Prezident İlham Əliyevin Pakistana dövlət səfəri tarixi bir hadisə kimi qiymətləndirilir. İslamabadda İlham Əliyev dost, qardaş ölkənin rəhbəri kimi ən yüksək hörmət və ehtiramla qarşılandı. Azərbaycan Prezidentinin təyyarəsini səmada müşayiət etməkdən tutmuş şərəfinə toplardan yaylım atəşi açılmasına, onu qarşılamağa isə Baş nazir Məhəmməd Şahbaz Şərifin özünün təşrif gətirməsinə qədər dövlət səfərlərində nadir hallarda müşahidə olunan jest İlham Əliyevin yüksək nüfuza malik lider olduğunu bir daha təsdiq etdi. Bundan başqa, hər iki ölkənin başçıları əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməyin zəruriliyini vurğuladılar. Bunun geosiyasi əhəmiyyəti də böyükdür. Çünki Pakistan, faktiki olaraq, Türk Dövlətləri Təşkilatı (TDT) ilə həmsərhəddir. Onun bu təşkilata üzv ola bilməsi də istisna deyildir. Ancaq indi Azərbaycan-Pakistan münasibətlərinin strateji tərəfdaşlıq yolunda ciddi uğurlar əldə etdiyindən birbaşa bəhs edə bilərik. Bu aspektdə də Azərbaycan Prezidentinin Pakistana son səfərinin üzərində geniş dayanmağa ehtiyac görürük.
"Bir qəlbdə döyünən iki ürək"
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar zamanı deyib: "Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir". Yəni Azərbaycanla Pakistan çox yaxın dost, qardaş ölkələrdir və sanki "bir qəlbdə döyünən iki ürək" kimi bir-birinə münasibət göstərirlər.
Diplomatik etiketə görə, bu cür fikirlər yalnız ən yaxın ölkələr haqqında deyilir. Dövlət olaraq bir-biri ilə çox yaxın olanlar vardır. Lakin "bir qəlbdə iki ürək" olmaq dövlət anlamının sərhədini aşaraq artıq ölkə, toplum, xalq kimi məfhumları da əhatə edir. Pakistanın Baş naziri məhz bu üç siyasi anlayışın sintezini ifadə edən həmin fikri işlədib. Burada Pakistan hökumətinin başçısının bir şəxsiyyət olaraq Azərbaycan Prezidentinə olan isti münasibəti də yer alıb. Məhəmməd Şahbaz Şərif görüşdə İlham Əliyevin dövlət başçısı, xalqın lideri və Ali Baş Komandan kimi Pakistanda çox böyük hörmətə və nüfuza malik olduğunu açıq ifadə edib.
Pakistanın Baş naziri Prezident İlham Əliyevi bu cür isti, təntənəli, bütün qəlbinin hərarəti ilə təsadüfən qarşılamadığını açıq ifadə edib. Bir siyasi lider kimi, Məhəmməd Şahbaz Şərif çox ciddi imicə malikdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan-Pakistan münasibətlərinin tarixi qədimlərə gedib çıxır. Azərbaycanlılar bir neçə əsrdir ki, Pakistan və Hindistanda yaşayırlar. Xüsusilə Pakistan dövlətçiliyinin tarixində azərbaycanlılar əhəmiyyətli rol oynayıblar. Bunu tarixi faktlar sübut edir. Yalnız iki faktı xatırlayaq. Birincisi Nadir şahın həmin regiona yürüşləri zamanı minlərlə türkü ora yerləşdirməsidir. Ona qədər də türklər həmin ərazilərdə yaşayırdılar. Deməli, Azərbaycan və Pakistan iki müstəqil dövlət kimi həqiqi mənada qardaşdırlar. İkinci fakt – Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin pakistanlıların ağır günlərində onlara yardım əlini uzatmasıdır.
Bunlar indiki mərhələdə iki dost və qardaş dövlətin bir-birini bütün səviyyələrdə dəstəkləməsinin tarixi və siyasi-mənəvi əsasıdır. Buna görədir ki, yalnız Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bir-birinə müraciətdə səmimiyyətlə işlətdikləri "əziz qardaşım" ifadəsini Pakistanın Baş naziri də eyni səmimiyyətlə "mənim əziz qardaşım Prezident Əliyev" kimi təkrar edir! Və ardınca, bu cür müraciətinin əsaslı olduğunu təsdiq edən fikirlər bildirir. Məhəmməd Şahbaz Şərif deyir: " ... Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir".
Pakistanın Baş naziri bu münasibətlərin tarixini də qısa izah edir. Məhəmməd Şahbaz Şərif ifadə edir ki, " ... Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir ... ". Məhəmməd Şahbaz Şərifin iki dövlətin münasibətlərini bu səviyyədə fundamental prinsiplərlə xarakterizə etməsi reallığa tam uyğundur. "Bir millət, iki dövlət" dahiyanə kəlamına Pakistan kimi reaksiya verən ikinci dövlət yoxdur. Pakistanlı qardaşlarımız bizdən umurlar ki, "niyə iki dövlət deyirsiniz", "biz bir millət, üç dövlətik"! Əlbəttə, bu qardaşyana ərkdə iki məqam var: birincisi, pakistanlılar Ulu Öndər Heydər Əliyevi öz liderləri kimi qiymətləndirir, ikincisi, bu tezisə ürəkdən inandıqlarını, ona səs verdiklərini və Azərbaycanla Türkiyə qardaşlığına Pakistanın da qoşulduğunu ifadə edirlər!
