Böyük Britaniyada Leyboristlər Partiyasının lideri vəzifəsi uğrunda mümkün mübarizədə Baş nazir Keyr Starmerin əsas rəqiblərindən hesab olunan Böyük Mançester meri Endi Börnhem ilk dəfə olaraq liderlik yarışında iştirak edə biləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Börnhem bildirib ki, iyunun 18-də keçiriləcək Makerfild seçkilərində qalib gələcəyi təqdirdə, Leyboristlər Partiyasında baş tuta biləcək istənilən liderlik yarışına qatılmağı nəzərdən keçirəcək.
Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, partiya rəhbərliyi və baş nazir postu uğrunda mübarizəyə qoşulmağa hazır olacaq.
Börnhem bu fikirləri BBC-nin “Question Time” proqramının xüsusi buraxılışında, seçki dairəsində digər namizədlərlə birlikdə çıxışı zamanı səsləndirib.
“Düşünürəm ki, Ves Stritinq artıq liderlik yarışına start verib. Əgər belə bir yarış baş tutarsa, mən də iştirak etməyə çalışacağam. Komandama bu məsələyə ciddi yanaşmağı və siyasət proqramı üzərində işləməyi tapşırmışam”, – deyə Börnhem bildirib.
Qeyd edək ki, Endi Börnhem uzun müddətdir Leyboristlər Partiyasının gələcək liderliyinə potensial namizədlərdən biri kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az