“Şeyx Nəsrullah Əsarəti” Atanın məşhur fəlsəfi-tənqidi əsərlərindəndir, Cəlil Məmmədquluzadənin “Ölülər”i üstə yazılmış qüdrətli əsərdir. Əsər Ataya xas yüksək təblə, vəcdlə yazılıb. Əsərin birinci bölümü “Şeyx Nəsrullahın peyda olması” adlanır. Burada Ata “Şeyx Nəsrullah sindromu”nun yaranması səbəblərini açır, fikirlərini son dərəcə aydın ifadə edir, oxucuya onun nə demək istədiyi gözəl çatır. Bu bölümdə Ata “Uzaqlıq mifi”nin mahiyyətsizliyini açır: “İnsan özünü itirəndə – Şeyx Nəsrullah peyda olur”. “Özgələşmə” bölümündə qorxunun yaratdığı özgələşmənin mahiyyəti üzə çıxarılır: “Ölülər aləmində düşünən yoxdur”. “Eyniləşmə” bölümündə Ata “dirilərin ölü eyniyyəti”nin nədən ibarət olduğunu təhlil edir. “Kütləvi psixoz” bölümündə Şeyx Nəsrullahın qorxu ilə hər şeyə nail olmaq istəyini gerçəkləşdirən amillər araşdırılır. “Şeyx Nəsrullah aktyorluğu”nda onun bu keyfiyyətinin insansız mühitdə imkan tapa bildiyi vurğulanır.
“Kütləvi Günah”: burada eyniləşən dünyada mütilərin qorxaqlığından doğan rəzillik, ikiüzlülük əsərdəki örnəklərlə təqdim olunur. “İsgəndər təkliyi”ndə İsgəndərin diriliyinin, habelə faciəviliyinin səbəbləri göstərilir. “Ölməzlik” adlanan sonuncu bölümdə Ata bu qənaətə gəlir: “Bəşəriyyət özünü tam dərk etməyincə, özünə tam inanmayınca, özünə tam qayıtmayınca Şeyx Nəsrullahlar ölməzdir!”
İŞIQLI ATALI
*** *** ***
1. Şeyx Nəsrullahın peyda olması
Şeyx Nəsrullah dünyaya erkən gəlmişdir. Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Adilərin, “balacaların” qeyri-adi, ilahi qüvvələrə inamı. “Taleyin öz əlində deyil, fözqəlbəşər qüvvənin əlindədir” – kəlamı.
“Sən adi həyata məhkumsan, düşüncənin keçilməz sərhədi var. Bütün arzuların, niyyətlərin həmin sərhəddə qurtarır. Onun arxasında isə sirli, möcüzəli aləm başlayır. Bu aləmdə hər şey mümkündür. Ölü diriltmək belə”.
İki aləm. İnsanların özləri və təsəvvürlərində, təxəyyüllərində bəslədikləri sonsuz qüdrət! İnsanın özünə inamı itdiyi zaman yaranan inam. İki ölçü. Məmmədhəsənlərin, Novruzəlilərin bəsit fəaliyyəti və Şeyx Nəsrullahların möcüzələri. Birinci aləmdə insan öz ulağını qorumağa acizdir, ikincisində ölü dirildirlər. İnsan özüylə müxtəlif tərzdə vidalaşır. Bəzən bu vida öz inamını başqasına bəxş etməklə nəticələnir. Həmin bəxşiş təxəyyüldə ilahi məna kəsb edir və insan onun bəxşiş olduğunu unudur. O, qorxunc bir qüvvəyə çevrilir və insanı sarsıdır. “Mən hər şeyə qadirəm!” inamı özgələşdikdə “Mən heç nəyə qadir deyiləm” – fəlakətinə çevrilir. Özündən ayırdığın, şüurunda ülviləşdirdiyin qüvvə hər şeyə qadirdir. O, hər şeyə qadir olduğu üçün sən heç şeyə qadir deyilsən! İndi sən özünə yalnız kiçik işlərdə lazımsan, böyük işlərdə yox. Səninlə yanaşı yaşayan İsgəndər kimilərinə şübhən nə qədər çoxdursa, sehrkarlara inamın bir o qədər sonsuzdur.
