Özbəkistanda ilk AES-in tikintisinə start verildi


Rusiyanın dövlət nüvə enerjisi korporasiyası Rosatom-un Özbəkistanın Cizzax vilayətində inşa edəcəyi atom elektrik stansiyasının tikintisinə rəsmi start verilib.

Turkustan.az xəbər verir ki, mərasim çərçivəsində stansiyanın tərkibində tikiləcək kiçik modul reaktor blokunun təməl platforması üçün ilk beton tökülüb.

Tədbir Özbəkistandakı tikinti sahəsi ilə Rusiyanın Sankt-Peterburq şəhəri arasında yaradılan canlı bağlantı vasitəsilə keçirilib. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videobağlantı ilə iştirak edərək nüvə enerjisi kompleksinin ilk enerji blokunun tikintisinə başlanmasını təsdiqləyiblər.

Mərasimin açılış nitqini isə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi səsləndirib.

Layihə Özbəkistanın nüvə enerjisi sahəsində ilk böyük addımlarından biri hesab olunur və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət etməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