Zelenski: Ukrayna Rusiya hərbi-dəniz bazasına zərbə endirdi


Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, əməliyyatda “Palyanytsia” reaktiv dronları, “Neptun” raketləri və dəniz pilotsuz sistemlərindən istifadə olunub.

Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələri cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiyskdə hava hücumundan müdafiə mövqeləri, körpülər və liman infrastrukturunu hədəfə alıb.

“Palyanytsia” dronları, “Neptun” raketləri və dəniz pilotsuz sistemləri müəyyən edilmiş hədəfləri dəqiq vurub”, – deyə Zelenski bildirib.

Prezident əməliyyatda iştirak edən hərbçilərə, Təhlükəsizlik Xidmətinə və kəşfiyyat əməkdaşlarına təşəkkür edib. O vurğulayıb ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi müddətdə Rusiya donanması və onu təmin edən infrastruktur təhlükəsiz olmayacaq.

Zelenski həmçinin müharibənin dayandırılmasının vacibliyini vurğulayaraq, diplomatik həll üçün bütün uyğun təkliflərin masada olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