Dəbdəbə, təmtəraq, şöhrət, ad-san xəyalında müqəddəsləşib. Onların insani keyfiyyət olduğunu belə unutmusan. Dünyaya onların gözüylə baxırsan. Dünya gözündə Nəsrullahlaşır.
Bir dünyada iki dünya yaradırsan. Şeyxlərin sehrli dünyası və özünün sönük dünyan. Əlini möcüzəli dünyaya uzadırsan, gözünü ora dikirsən. Yaxşını görmürsən. Ümidini uzaqlara bağlayırsan. Uzaqlardan nicat gözləyirsən. Yaxın sənin üçün bəsitdir. Kefli İsgəndərdir. Uzaq – Şeyx Nəsrullahdır!
Onun sədası İsfahandan, Xorasandan gəlir. Bəlkə də o, səninlə bir yerdə yaşasaydı, böyüklüyünü təsdiq etməzdin! Şeyx Nəsrullahı böyük edən sirli məktub, sənin intizarın, onun fars dilində, yüksək üslubda danışmasıdır. Bunsuz o, öz ülviliyini itirərdi. Sən ona aşağıdan yuxarı, zirvəyə baxan kimi baxmazdın. Təxəyyülün üfüqləri daralardı.
Sən Şeyx Nəsrullah dənizində damla olub itməzdin. Əgər Şeyx Nəsrullah hazırladığın aşı yesəydi, “gündə bir xurma ilə dolanmasaydı”, səninlə anlaşıqlı dildə danışsaydı, onda o, qeyri-adilik normalarına cavab verməzdi, səni ehtizaza gətirməzdi. Onda o, sənə bənzəyərdi. Bu isə böyüklük təsəvvürünə uyğun gəlmir. Şeyx – başqa dünyadır. O, hər şeyə qadir olduğu üçün hər cəhətdən tamam başqa şəxsdir. Doqquz yaşlı qızları siğə etmək azarı da Şeyxə qəbahət sayılmaz. Çünki Şeyx Nəsrullah ölçüsü – xüsusi ölçüdür. Bu ölçünün qüdrəti – başqa meyarları inkar edir. İnsan özünü itirəndə – Şeyx Nəsrullah peyda olur.
2. Özgələşmə
“Ölülər”də biz İsgəndərdən qeyri düşünən adam görmürük. Həyəcanlanan, hərəkət eləyən, qorxan, ağlayan görürük. Əsərin ilk səhnəsində tövşüyə-tövşüyə Həsən əmini axtaranlarla rastlaşırıq.
Hacı Həsən əmi ləhləyir. Məktub oxunanda da düşünən yoxdur. Ağlayan var.
Ölülər aləmində düşünən yoxdur. Şeyxin hüzurunda titrəyənlər var. Lakin adamlar düşünürlər. Nə haqda?
Anası İsgəndərin dərdini düşünür. Atası Nazlını Nəsrullaha vermək haqqında.
Müəllim Cəlala dərs öyrədir. “Mara çe töhvə avərdi”. “Məlikra on nəsihət sidmənd amənd və əz səri-xuni-u dər güzəşt”. Düşünməyinə düşünürlər. Lakin müəyyən çərçivə daxilində, Şeyx Nəsrullahın ilahi qabiliyyətinə şübhə yaranmır. Düşünürlər, gözübağlının ürək addımları kimi!
Düşünürlər, möcüzə aləmindən uzaq, ocağın alovundan qorxan kimi! Bir dəfə Hacı Həsənin ağlından şübhəyə bənzər bir şey keçir (“Mənim özümün də ağlım çaşıb, heç bilmirəm nə cür dirildəcək”) və tezcə sönür. Möcüzəyə şübhə ilə yanaşmaq günahdır. “Mara çe töhvə avərdi”.
Hazır, əvvəldən verilmiş, dəyişməz, donmuş ehkamlar silsiləsi – yanar zəkanı və şübhəni məhv etmək üçün yaranmışdır. Onun vəzifəsi – insanları “narahatlıq bəlasından” xilas etməkdir. Düşünənlər yoxdur. Deməli, əsil insani mahiyyət də yoxdur. Düşünmək üçün doğulanlar öz düşünmək səlahiyyətlərini Şeyx Nəsrullaha vermişlər. Özgələşmişlər.