Etiraf etmək lazımdır ki, əslində, hörmətli Baş nazirin vurğuladığı bir məqamın fonunda Azərbaycan-Pakistan münasibətlərinin anatomiyası yaxşı ifadə olunub.
Azərbaycan-Pakistan: dostluq və qardaşlıq münasibətlərinin gücü
Məhəmməd Şahbaz Şərif fikirlərinə davam edərək bildirib: "Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür".
Deməli, iki ölkə arasındakı münasibətlərin tarixi və səmimiliyi bu gün müxtəlif siyasi və diplomatik səviyyələrdə qarşılıqlı sıx dəstəklə daha konkret məzmun kəsb edir. Bu halda deyə bilərik ki, Azərbaycan-Pakistan münasibətləri tarixi qaynaqlarla yanaşı, indiki mərhələdə realpolitik çərçivəsində praktiki dəstəklə də inkişaf etdirilir. Bu xüsusiyyəti Pakistan xalqı Azərbaycanın Cəmmu və Kəşmir məsələsində hər zaman İslamabadı dəstəkləməsində və Pakistanın da Qarabağ məsələsində Türkiyə ilə birlikdə Azərbaycana ciddi siyasi və mənəvi dəstək verməsində öz ifadəsini tapıb.

Pakistan indiyə qədər Ermənistanla diplomatik əlaqəsi olmayan dörd ölkədən biridir. İslamabad Azərbaycanın mövqeyini hər zaman açıq şəkildə müdafiə edib – vaxtilə Qarabağın işğal edilməsi faktını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Baş nazir Məhəmməd Şahbaz Şərif bildirib ki, "Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib".
Bu cür gerçəklik Azərbaycan Prezidenti İlham Əliyevin də Pakistanın Baş nazirinə müraciətində aydın duyulmaqdadır. İlham Əliyev "əziz qardaşım Baş nazir" cümləsi ilə nitqinə başlayıb. Sonra fikirlərinə davam edərək bəyan edib: " ... Siz tamamilə haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq ... ".
Azərbaycanın dövlət başçısı fikirlərinin sübutu kimi konkret faktlar gətirib. İlham Əliyev ifadə edib: " ... Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik ... ".
Bunlar aydın göstərir ki, Azərbaycan və Pakistan dövlət və xalq olaraq bir-birilərinə ən yüksək səviyyədə dəstək verirlər. Azərbaycan Prezidentinin Pakistana səfəri zamanı böyük isti münasibətlə qarşılanması, hətta səmada Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiət etməsi və Baş nazirlə Pakistanın inkişaf ilə bağlı səmimi fikir mübadiləsinin aparılması gerçək vəziyyəti adekvat əks etdirir. Buna görədir ki, İslamabadda Azərbaycanla Pakistan arasında əlaqələrin möhkəmləndirilməsinə dair mühüm sənədlər, o cümlədən iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramının mübadiləsi olub.
"İslamabadı Bakıya oxşadaq"
Pakistanın Baş naziri İslamabadda bizim üçün çox xoş və qürurverici olan bu fikri ifadə edib! Məhəmməd Şahbaz Şərif bu fikri sözgəlişi demir. Konkret plan və razılaşma əsasında söyləyir. Məsələ ondan ibarətdir ki, Pakistan nüvə dövlətidir, böyük iqtisadi, hərbi və demoqrafik potensialı vardır. Və bu keyfiyyətdə Bakını inkişaf və gözəllik aspektlərində öz paytaxtı üçün nümunə kimi görür. Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edir ki, Pakistan şəhər quruculuğunu İstanbuldan nümunə kimi götürürdü, indi isə Bakıdan nümunə götürür.
Pakistan Azərbaycanla münasibətlərə geniş aspektdə yanaşır. Baş nazir deyir ki, " … təkrarlamaq istərdim ki, Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq ... ". Rəsmi İslamabad Prezident İlham Əliyevin səfərinin strateji mahiyyətə malik olduğunu ifadə edir. Ümid edir ki, bu səfərdən sonra iki dövlət arasında əlaqələr daha da yüksələcək. Azərbaycan Prezidenti çıxışında bu tezisin doğruluğunu təsdiq edib.
İlham Əliyev əldə edilən razılaşmaların kökünün əsrlərlə əvvələ təsadüf etdiyini deyib: "Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır". Və " ... bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq".
Bu səbəbdən Azərbaycan Prezidenti iki ölkə arasında əməkdaşlığın, demək olar ki, bütün sahələrini əhatə edən sənədlərin imzalanmasını təbii qəbul edir, onların reallaşdırılması üçün lazım olan bütün şəraitin yaradılacağını bəyan edir. İki ölkə ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələr üzrə praktiki əməkdaşlığın elementlərinə qədəm qoyur.
Bütün bunların ən dolğun ifadəsini də Prezident İlham Əliyev İslamabadda mətbuata bəyanatının yekununda deyib. Azərbaycan Prezidenti ifadə edib: "Qardaşlığa görə sağ olun, qardaşım"!