Son vaxtlar aktual mövzulardan biri də daşınmaz əmlakın sığortası ilə bağlıdır.
Belə ki, hazırda evlərin sığortası sistemi mövcud olsa da bu sistemdən istifadə edənlərin sayı o qədər də çox deyil. Hazırda Azərbaycanda daşınmaz əmlakların cəmi 8-10%-i sığortalanıb ki, bu da kifayət qədər aşağı göstərici hesab olunur.
Sığorta ilə bağlı rəqəmlərin bu qədər aşağı olması müxtəlif amillərlə izah edilir. Belə ki, burada sığorta qiymətlərinin yüksək olduğu, sığorta zamanı evin “kupça”sının tələb olunması kimi amillər göstərilir.
Vətəndaşlar, xüsusilə bölgələrdə yaşayanlar sığorta ödənişi rəqəminin yüksək hesab edir, məsələn, 15-20 manat olmasının daha məqsəduyğun olduğunu bildirirlər.
Eyni zamanda, qeyd edək edək ki, ölkədə 500 minə yaxın evin “kupça”sı yoxdur və bu da həmin evlərin sığortasının olmadığını göstərir. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Milli Məclisin bugünki iclasındakı çıxışında daşınmaz əmlakın sığortası ilə bağlı məsələyə toxunub:
“Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir.
Hər dəfə həmin ailələrə eyni sualı verirəm ki, əmlak sığortanız varmı? Cavab isə demək olar ki, həmişə “yox” cavabı olur”. Ən düşündürücü məqam isə odur ki, bu sığortanın illik məbləği cəmi 40-50 manat civarındadır.
Yəni bir ailənin bir illik təhlükəsizliyi çox kiçik bir məbləğlə təmin oluna bilərdi. Amma nəticədə insanlar bütün əmlakını itirir, sonra isə dövlətin və cəmiyyətin üzərinə əlavə yük düşür. Bu vəziyyət göstərir ki, burada təkcə vətəndaş məsuliyyəti deyil, həm də sistemli yanaşma çatışmır”.
Deputat hesab edir ki, əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir:
“Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik”.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı hansı addımlar bu sahədə irəliləyişə imkan yarada bilər?
Məsələ ilə bağlı sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov “Cebheinfo.az”-a bildirib ki, hazırda bölgələrdə əmlak sığortasının qiyməti 30 manat, Bakıda 50 manat, Sumqayıt, Naxçıvanda 40 manat təşkil edir:
“Sadəcə olaraq bölgələrin əksəriyyətində evlərin sənədləri qaydasında deyil. Digər tərəfdən, insanların sığortaya marağı və inamı yoxdur. Ona görə də sığortalı evlərin sayı azdır. Məsələn, Bakıda mənzillərin heç 20 faizi sığortalı deyil. Heç kəs 30, yaxud 50 manatı ödəmək fikrində deyil.
Sadəcə olaraq insanlar həm inamsızdırlar, həm də düşünürlər ki, mənim evimə, avtomobilimə heç nə olmaz, sağlamlığım da qaydasındadır. Sığorta sahəsində Azərbaycan dünyada ən sonuncu yerdə qərarlaşan ölkələrindən biridir. Sığortaya inamsızlıq isə onunla bağlıdır ki, bizim mentalitemiz belədir”.
Sığorta zamanı evin “kupça”sının əsas götürülməsinə gəldikdə isə sistem elə qurulub ki, mütləq qaydada evin çıxarışının nömrəsi sistemdə göstərilməlidir:
“Çünki axtarış verdikdə reyestrdən əmlakın mövcudluğu barədə məlumat gəlir. Olmayan bir əmlakı necə sığortalamaq olar? Bu qeyri-mümkündür. 2019-cu ildə belə bir məlumat yayıldı ki, daşınmaz əmlakı sığorta etdirməyənlər cərimə olunacaq. Həmin il Bakıdakı evlərin 90 faizi cərimə olunmamaq üçün sığortaladılar.
Bizdə ancaq cərimə qorxusuna görə bunu edirlər. Sonra məlum oldu ki, bu cərimə mexanizmi hələ hazır deyil. Ondan sonra heç kim sığortalatmadı. Hətta bəzi vətəndaşlar cərimə tətbiq edilmədiyi halda evi sığortalatdıqları üçün etiraz etdilər.
Cərimə mexanizmi işə düşməsə, heç kim evini sığortalatmayacaq. İndi qiymətlər münasibdir. Yəni bir il üçün 50 manat sığorta müqabilində 25 min manat təminat verir”.