3. Eyniləşmə
Ölülər dünyasında fərdi xüsusiyyətlərə malik insanlar yox dərəcəsindədir (İsgəndər müstəsna olmaqla). Burada canlı fərd, şəxsiyyət kimi Hacı Həsən, Hacı Baxşəli, Hacı Kərim, Məşədi Oruc yoxdur. Hacı Həsənlər, Hacı Baxşəlilər və b. vardır. Burada biz eyniləşən adamlarla qarşılaşırıq. Mühitin bu cəhətini Cəlil dahiyanə bir məharətlə göstərir. Hamı hadisələrə eyni münasibət bəsləyir. Biri ağlayanda – hamı ağlayır. Biri buzov heyrəti ifadə edəndə, hamı ifadə edir: hərəkətlər, hisslər, həyat tərzi, münasibət – eynidir. İnsanlar canlı varlıqdan daha çox – mexanizmə bənzəyirlər.
Dirilərin ölü eyniyyəti. Sehrli məktub oxunarkən eyni yerdə hamı ağlayır. Hamı eyni həvəslə Şeyx Nəsrullahı qonaq etmək arzusuna düşür. İsgəndərə qarşı münasibət eynidir. Şeyxə siğə olunmaq istəyənlər dəstəbədəstədir. Şeyx Nəsrullah və başqaları təzadında ikincilər bir-birinə calanıb, tam vəhdət təşkil ediblər. Şeyx Nəsrullah və başqaları əvəzinə – Şeyx Nəsrullah və başqası demək daha münasibdir. Hacı Həsənin “fərdi cəhəti” ondan ibarətdir ki, Nazlı adında qızı və İsgəndər adında oğlu var. Nazlı İsgəndəri çox sevir, çünki qardaşıdır və bəzən maraqlı söhbətlər edir. Hacı Həsəni Hacı Baxşəli ilə, Hacı Baxşəlini Hacı Kərimlə, Hacı Kərimi Məşədi Orucla, Məşədi Orucu Hacı Kazımla dəyişdir – heç nə itirməzsən! Onlar hamısı eyni tərzdə Şeyxin amiranə nidası altında ayağa qalxır, oturur, eyni bir cılızlıqla “Onu yazma!” – deyib fəryad qoparır, gah sürü ehtirasıyla ona tərəf şığıyır, gah geri çəkilir! Total eyniləşmənin ümumi ahəngini İsgəndərdən başqa pozan yoxdur. “Ölülər” aləminin ziyalıları – teleqraf işçisi Heydər ağa və dilmanc Əlibəy həmin ahənglə gözəl qovuşurlar. Onların “Şeyx Nəsrullah alimliyinə” feyziyablığı, “malades” etirafı ümumi harmoniyaya uyuşur. Çox cüzi mənada Hacılardan fərqlənən “intelligentlər” birincilər tərəfindən sevilir. Çünki fərq zahiridir, keçicidir, ümumi cəhət – əsaslıdır, dərindir, köklüdür. Həmin “ziyalılar” eyniləşən dünyanın yeni libasda təcəssümüdür. Onlar öz mövcudluğuyla ölülərin diri olduğunu sübut etmək istəyirlər. Ona görə sevilirlər. Həmin “intelligentlər” ölülərdən biridir. Eyni zamanda onlar ölülüyün rahatlılığını, “ağız ləzzətini” duyurlar. “Ziyalıların” həyat idealı ölülərin məzar sükutunu pozmur, çünki Heydər ağalar həmin sükuta qovuşmuşlar. Ölülər mühitinə qarışırkən onlar heç nə itirmirlər. Çünki itiriləsi bir şey yoxdur. Yeni şapka – köhnə papaqlar üşün elə bir təhlükə deyil. Başına nə qoyursan, qoy. Təki diri olma. Təki hamı kimi ol. Fərqlənmə. Əlibəylər həm də ölü mühitinin özünü təsdiq, özündən razılıq timsalıdır. Ölülər öz ziyalısına baxır, onda özünü görür və rahat yaşayır. Ziyalı rahat. Camaat rahat. Eyniləşmiş sürü rahatlığı!
