Builki Məhərrəm ayı miladi təqvimlə iyunun 16-dan başlayır. Əvvəlki yazımızda şadlıq saraylarının bu iki ayda işləyib-işləməyəcəklərini öyrənmişdik. İndi isə keçək toy sənayemizin əsas "mühərrikləri" olan müğənnilərə.
Modern.az saytı onlara sadə bir sual ünvanlayıb: "Məhərrəmlikdə toy sifarişi olsa, gedərsiniz?"
Aldığımız cavablar xeyli təəccüblüdür. Elə bil iyunun 16-sı gələn kimi şou-biznes əhli ya kollektiv şəkildə xəstələnir, ya da "gəzməyə qərib ölkə" deyib ölkədən gedir.
Xalq artisti Eyyub Yaqubovun köməkçisi bildirdi ki, müğənni dinimizin bütün vacib əməllərini yerinə yetirir və məhərrəmlikdə heç bir el şənliyinə getmir. Qısa və konkret.
Amma digər sənətçilərimizdə vəziyyət bir az fərqlidir. Məsələn, Manaf Ağayev hər ilin bu vaxtlarında üzünü sanatoriyalara tuturmuş. Sənətçi dəqiq cavab vermək əvəzinə, məsələyə bir az strateji yanaşdı: "Yox, mən məhərrəmlikdə ancaq sanatoriyaya gedirəm, buralarda olmuram". Görünür, Məhərrəm ayının gəlişi şou-biznesdə həm də "sağlamlıq ayı" kimi qeyd olunur.
Aysun İsmayılovanın köməkçisi də dərhal bildirdi ki, müğənni əvvəldən planlaşdırdığı tətildə olacaq. "Bəs təklif gəlsə?" sualını isə cavabsız qoydu.
Aysunun anası Rəqsanə İsmayılova isə ümumiyyətlə zənglərimizə cavab vermədi.
Siyahımıza toy və şənliklərin, xüsusilə də xınayaxdıların axtarılan siması olan Nazilə Səfərlini də daxil etmişik. Məsələyə dramatik, amma bir o qədər də dürüst yanaşan Nazilə xanım əvvəlcə iki aylıq səfərə və istirahətə çıxacağını desə də, söhbət "yaxşı qazanclı təklifə" gələndə məsələnin digər tərəfini açıqladı:
"Atam rəhmətə gedəndən 8 gün sonra toya çıxmışam. 7-ci günü özüm toy sahibinə zəng vurdum ki, narahat olmayın, toyunuzu başsız qoymayacağam. Dövlət belə yası olana 4 gün icazə verir. Bir az ağılla düşünək. Siz ona toya getmək deyirsiniz, biz işə getmək deyirik. Biz dülgər, bənna və ya dərzi olsaq, işə getməyəcəkdik? Həkimin atası ölüb, meyit ortadadır, amma xəstəxanaya təcili xəstə gəlib. Getməsin?"
Nazilə Səfərli toydakı mikrofonu həkimin skalpeli ilə eyniləşdirdi. Sonda isə "mən dindar deyiləm, Allahımı, Quranımı tanıyıram. Əgər Məhərrəm ayında şənliyə getməmək qanundursa, şənlik edəni cəzalandırsınlar" deyərək söhbətə nöqtə qoydu.
Ən maraqlı hekayə isə Kəmalə Günəşlinin komandası ilə yaşandı. İlk olaraq müğənninin Instagram hesabındakı nömrə ilə əlaqə saxladıq. Köməkçi xanım əvvəlcə bu mövzu barədə danışmaq istəməsə də, daha sonra "məhərrəmlikdə ümumiyyətlə toy olmur" deyib, ardınca da "hələ ki təklif gəlməyib" söyləməklə ziddiyyətli açıqlama verdi.
Biz də bu çaşqınlığı aradan qaldırmaq üçün "bəs iyunun 20-də, yəni Məhərrəm ayının 5-ci günü rayonların birinə toya çağırmaq istəsək, 1 saatı neçəyə olar?" - deyə soruşduq. Elə həmin anda köməkçinin "toy olmur" iddiasının qəfil yox olması azmış kimi, üstəlik "1 saat üçün 3 min manat" qiymətini oxudu.
Daha sonra müğənninin media işlərinə baxan Nigar xanımla danışdıq. O, qiyməti bir az da qaldırıb 4 min manat istədi:
"Amma biz məhərrəmlikdə toya getmirik, lakin şou-proqramlarda iştirak edirik" deyib dəstəyi asdı.
Kəmalə Günəşlinin köməkçisinin açıqlamasından belə anlaşıldı ki, məhərrəmlikdə toyda oxumaq günahdır, amma eyni mahnını restorandakı şou-proqramda oxumaq problem yaratmır.
Əməkdar artist Elnarə Abdullayeva isə mövzuya tamamilə fərqli rakursdan yanaşdı. Şou-proqramlara ümumiyyətlə getmədiyini deyən xanəndə, toy məsələsinə "yaşıl işıq" yandırdı:
"Məhərrəmlikdə toy olar heç? Toy varsa, lap yaxşı, Allah mübarək eləsin. Çağırmayıblar, amma çağırsalar, fikirləşərəm".
Sualımızı eşidən kimi bizdən üz döndərən, "mən sorğularda iştirak etmirəm" deyib sədd çəkən və danışmaq istəməyən Murad Arifi də başa düşmək olar. Nə də olmasa, çətin sualdır, cavab versən bir dərd, verməsən başqa dərd.
Günün sonunda hər kəs öz qazancının arxasınca gedir, onlar da evlərinə çörək aparırlar. Məsələyə nə qədər həssas yanaşsaq da, gəlin onları da anlamağa çalışaq. Gərək bu yazıya görə onlar da bizə əsəbləşməsinlər. Nəticədə biz də çörəyimizi qazanırıq.