıca siması Zəngi Əfəndi idi. Şiddətli top atəşləri onları pərən-pərən saldı. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı başlanmiş daha bir azadlıq mübarizəsi yatırıldı. Üsyan yatırıldıqdan sonra üsyanın başçıları hesab olunan 18 nəfər qala qüzü ərazisində edam olunur, onların içərisində Zəngi Əfəndi də vardı. Daha maraqlı faktlardan biridə, üsyan zamanı rus qoşunlarının tərkibində olan polyak əsilli zabitlər üsyançılara kömək göstərmişdilər.
Təsadüfi hal deyildir ki, həmin illərdə Zaqatala qalasında olmuş məşhur rus boyakarı Vereşaqin qalada həbsdə saxlanılan Hacı Murtuzun portretini çəkmişdir. Həmin portret bu gün Rusiyada Kursk şəhərində saxlanılır.
1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra yəni Qafqaz qəti olaraq Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. 1905-ci il inqilabi çaxnaşmaları Rusiyanın hər tərəfini bürüdüyü zaman bu qalanın mövcud olması təzədən yada düşmüşdü. “ Potyomkin “ gəmisində baş verən üsyan siyarətedici xəstəlik kimi imperiyanın başqa donanmalarına da yayılmışdı. 1905-1907-ci il inqilabından sonra gəmidə baş verən üsyan yatırılaraq üsyan iştirakçıları Zaqatala Qalasına sürgün edilir. Matrosların Zaqatalaya sürgün edilməsi Zaqatala qalasının adını bir daha tarixə yazdı.
Zaqatala Qalasının qarnizon rəisi həm də, yeni salınmaqda olan şəhərin komendantı idi. Dobrovolskinin batalyonu yarısı Qara dəniz matroslarından ibarət idi. Sayı 400-ə çatan bu matroslara silah etibar edilmirdi. Matrosları daim nəzarət altında saxlayır, onları çox incidirdilər.Batalyonda inqilabi əhval – ruhiyyə hökm sürməkdə idi. Matroslar batalyon komandiri Dobrovolskiyə xüsusilə nifrət edirdilər.Batalyonda yaradılmış inqilabi özək Dobrovolskinin öldürülməsi haqda qərar çıxarır. Bunu matros Kuk etməli idi.Ancaq satqınlıq nəticəsində o ələ keçdi. Bu işi matros Stepan Demeşko başa çatdırdı. O, 1907-ci il iyulun 10 – da axşam batalyon rotalarından birini yoxlayıb evə qayıdan Dobrovolskini qalanın zabit qapısından bir qədər aralıda qalaya qalxan yolda güllə ilə vurub öldürdü.
Hərbi məhkəmənin hökmü ilə S. Demeşko 1907-ci il sentyabrin 7-də V Plastun batalyonunun kazakları tərəfindən güllələndi.
1918 ci ildə Azərbaycan Cumhuriyyəti qurulduqdan sonar Musavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu Musavat piyada polku yerləşdirilmişdi. Həmin dövrdə qala ərazisində Məşhur türk sərkərdəsi Nuru Paşanın komandanı olduğu ordunun bir bölüyüdə Zaqatala Qalasında olmuşdur. Ümumiyyətlə həmin dövr hələ də, lazımınca araşdırılmamış və arxiv məlumatları demək olar ki, yox dərəcəsindədir.
Sovet hakimiyyəti illərində Banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi burada yerləşirdi. Banditizmə qarşı mübarizə adı altında Şimal-Qərb bölgəsində rus imperializminə qarşı mübarizə aparan vətən övladlarının qanlı divan tutulduğu yer olmuşdur.
Zaqatala Qalası hərbi xarakterli istibdad mərkəzi olsa da, Tiflisə gedən yolun üzərində yerləşməsi bir çox səyyahların qalaya eləcə də, Zaqatala şəhərinə gəlməsinə imkan vermişdir. Həmin dövrdə baş verən hadisələr bir çox rəssamların əsərlərində və memuarlarda öz əksini tapmışdır. Belə ki, qalaya gələn məşhur fransız əsilli səyyah Karla Serena Zaqatalanın gözəlliklərinə heyran olmuş, buranı bərabərliyin- tolerantlığın simvolu adlandırmışdır.
Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, və bir çox idarə-müəssisələr fəaliyyət göstərmişdir.Müstəqillik elan olunduqdan sonra Daxili qoşunların N saylı hərbi hissəsi qalada yerləşirdi. Hal-hazırda Zaqatala Dövlət Rəsm qalereyası qalada yerləşir. Zaqatala qalasında “Yenilməz batalyon” və “Cavad xan” filmləri çəkilib.
Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli 22 saylı qərarına əsasən Zaqatala qalası Tarix – Mədəniyyət Qoruğu elan olunmuşdur.