4. Kütləvi psixoz
Mahir hipnozçu olan Şeyx Nəsrullahın səyi bir məqsədə yönəldilib: adamların sürü instinktini alovlandırmaq, fikir qığılcımını söndürmək, möcüzəli aləm ilə real ölülər aləmi arasındakı məsafəni sonsuzlaşdırmaq və Hacıları instinkt əsarətində saxlamaq. Bu instinktlərin birincisi və başlıcası qorxudur. Şeyx ölülər dünyasına daxil olandan onu tərk eləyənə qədər insanları qorxudur.
Onun kamil hipnozçu arsenalında qorxuya salmaq üsulu əsas rol oynayır.
Ölülərlə ilk görüşdə biz Şeyx Nəsrullahın sərt nəriltisini eşidirik: “Necə təam? Necə cücə-pov?.. Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!”
Təbiidir ki, tarap-turupla, at kişnəməsilə, qiylü-qalla şəhərə daxil olan və “sehrli” məktub vasitəsilə təsəvvürlərdə ilahiləşən Şeyxin ilk hədə-qorxusu camaatı titrədir. Bunu duyan usta hipnozçu gərginlyi saxlamaq üçün təkrarən hiddətlənir, qəzəbi sel tək aşır: “Bu nədir, vələdüzzina? Nə uymusunuz bu dünyaya?” Şeyx gözəl bilir ki, ilk hücumdan sonra adamlar onun quluna çevriliblər. Anlayır ki, ölülərin əbədi bir instinktinə toxunmuşdur.
Vurduğu zərbələrin ağırlığını hiss eləyir. Bilir ki, qorxu hissi bircə an da sönməməlidir, sönsə, ayrı instinktlər, məsələn, insan ləyaqəti duyğusu baş qaldırar. Şeyx Nəsrullahın bütün hərəkətləru düşünülmüş hərəkətlərdir. Onun ölülərdən dilədiyi pay – müdhiş paydır. Hər gecə bir qız uşağı siğə etmək arzusunu normal mənəvi vəziyyətdə həyata keçirmək mümkün deyil! Bunun üçün camaatı qorxu kabusunun pəncəsinə atmaq lazımdır. Ölünün dirilməsinə də şübhə etmək asandır. Bu, ağlabatan şey deyil. Deməli, ağlı söndürmək gərəkdir. Qorxu bu işdə çox böyük dayaqdır. Deməli, qorxu instinkti daim alışmalıdır. Şeyx Nəsrullah hayqırır: “Kimdir deyən ki, ölülər dəxi bu dünyaya qayıtmayacaqlar?” “Kimdir bunu danan? Qoy münkirlər gəlsin bərabərimə, bu kitab ilə onların cavabını verim”… “Sevgi məcəralarında” da Şeyxin əsaslandığı başlıca qüvvə – qorxudur: “O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsən qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzək aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə”. Qorxu instinktinin qeyri-adi qüdrətinə Şeyx təsadüfən inanmamışdır. O, gözəl anlayır ki, özgələşən və eyniləşən mühitdə qorxu düşüncəni əvəz eləyir. Özgələşən aləmdə insan özü yaratdığı möcüzə aləminə qorxu bəsləyir. Eyniləşən aləmdə bu qorxu ənənəyə çevrilmiş, atalar qorxunu balalarına miras qoyub getmişlər. Qeyri-şüurluluq hökm sürən bir yerdə qorxu – ünsiyyət vasitəsi olmuşdur. Şeyx Nəsrullahın qəzəbli nitqləri ölüləri daha da eyniləşdirir. Şeyx yaxşı anlayır ki, Hacı Həsənlərin xəmiri qorxudan yoğrulub. Allahdan, peyğəmbərdən, inkir-minkirdən, müəllimdən qorxan – Şeyx Nəsrullahdan da qorxmalıdır.
(1973)
(Ardı var)