Ömrünü millətinə həsr edən Türkman şair - Ustad Miqdad Havdioğlunu tanıyaq


Dr. Barış Cavid Mövsümlü
Tarixçi-Şair

İnsan ömründə elə dostluqlar olur ki, onları zaman deyil, ortaq amal yaşadır. Mənim ustad şair Miqdad Havdioğlu ilə dostluğum da məhz belə dostluqlardandır. İllər öncə onu yalnız İraq Türkman ədəbiyyatının tanınmış şairi kimi tanıyırdım. Lakin zaman keçdikcə onun təkcə böyük şair deyil, həm də yüksək mənəviyyata malik, dostluğa sədaqətli, Türk dünyasının birliyi uğrunda çalışan əsl ziyalı olduğunu yaxından gördüm.

“Qınamayın məni yurdum sevərsəm,

Yurdu sevmək bizim dinimizdə var.

Aradıysan yer üzündə ədalət,

Ən gözəl ədalət yanımızda var.”

Ötən il əziz dostum Miqdad Havdioğlunun 60 yaşı tamam oldu. Mənim üçün bu yubiley sadəcə bir yaşın tamamlanması deyil. Bu, ömrünü sözə, millətinə və Türk dünyasının ortaq dəyərlərinə həsr etmiş bir sənətkarın həyat və yaradıcılığı qarşısında ehtiramımı ifadə etmək üçün gözəl fürsətdir.

Miqdad bəy 1965-ci ildə İraqın Sincar bölgəsinə bağlı Əlihəsənağa kəndində, qədim Gərgərli türkmən nəslində dünyaya göz açmışdır. Uşaqlıq illərindən ana dilinə və şeirə olan sevgisi onu Təlafərin zəngin ədəbi mühitinə gətirmiş, burada Rza Çolakoğlu və ustadı Fələkoğlu kimi görkəmli şairlərin məktəbindən bəhrələnmişdir. Sonralar həmin məktəbin ən parlaq nümayəndələrindən birinə çevrilməsi təsadüfi deyildir.

“Ana vətənimdir can Azərbaycan,

Hocam Nəsimidir, dədəm Pir Sultan,

Hər kəs bizdən alır ədəb-i ərkan,

Qəhrəman Türküman elindənəm mən.”

Mən onun yaradıcılığını dərindən öyrənməyə başlayanda ilk diqqətimi çəkən cəhət poeziyasındakı səmimiyyət oldu. Miqdad Havdioğlu şeir yazmır, yaşadıqlarını danışır. Onun hər misrasında ömrünün izi, xalqının taleyi və Türkmənelinin nəfəsi duyulur. Elə buna görə də şeirləri oxucuya süni görünmür; əksinə, insan həmin misralarda öz həyatından bir parça tapır.

Şairin seçilmiş əsərlərini toplayaraq Azərbaycanda kitab halında nəşrə hazırlamaq mənim üçün təkcə elmi və ədəbi fəaliyyət deyildi. Bu, həm də mənəvi borc idi. Kitab üzərində işlədiyimiz günlərdə saatlarla birlikdə olur, şeirlərin yaranma tarixindən, onların yazıldığı şəraitdən, hər misranın arxasında gizlənən xatirələrdən danışırdıq. Bəzən bir şeirin üzərində saatlarla söhbət edirdik. Mən o zaman anladım ki, Miqdad Havdioğlunun poeziyasını dərk etmək üçün ilk növbədə onun həyatını tanımaq lazımdır.

“Bir ömür hekayəsi, bir şeir dəftərimi,

Nə yazıq ki qeyb etdim bir də mən əzbərimi.

Sənələrcə yazdığım ən gözəl xatirələr,

İtirdim bir gündə mən olan yoxum-varımı.

Yazdığım ol şeirlər bir sevda masalıydı,

Rüzgarlara sovurdu sirrimi, əsrarımı.

Özüm üçün deyildi millət üçün yazdığım,

Kitaba alammadım düşüncəm, əfkarımı.”

Şairin yaradıcılığında məni ən çox heyrətləndirən cəhətlərdən biri onun hikmətlə sevgini eyni poetik nəfəsdə ifadə edə bilməsidir. Ustadı Fələkoğlunun ona “Hikmət Şairi” deməsinin səbəbini də məhz həmin söhbətlər zamanı daha dərindən anladım. Digər tərəfdən, Təlafərdə onu “Sevda Şairi” adlandırmaları da təsadüfi deyil. Onun sevgi şeirlərində yalnız fərdi hisslər deyil, insan ruhunun saflığı, sədaqəti və mənəvi gözəlliyi yaşayır.

Miqdad bəy həm heca, həm də əruz vəznində eyni ustalıqla yazır. Horyat janrında qələmə aldığı nümunələr isə İraq Türkman xalq ədəbiyyatının yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun şeirlərini oxuyarkən bir tərəfdən Vaqifin və Aşıq Ələsgərin səmimiyyətini, digər tərəfdən Şəhriyarın və Əliağa Vahidin klassik poetik nəfəsini hiss etmək mümkündür. Bütün bunlarla yanaşı, Miqdad Havdioğlu heç kəsi təqlid etmir. O, özünəməxsus poetik üslub yaratmış sənətkardır.

Onun ömür yolu da yazdığı şeirlər qədər keşməkeşlidir. İran–İraq müharibəsi illərini yaşamış, sonralar xalqının qarşılaşdığı faciələrin şahidi olmuş, 2014-cü ildə doğma yurdundan didərgin düşərək Türkiyəyə köçməyə məcbur qalmışdır. Lakin bütün bu çətinliklər onun qələmini sındıra bilməmişdir. Əksinə, çəkdiyi ağrılar poeziyasını daha da müdrikləşdirmişdir.

“Əgər gedər isən bizim ellərə,

Anama, Babama çox salam söylə.

O gönçə güllərə, o bülbüllərə,

Anama, Babama çox salam söylə.”

Miqdad Havdioğlu yalnız şair deyil, həm də təşkilatçı ziyalıdır. Mosul Türkman Şair və Ədəbiyyatçılar Birliyinin yaradılmasında və sonralar Türkiyədə Təlafərli Şair və Ədəbiyyatçılar Birliyinin fəaliyyətində göstərdiyi xidmətlər onun Türk dünyasının mədəni həyatına verdiyi töhfələrin yalnız bir hissəsidir. O, harada yaşamasından asılı olmayaraq həmişə Türkmənelinin səsini, Türk dilinin gözəlliyini və milli-mənəvi dəyərləri yaşatmağı özünün əsas vəzifəsi hesab etmişdir.

Mənim üçün Miqdad Havdioğlu ilk növbədə böyük ürək sahibidir. Onun dostluğu da, şairliyi də eyni dərəcədə səmimidir. Ötən il altmış yaşına qədəm qoyan ağa bəyimə baxarkən ömrünü boşuna yaşamamış bir insan görürəm. Onun yetişdirdiyi gənc şairlər, təşkil etdiyi ədəbi məclislər, yazdığı yüzlərlə şeir və Türk dünyasına qazandırdığı mənəvi dəyərlər bunun ən gözəl sübutudur.

Əzizim Miqdad bəy! Sizə uzun ömür, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, şeirləriniz bundan sonra da Türkmənelidən Azərbaycana, Anadoludan Türküstana qədər bütün Türk ellərində eyni sevgi ilə oxunacaq. Çünki sizin poeziyanız yalnız bir bölgənin deyil, bütöv Türk dünyasının mənəvi sərvətidir. Qələminiz daim iti, sözünüz həmişə uca olsun!


MANŞET XƏBƏRLƏRİ